Qusçular hərəkatı

Husçular hərəkatı (həmçinin Husçu müharibələriBohemiya müharibələri kimi də adlanır) — Yan Qus tərəfdarlarının 1419–1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirdiyi reformasiya xarakterli hərakat. Bu müharibələr Avropada odlu silahların həlledici rol oynadığı ilk müharibə idi. Husçu döyüşçülərinin çoxu piyadalar idi, onların daha çoxsaylı zirehli cəngavər orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr müharibələr tarixində inqilab yaratdı. Lakin sonda, bu hərəkat qəti nəticəsi olmayan hərəkat idi.

Husçular hərəkatı
Tarix 30 iyul 1419
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Səlib yürüşləri
Birinci səlib yürüşü
İkinci səlib yürüşü
Üçüncü səlib yürüşü
Dördüncü Səlib Yürüşü
Beşinci səlib yürüşü
Altıncı səlib yürüşü
Yeddinci səlib yürüşü
Səkkizinci səlib yürüşü
Xristianlıq

Hərəkatın yetişməsi

[redaktə | mənbəni redaktə et]

XIV əsrin ortalarında Çexiya kralı IV Karl (1342–1378) Müqəddəs Roma imperiyasında imperator seçildi. Çexiya bu imperiyanın tərkibində ən güclü dövlətə çevrildi. Çexiya kralı imperator seçmək hüququ almış knyazlar içərisində birinci yeri tutdu. IV Karl müharibələrə etməkdən çəkinirdi. Lakin o torpaq satın almaq, övladlarına dövlət üçün sərfəli olan nikahlar bağlatmaq yolu ilə Çexiya krallığının ərazisini genişləndirə bildi. IV Karl iri feodalların da hüquqlarını məhdudlaşdırmağa da cəhd göstərsə də, bu sahədə böyük uğur qazana bilmədi. Kral sənətkarlığın, mədən işlərinin və ticarətin inkişafını himayə edirdi. Bu zaman Çexiya iqtisadiyyatı yükşəliş dövrünü yaşayırdı. Çoxlu yeni torpaq sahələri əkilməyə başlanmışdı. Ölkədə çoxlu su və yel dəyirmanları vardı. Çexiyanı hər tərəfdən əhatə edən dağlarda yeni mis, qalay, dəmir yataqları tapılmışdı. Metal əridilməsi artmışdı. Çexiya gümüş çıxarılması sahəsində Avropada ilk yerlərdən birinə çıxdı (o zaman Avropada pullar gümüşdən kəsilirdi). Şəhəərlərdə 200-dən çox sənətkarlıq sahəsi vardı. Mahud toxunması, həmçinin o zaman nadir peşə olan şüşə qablar istehsalı Çexiyada yayılmış sənət sahələrindən idi. Avropanın mərkəzində yerləşən Çexiya ərazisində mühüm karvan yolları qovuşurdu. Paytaxt Praqada ildə iki dəfə böyük yarmarkalar açılırdı. Bu yarmarkalara Polşa, Almaniyaİtaliyadan da tacirlər axışırdı. Praqa şəhəri IV Karlın dövründə imperiyanın paytaxtı oldu. O zaman Praqa 40.000 nəfər əhalisi olan böyük bir şəhər idi. Burada böyük tikinti işləri gedirdi. Həmin dövrdə məşhur Karl körpüsü salınmış, Müqəddəs Vita Kilsəsinin əsası qoyulmuşdu. Dəbdəbəli saraylar və məbədlərlə bəzədilmiş Çexiya paytaxtı haqlı olaraq Avropanın ən gözəl şəhərlərindən biri hesab olunurdu. Bu zaman Çexiyada Avropanın ən böyük ali məktəblərindən biri olan Praqa Karl Universiteti açıldı.

Lakin iqtisadiyyatın yüksəlişi xalqın vəziyyətini yüngülləşdirmədi. Əksinə, feodalların və şəhər varlılarının zülmü şiddətləndi. İri çex feodalları olan panlar cah-calal içərisində yaşayırdılar. Cəngavərlər də onlardan geri qalmaq istəmirdilər. O dövrün yazıçısı feodalları bu cür ələ salırdı: Hamı pan olmaq istəyir. Çünki kök atlara minib gəzmək, sadə adamlara hədə-qorxu gəlmək, onların var-yoxunu əlindən almaq həmişə yaxşı yemək və bolluca içməkdən yaxşı nə ola bilər!?. 14-cü əsrdə Çexiya kəndində foedal mükəlləfiyyətlərinin bütün növləri, biyar, məhsul və pul töycüsü artmışdı. Bəzi sənədlərdə deyilirdi ki,məhsul toplanışı zamanı kəndlilər pan nə vaxt çağırsa, gedib ona işləməlidirlər. Təhkimli kəndlilər feodalların tam hakimiyyəti altına düşmüşdülər. Kralın əmrinə əsasən öz ağalarından məhkəməyə şikayət etmək təhkimli kəndlilərə qadağan olunmuşdu. Şəhərlərdə yaşayan əhalinin demək olar ki, yarısı yoxsullar idi. Dəbdəbəli kilsələrin qapıları ağzında duran dəstələrlə ac-yalavac dilənçilər ötüb keçənlərdən sədəqə dilənirdilər.

