Alman səlib yürüşü, həmçinin Reynland qırğınları[1][2] (ivr. גזירות תתנ"ו) — tarixdə Birinci səlib yürüşünün ilk mərhələsi kimi xatırlanır.
Hadisə 1096-cı ildə fransız və alman kəndlilərinin cəngavərlərlə əlbir olub Avropada yəhudi icmalarına qarşı talanlara başlamasına müvafiq olaraq adlandırılmışdır. Tarixdə bu hadisə ilk antisemitizm kütləvi xalq hərəkatı kimi tanınmaqdadır. Bu hərəkat sonrakı əsrlər boyu geniş yayılaraq yekunda Holokostla nəticələnmişdir[3].
Yəhudilər əleyhinə əhval-ruhiyə Avropada yüzilliklərlə mövcud olmuşdur. VII əsrdə katoliklər tərəfindən yəhudilərin kütləvi xristianlaşdırılması, 888-ci ildə Fransanın Meç şəhərində baş vermiş, 1000-ci ildə Miladın minillik yubileyində olan iğtişaşlar, 1066-cı ildə Trir şəhərindən yəhudilərin qovulması kimi hadisələr buna misaldır. Lakin xristian dünyası tarixçiləri tərəfindən bütün bunlar ənənəvi olaraq yəhudi icmasının qanundan kənar, hüquqsuz olması ilə izah edilir.
İspaniyada VIII əsrdə Rekonkista getdiyi bir dövrdə Pireneyə gəlmiş xaçlı cəngavərlər müsəlmanlarla yanaşı, yəhudiləri də qanına qəltan edirdilər. Cəngavər özbaşınalığı elə bir həddə çatmışdı ki, 1063-cü ildə papa II Aleksandr buna — yəhudilərin öldürülməsinə, eləcə də 1007–1012-ci illərdə geniş vüsət almış, yəhudilərin Fransada kral II Robert və Almaniyada II Henrix tərəfindən məcburi xristianlaşdırılmasına qarşı çıxmağa məcbur olmuşdur.
Lakin 1095-ci ildə papa II Urbanın Klermon məbədində etdiyi "Müqəddəs Torpaq" uğrunda nəinki müsəlmanları, eləcə də yəhudiləri qılıncdan keçirmək çağırışlarından sonra ehtiraslar yenidən qızışmağa başlayır.
XI əsrdə islamın böyük bir sürətlə yayılması, müsəlmanların Suriya, Fələstin və Anadoluya hakim olaraq yeni bir dövlət qurması xristian aləminin dini lideri papanı və xristianlığın hamisi hesab edilən Bizans imperatorunu ciddi narahat edirdi. Buna görə həm islamın yayılmasının qarşısını almaq, həm də sosial və iqtisadi cəhətdən böhran keçirən Avropanı bu vəziyyətdən qurtarmaq üçün Vatikan kilsəsi geniş fəaliyyətə başlayır. Bu məqsədlə 1095-ci ildə 18–28 noyabr tarixləri arasında Fransanın Klermon şəhərində Avropanın siyasi və dini başçılarının iştirakı ilə yığıncaq keçirilir. Klermon yığıncağında minlərlə cəngavər, yüksək rütbəli dini şəxslər, sadə camaat iştirak edirdi. Nümayəndələrin çoxluğu səbəbindən yığıncaq şəhər ətrafındakı düzənlikdə keçirilir. Bəzi mənbələrə görə yığıncaqda 200 nəfərdən çox yepiskop və 400 abbat iştirak edirdi. Klermon yığıncağı barədə əsasən Fulxeriyen Şartrski, Nojanlı Qvibertom kimi səlnaməçilərinin əsərlərində məlumat verilir. Yığıncaqda Papa II Urban çıxış edir və xristianları Aralıq dənizi sahillərinə qədər gəlib çatmış türklərə qarşı mübarizəyə çağırır. Xronist Reymsli Robertin "Yerusəlim tarixi" əsərində deyilir;
”Frank xalqı: Mən sizə çatdırmaq istəyirəm ki, məni sizin məmləkətinizə gəlməyə nə məcbur edib, sizin ehtiyac içində yaşamağınız və sədaqətiniz. Yerusəlim məmləkətindən və Konstantinopol şəhərindən bizə vacib fərman gəlib. Bizə xəbər çatdırılıb ki, lənətlənmiş, Allaha dönük fars çarlığının xalqı, allaha inanan, sədaqətlə ibadət edən xristianların torpağına hücum edərək onları qılıncdan keçirir. Siz bir-birinizlə müharibə aparır, bir-birinizə öldürücü zərbələr vurursunuz. İndi isə qüvvələrinizi birləşdirərək düşmən üzərinə hücum etmək vaxtıdır. Şərqdə insanlar süd və bal gölündə üzürlər. Kim ki, burada yoxsul və bədbəxtdir, orada xoşbəxt və varlı olacaqdır” |
Mənbələrdə verildiyi kimi Papa II Urban çıxışında Həzrəti İsanın doğum yeri olan Qüdsün müsəlmanlar tərəfindən təhqir edildiyini, Qüdsə gedən xristian ziyarətçilərinin zülm və işgəncəyə məruz qaldığını bildirir, bu müqəddəs bölgəni müsəlmanların əsarətindən qurtarmaq üçün bütün xristianları din uğrunda müharibəyə çağırırdı. Bu çagırışa səs verənlər təsdiqləyərək;
”lat. Deus vult — azərb. Tanrı belə istəyir/buyurur” |