Allahverdi Orucov — Azərbaycan Texniki Universitetinin "Elektromexanika və elektrik avadanlığı" kafedrasının professoru, Azərbaycan Texniki Universitetində keçmiş I prorektoru.[1]
Allahverdi Orucov | |
---|---|
dekabr 1993 – yanvar 2000 | |
Rektor | Rafiq Mehdiyev |
yanvar 1993 – oktyabr 1993 | |
noyabr 1992 – oktyabr 1993 | |
Rektor | Əli Sadıxov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 avqust 1944 (80 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | professor |
20 avqust 1944-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. 1961-ci ildə orta məktəbi bitirərək Bakı Neft Texnikumuna daxil olub. 1964-cü ildə texnikumu fərqlənmə diplomu ilə qurtarıb. Həmin il Azərbaycan Politexnik Institutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olunub. 1969-cu ildə təhsilini başa vuraraq 1971-ci ilə qədər Mingəçevirdəki "Azərkabel" zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb. 1971-ci ilin oktyabrında Azərbaycan Politexnik Institutuna müəllim kimi işə dəvət olunub və "Ümumi elektrotexnika" kafedrasında assistent kimi fəaliyyətə başlayıb. 1972-ci ilin yanvarında Moskva Energetika Institutunun əyani aspiranturasına qəbul edilib. 1975-ci ildə aspiranturanı uğurla bitirərək və elmi işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Aspiranturanı bitirdikdən sonra yenidən Azərbaycan Politexnik Institutuna qayıdıb[1].
Əvvəlcə "Ümumi elektrotexnika", sonra isə "Elektrik izolyasiyası və kabel texnikası" kafedrasında assistent, baş müəllim və dosent vəzifəsində çalışıb. 1992-ci ilin noyabr ayında Azərbaycan Texniki Universitetində I prorektor vəzifəsinə təyin edilib. 1993-cü ilin yanvarından həmin ilin oktyabrına kimi universitetin rektor əvəzi vəzifəsini yerinə yetirib. 1993-cü ilin dekabrından 2000-ci ilin yanvarına qədər tədris işləri üzrə prorektor vəzifəsində çalışıb[1]. Bu müddət ərzində Azərbaycan Respublikasının təhsil sistemində çoxpilləli təhsilin həyata keçirilməsində yaxından iştirak edib. Respublikanın ali məktəblərində çoxpilləli təhsilin tətbiqi ilə bağlı dövlət standartlarını hazırlayan işçi qrupunun sədri olub. Bu qrupun sədri olduğu müddətdə ali məktəblər üçün ali peşə istiqamətlərinin siyahısının, baza tədris proqramlarının, tədris planlarının və fənn proqramlarının işlənib hazırlanmasında bilavasitə iştirak edib. O, pedaqoji fəaliyyətlə yanaşı elmi axtarışlarını da davam etdirib.
Keçmiş SSRİ-də ilk dəfə olaraq 110 kV və daha yüksək gərginlikli plastik kütlə izolyasiyalı kabellərin layihəsi və istehsal texnologiyasının hazırlanması onun elmi işinin mövzusu olmuşdur. Bu elmi işin nəticələri 1980-ci illərin əvvəllərində Moskva və Perm şəhərlərindəki kabel zavodlarında yüksək gərginlikli kabellərin istehsal texnologiyasında tətbiq edilmişdir. Geofiziki kəşfiyyat işlərində istifadə edilən (Xəzər dənizində) yeni kabeli də ilk dəfə o layihələndirib və tətbiqinə nail olub. Bununla yanaşı xüsusi xassəli kompozisiya materiallarının alınması və tətbiqi sahəsində uğurlu elmi nəticələr əldə edib. Bunlara misal olaraq plastik kütlə izolyasiyası, kabellər üçün yüksək keyfiyyətli izolyasiya materiallarının, radiotexnika sənayesi üçün istiliyə davamlı dielektrikləri, fotolüminesensiya və antistatika xassələrinə malik polietilen əsaslı pərdələri, yüksək keyfiyyətli xassələri idarə olunan dielektrikləri və s. göstərmək olar. İstehsalata tətbiq edilən bu elmi nəticələr həm elektrofiziki xassələrinə, həm də iqtisadi səmərəsinə görə böyük uğur qazanıb[1].
Allahverdi Orucov 1997-ci ildən 2003-cü ilə qədər "Elektrik izolyasiyası və kabel texnikası" kafedrasının müdiri vəzifəsində işləyib. Hazırda "Elektromexanika və elektrik avadanlığı" kafedrasının professorudur. 2 monoqrafiyanın, ali məktəb tələbələri üçün 7 dərsliyin, 5 dərs vəsaitinin və xeyli metodik göstərişin müəllifidir. Elmi-tədqiqat işlərinin nəticəsi olaraq 150-dən çox elmi məqaləsi elmi-texniki jurnallarda dərc olunub. Çoxsaylı elmi konfranslarda məruzələrlə çıxış edib. Yeni polimer materialların alınmasına dair 3 ixtiranın müəllifi, 2 ixtiranın həmmüəllifidir. 1 fəlsəfə doktorunun, 10-dan çox magistr dissertasiyasının rəhbəri olub. O, Azərbaycanın müstəqilliyi uğrunda gedən demokratik hərəkatın fəal iştirakçılarından biridir.
Ailəlidir, bir oğlu, bir qızı, dörd nəvəsi var[1].
Şair, yazıçı, jurnalist Kərim Kərimli professor Allahverdi Orucovun həyat və fəaliyyəti ilə bağlı "Şərəfli Ömrün Anları" kitabını yazıb.