Çexiyada ən böyük torpaq sahibi katolik kilsəsi idi. Ölkədəki ən münbit torpaqların üçdə biri onun əlində idi. Çexiya kilsəsinin başçısı olan Praqa baş yepiskopunun 14 şəhəri və 900 kəndi var idi. Monastırlar xüsusilə varlı idilər. Onlar qıtlıq olan illərdə artıq məhsullarını od qiymətinə sataraq aclıq çəkən əhalinin hesabına varlanırdılar. Saysız-hesabsız kilsə vergiləri kəndliləri və şəhərliləri əldən salmışdı. Ruhanilər Çexiya əhalisindən əldə etdikləri gəlirin xeyli hissəsini Romaya göndərirdilər. Yepiskoplar və abbatlar tutduqları vəzifələri qızılla satın alır, bunun əvəzini isə dindar əhalidən çıxırdılar. Roma papalarının acgözlüyü və satqınlığı bütün ölkələrdə hiddət və gülüş doğururdu. Belə bir acı zarafat geniş yayılmışdı: Əgər İsa Romaya gəlib çıxsaydı, onun özü ilə də rüşvətsiz danışmazdılar. Çexiyada katolik kilsəsinə qarşı ümumi narazılıq yetişmişdi. Panlar və cəngavərlər yepiskopların, monastırların var-dövləti və mülklərinin paxıllığını çəkirdilər. Onlar öz mülklərini kilsə torpaqları hesabına genişləndirmək istəyirdilər. Varlı şəhərlilər ruhaniləri saxlamaq üçün xərcə düşmək istəmirdilər. Kəndlilər və şəhər yoxsulları da kilsəyə qarşı çıxırdılar. Lakin onlar eyni zamanda həm də feodal zülmündən xilas olmaq uğrunda da mübarizə aparırdılar.

Çexiyanın sərvətinə alman feodalları da göz dikmişdilər. Əsilzadə alman zədəganları Çexiya krallarına xidmət edir, sarayda yüksək vəzifələr tuturdular. Bunun müqabilində mükafat olaraq onlara geniş torpaq mülkləri verilirdi. Çexiya panları kimi, alman feodalları da özlərinin krala yaxın olmalarından istifadə edərək hər cür yolla cəngavərləri sıxışdırır, hətta onların torpaqlarını da əllərindən alırdılar. Yoxsullaşmış cəngavərlərin bir çoxu öz ölkələrində və ya xaricdə muzdlu ordularda xidmət edir, bəziləri isə yollarda quldurluqla məşğul olurdu. Çexiya şəhərlərində alman tacirləri və ustaları məskən salmışdılar. Onlar şəhər idarə orqanlarını öz əllərinə keçirmişdilər. 14-cü əsrin ortalarına qədər Praqa Şəhər Şurasında bir nəfər də olsun çex yox idi. Çexiyanın filiz mədənləri də almanların əlinə keçmişdi. Mədən sahibləri çex filizçıxaranlarının üzücü əməyi hesabına var-dövlət toplayırdılar. Çexiya sənətkarları və tacirləri şəhər idarəçiliyində iştirak etmək uğrunda mübarizə aparırdılar. Onları bu mübarizədə yoxsullar müdafiə edirdilər. Çünki şəhər yoxsulları alman varlılarının zülmündən daha çox əziyyət çəkirdilər. Yepiskoplarabbatlar içərisində də çoxlu alman vardı. Almanlar hətta Praqa Karl Universitetində də ağalıq edirdilər. Müasirlər yazır ki, Çex öz vətənində elə yaşayır ki, elə bil bura sürgün olunmuşdur.

Husçular Hərəkatının başlanması

[redaktə | mənbəni redaktə et]

Yan Qusun çıxışları

[redaktə | mənbəni redaktə et]
Yan Qusun tonqalda yandırılmasını təsvir edən miniatür, 1485

XV əsrin başlanğıcında Praqa küçələrinin birindəki kiçik bir kilsə çox adamı özünə cəlb etməyə başlamışdı. Şəhərlilər, kəndlilər və cəngavərlər bura Praqa Universitetinin professoru Yan Qusun alovlu çıxışlarını dinləməyə axışırdılar. Yan Qus (1371–1415) kəndli ailəsində böyümüşdü. O universitet təhsilinə malik biri idi. Lakin qabiliyyətli və əməksevər gənc olan Yan Qus universitet təhsilini başa vurmaq üçün çox məhrumiyyətlərə və çətinliklərə dözməli olmuşdu. Çox çəkmədən Qus professor oldu. Sonra isə Praqa Universitetinə başçılıq edən ilk çex oldu.

