II Urban

II Urban (təq. 1035[1]29 iyul 1099[1] və ya 1099[2], Roma, Papa dövləti) — əsil adı Otho de Lagery (ya da: Otto, Odo or Eudes), 12 mart 1088-ci ildən ömrünün sonuna qədər papalıq etmişdir. Papa II Urban və bir çox din adamının rəhbərliyi ilə 1095-ci ildə Klermon (Clermon) konseyi yəni Klermon kilsə məclisi çağrılır və bələliklə Xaç yürüşlərinə çağırış başlıyır, bu çağırışa qoşulan ordular I Xaç yürüşünə başlıyırlar.

II Urban
fr. Urbain II
Doğum tarixi təq. 1035[1]
Vəfat tarixi 29 iyul 1099[1] və ya 1099[2]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti katolik keşişi[d], müəllif
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XI əsrdə İslamiyyətin böyük bir sürətlə yayılması, müsəlmanların Suriya, Fələstin və Anadoluya hakim olaraq yeni bir dövlət qurması xristian aləminin dini lideri papanı və xristianlığın hamisi hesab edilən Bizans imperatorunu ciddi narahat edirdi. Buna görə həm islamın yayılmasının qarşısını almaq, həm də sosial və iqtisadi cəhətdən böhran keçirən Avropanı bu vəziyyətdən qurtarmaq üçün Vatikan kilsəsi geniş fəaliyyətə başlayır. Bu məqsədlə 1095-ci ildə 18 – 28 noyabr tarixləri arasında Fransanın Klermon şəhərində Avropanın siyasi və dini başçılarının iştirakı ilə yığıncaq keçirilir[3].

Klermon yığıncağında minlərlə cəngavər, yüksək rütbəli dini şəxslər, sadə camaat iştirak edirdi. Nümayəndələrin çoxluğu səbəbindən yığıncaq şəhər ətrafındakı düzənlikdə keçirilir. Bəzi mənbələrə görə yığıncaqda 200 nəfərdən çox yepiskop və 400 abbat iştirak edirdi. (3.s.48.) Bəzilərində isə yığıncaqda iştirak edənlərin sayı göstərilmir. Klermon yığıncağı barədə əsasən Fulxeriyen Şartrski, Nojanlı Qvibertom kimi xronistlərin əsərlərində məlumat verilir. Yığıncaqda Papa II Urban çıxış edir və xristianları Aralıq dənizi sahillərinə qədər gəlib çatmış türklərə qarşı mübarizəyə çağırır. Xronist Reymsli Robertin "Yerusəlim tarixi" əsərində deyilir; "Frank xalqı: Mən sizə çatdırmaq istəyirəm ki, məni sizin məmləkətinizə gəlməyə nə məcbur edib, sizin ehtiyac içində yaşamağınız və sədaqətiniz. Yerusəlim məmləkətindən və Konstantinopol şəhərindən bizə vacib fərman gəlib. Bizə xəbər çatdırılıb ki, lənətlənmiş, Allaha dönük fars çarlığının xalqı, allaha inanan, sədaqətlə ibadət edən xristianların torpağına hücum edərək onları qılıncdan keçirir. Siz bir-birinizlə müharibə aparır, bir-birinizə öldürücü zərbələr vurursunuz. İndi isə qüvvələrinizi birləşdirərək düşmən üzərinə hücum etmək vaxtıdır. Şərqdə insanlar süd və bal gölündə üzürlər. Kim ki, burada yoxsul və bədbəxtdir, orada xoşbəxt və varlı olacaqdır"[4].

Mənbələrdə verildiyi kimi Papa II Urban çıxışında Həzrəti İsanın doğum yeri olan Qüdsün müsəlmanlar tərəfindən təhqir edildiyini, Qüdsə gedən xristian ziyarətçilərinin zülm və işgəncəyə məruz qaldığını bildirir, bu müqəddəs bölgəni müsəlmanların əsarətindən qurtarmaq üçün bütün xristianları din uğrunda müharibəyə çağırırdı.

Halbuki bu torpaqlar xristian zəvvarları tərəfindən daima ziyarət edilir, hətta onlara bu işdə yardım belə edilirdi. Fələstində onlar üçün xüsusi olaraq inşa edilmiş mehmanxanaları, xəstəxanaları, kilsə və monastırları, hətta kitabxanaları da var idi.

Əslində xaç yürüşlərini başladan səbəblər başqa idi. Xaç yürüşlərinin həm dini, həm də siyasi səbəbləri var idi. Dini səbəblər xristianların Qüdsü müsəlmanlardan geri almaq istəyi ilə yanaşı, katolik kilsəsinin ortodoksal kilsəni hakimiyyəti altına almaq istəməsi, papa və din adamlarının nüfuzunu artırmaq məqsədi, Fransada yaranmış Kluni təriqətinin xristianları müsəlmanlara qarşı qaldırması idi.

Siyasi səbəblər avropalıların türkləri Anadolu, Suriya, Fələstin, Aralıq dənizi sahillərindən uzaqlaşdırmaq və Uzaq Şərq ilə Avropa arasındakı ticarətin əsas yollarını, şərqin zənginliklərini ələ keçirtmək məqsədi, türklər qarşısında davam gətirə bilməyən Bizansın Avropadan kömək istəməsi, Avropanın yoxsulluq içində olması, cəngavər və senyorların macəra axtarmaq arzusu idi.

Əgər Avropanın hər hansı siyasi lideri belə bir nitqlə çıxış etsəydi, yəqin ki, onun çıxışı aid olduğu ölkənin sərhədini aşmazdı. Ancaq xristianların dini lideri papa güclü nüfuza malik idi və o, bu nüfuzundan istifadə edərək bütün xristianları bir bayraq altında birləşdirdi. 1095-ci ildə birinci xaç yürüşü başlandı (2, s. 98). Bununla da xristianlar tərəfindən tarix boyu Şərqə edilən səkkiz dağıdıcı yürüşün əsası qoyuldu. Birinci xaç yürüşündə əhalinin yoxsul hissəsi iştirak edirdi. Heç bir savaş təcrübəsinə malik olmayan, pərakəndə halda Şərqə yürüş edən xaçlıların bir hissəsi yollarda məhv oldu. Kiçik Asiyaya gedib çatan hissəsi isə səlcuqlar tərəfindən darmadağın edildi.

Bunun arxasınca 1096-cı ildə cəngavər və baronlardan ibarət nizamlı qoşun təşkil olundu (2, s. 100). Qoşunların sayının çox olması hətta I Aleksey Komnini də qorxuya salmışdı. Belə olan tərzdə Aleksey Komnin xaçlılarla danışıq aparmağa başlayır. Əldə olunan razılığa görə onlar Balkanlardan keçərək yollarına davam edəcəkdi. Eyni zamanda əhali bu orduları ərzaqla təmin etməli və xaçlıların ələ keçirtdiyi torpaqlar Bizans imperatorunun ixtiyarına verilməli idi.

1097-ci ilin aprelində xaçlılar Bosfor boğazını keçərək Nikeya şəhərini zəbt etdilər. Həmin il iyulun 1-də Dorileon döyüşündə sultan I Qılınc Arslanın qüvvələrini məğlub edən səlibçilər bu qələbə nəticəsində Kiçik Asiyadan Yerüsəlimə gedən yolu nəzarət altına aldılar (5, s. 98).

1097-ci ilin oktyabrında isə səlibçilər Antioxiya şəhərini mühasirəyə aldılar, lakin şəhər yalnız bir ildən sonra təslim oldu. Antioxiyada möhkəmlənən səlibçilər Mosul əmiri Kürboğa tərəfindən mühasirəyə alındı. Səlibçilər arasında aclıq baş verməsinə baxmayaraq onlar açıq döyüşdə türklərə qalib gəldilər (2, s. 110). 15 iyul 1099-cu ildə xaçlılar müqəddəs şəhəri – Qüdsü ələ keçirtdilər (1, s. 106). Qüdsün alınması nəticəsində İslam dünyasına ağır zərbə vuruldu. Qüds şəhərinin xaçlılar tərəfindən işğalı zamanı 70 mindən çox müsəlman qətlə yetirildi. Tədqiqatçı Landi Qüdsdə xaçlı ordusuna başçılıq edən Raymondun törətdiyi qırğını təsvir etmək üçün yazırdı: "Meydanlarda və küçələrdə ayaqlardan, əllərdən və başlardan təpələr görürdüm. Düşmənlərin bu qorxunc qırğınına baxmaq çox çətin idi. İnsan cəsədləri hər tərəfə səpilmiş, qətl edilənlərin qanı yer üzünü qana bulamışdı". Vill Durant isə "Mədəniyyətin hekayəsi" adlı kitabında yazır: "Müsəlman qadınlar mizraqlar və qılınclar soxularaq öldürülür, analarının qucağından zorla alınan körpələr qala bürclərindən atılır, ya da başları dirəklərdə parçalanaraq öldürülürdü". Lakin 88 il sonra Qüds Səlahəddin Əyyubi tərəfindən geri alınarkən o, xristian əhaliyə heç bir zərər toxundurmamağı əsgərlərinə əmr etmişdir. Onun bu alicənablığı həm qərb, həm də şərq aləmində hörmətlə qarşılanmışdı. 1144-cü ildə Mosul əmiri Edessa şəhərini səlibçilərdən geri aldı. Səlibçilərin Avropadan kömək istəməsi nəticəsində Roma papası 1147-ci ildə II Xaç yürüşünü təşkil etdi. Bu yürüşdə iştirak edən Fransa və Almaniya kralları səlcuqlar tərəfindən məğlub edilərək geri qayıtdı. Misir hökmdarı Səlahəddin Əyyubi 1187-ci ildə səlibçilərin ordusunu məğlub etdi və onları Qüdsdən qovdu (4, s. 124). Avropa feodalları "Müqəddəs şəhəri" geri almaq üçün 1190-cı ildə III Xaç yürüşünü təşkil etdilər (1, s. 182). Almaniya, İngiltərə və Fransa krallarının rəhbərlik etdiyi qoşun Qüdsü Səlahəddindən ala bilməyərək geri qayıtdı. Roma papası III İnnokentinin başçılıq etdiyi IV səlib yürüşündə (1204-cü il) səlibçilərin işğalçılıq və qarətçilik məqsədi daha aydın üzə çıxdı (1, s. 243). Səlibçilər Fələstinə dəniz yolu ilə getmək məqsədilə Venesiyadan gəmi icarəyə götürdülər. Venesiya xarici ticarətdə əsas rəqibi olan Bizansa zərbə vurmaq üçün fürsətdən istifadə edib səlibçiləri Konstantinopol üzərinə yönəltdi. Konstantinopolun zənginliyinə qısqanclıqla yanaşan səlibçilər şəhəri talayaraq, əhalisini qılıncdan keçirtdilər. Səlibçilərin zülmü qarşısında tab gətirə bilməyən imperator taxt-tacını Nikomediya şəhərinə köçürtdü. Beləliklə xaçlıların qılıncından təkcə müsəlmanlar və yəhudilər deyil, Bizansın özü də zərər gördü. Papa Urbanın Klermon yığıncağındakı çıxışından başlanğıcını götürən xaç yürüşləri əsrlərlə davam edərək, milyonlarla insanın ölümünə, bir çox dövlətin süqutuna, ölkələrin talan edilməsinə səbəb oldu. Bütün bunlarla yanaşı xristianlar müsəlmanlarla hərb meydanlarında rastlaşarkən, onların heç də papanın dediyi kimi olmamasının əyani şahidi oldular. Müsəlmanların çox mərhəmətli, yaxşılıqsevər, qonaqpərvər, alicənab olduğunu görən xristianlar onlar haqqındakı düşüncələrini təzələməli oldular. Əslində xaç yürüşləri bu gün də davam etməkdədir. II dünya müharibəsindən sonra İslam Dünyasının mərkəzində müqəddəs Qüds ətrafında yəhudilərin İsrail dövlətini qurmaqla və onu dəstəkləməklə xristianlar özlərinin xaçlı xislətini bir daha göstərdilər. Bugünkü dünyamızda müsəlman ölkələrində olan Kəşmir, Kipr, Qarabağ, İraq, Əfqanıstan və s. kimi həllini tapmayan problemlər məhz İslamın zəiflədilməsi yolunda atılan addımlardır. Bununla da xristianların Papa Urbanın vəsiyyətinə daima əməl etmələri göz qabağındadır.

  1. 1 2 3 4 autori vari Enciclopedia dei Papi (it.). 2000.
  2. 1 2 BeWeB.
  3. 1, s. 36
  4. 3, s. 50
  • 1. Заборов М.А. Крестоносцы на востоке. М.,1980.
  • 2. Успенский Ф.И. История Византийской империи. М., 1997.
  • 3. Заборов М.А. История крестовых походов в документах и материалах. М., 1977.
  • 4. Мельвиль М. История ордена тамплиеров. М., 2007
  • 5. Klaude K. Osmanlılardan öncə Anadoluda türklər. İstanbul, 1979.