Öz çıxışlarında Yan Qus acgöz ruhaniləri amansızcasına ifşa edirdi. O, Romada kilsə vəzifələrinin pula satılmasından hiddətlənərək papanı baş fırıldaqçı adlandırırdı. Yan Qus deyirdi: Keşişlər içərisində tutduğu vəzifəni pulla satın almayan və dindarlardan vergi toplamayan az tapılar… Ləyaqətsiz ruhani kasıb qarının gizlədib saxladığı axırıncı qəpik-quruşunu da əlindən qoparıb alır. Bundan sonra necə deməyəsən ki, o oğrudan da betər hiyləgər və zalımdır?!. Yan Qus Çexiyada "cənnət qəbzlərinin" satılmasını kəskin surətdə pisləyirdi. Qus ruhaniləri tənqid etməklə kifayətlənmirdi. O, kilsənin yenidən təşkil olunmasını tələb edirdi. Kilsənin əhalidən qarət edib topladığı sərvəti, yepiskopların və monastırların torpaqlarını onların əlindən almağa çağırırdı. Dindarlar üçün saysız hesabsız ruhani ordusu olmamalı, Çexiyanın öz kilsəsi olmalıdır. Həm də bu kilsə Roma papasına deyil, Çexiya kralına tabe olmalıdır. Qus deyirdi; Qardaşlar, indi müharibə və qılınc dövrü başlanacaqdır. Yan Qus dini ayinlərə görə haqq verilməsi qaydasının aradan qaldırılmasını tələb edirdi. O, ibadətin doğma dildə aparılmasını istəyirdi. Qus çex dilinin qrammatikasını işləyib hazırlamışdı. Yan Qus vətənpərvər idi. O öz vətənini, xalqını dərindən sevirdi. O öz xalqına müraciət edərək deyirdiki, çexlər quyruqda sürünməməli, başda olmalıdırlar. Qus qətiyyətlə öz xalqını yadellilərə qarşı mübarizəyə çağırırdı. Lakin Qus başqa xalqlara nifrət bəsləmirdi. Qus deyirdi ki, onun üçün yaxşı alman pis çexdən daha yaxındır. Qus feodalizm quruluşunun əleyhinə çıxmırdı. Lakin kəndlilərin dilənçi kökündə və hüquqsuz vəziyyətdə yaşamasını ədalətsizlik sayırdı. O deyirdi ki, panlar və ruhanilər yoxsulların var-yoxunu soyub əlindən alır, özləri isə cah-calal içərisində qarın otarırlar. Qusun fikrincə, əgər feodallar ədalətsiz hərəkət edirlərsə, onda xalqın ədalətsiz hakimlərə qarşı nəinki üsyan etmək hüququ var, hətta onlar üsyan etməyə borcludurlar.

Yan Qusun həlak olması

[redaktə | mənbəni redaktə et]

Praqa baş yepiskopu Qusa din əleyhinə təbliğat aparmağı qadağan etdi, daha sonra isə onu kafir elan edib lənətləndirdi. Lakin bu, Qusu qorxutmadı. O, Praqanı tərk edərək iki il Çexiyanın cənubunda yaşadı və kəndlilər qarşısında çıxışlarını davam etdirdi. Belə olduqda, Roma papası Qusu ali ruhanilərin qurultayı olan kilsə məclisinə çağırtdırdı. Bu zaman kilsə məclisi Almaniyanın cənubunda Konstans şəhərində keçirilirdi. İmperator Qusa toxunulmazlıq fərmanı verdi. O, bu fərmanla Qusa tam təhlükəsizlik vəd edirdi. Qus öz görüşlərini müdafiə etmək üçün Konstans şəhərinə getməyi qərara aldı. Konstansda Qusu qandalladılar və yarım il nəm, soyuq zindanda saxladılar. Sonra isə onu mühakimə etdilər. Kilsə məclisi Qusu kafir elan etdi. Ondan tələb olundu ki, öz görüşlərindən əl çəksin. Qus belə cavab verdi. Mən öz vicdanıma xəyanət edə bilmərəm. Əgər mən həqiqətdən üz döndərsəm, həmişə həqiqət söyləməyi öyrətdiyim xalqımın gözlərinə nə cürətlə baxa bilərəm? O, inamından əl çəkməkdənsə, ölümü üstün tutdu. Yan Qus 1415-ci ildə tonqalda yandırıldı. O, işgəncəli edamı mərdliklə qarşıladı.

Silahlı mübarizənin başlanması

[redaktə | mənbəni redaktə et]

Qusun edam olunması Çex xalqının qəzəbini alovlandırdı. Kəndli izdihamları dağlara qalxır, orada Qusun tərəfdarları olan xalq təbliğatçılarının nitqlərini dinləyirdilər. Onlar çex xalqının öz düşmənlərinə qarşı mübarizə üçün silahlanmağa və hər cür zülmə son qoymağa çağırırdılar. Xalq Qus təlimindən cəsarətli nəticələr çıxardı. Yan Qusun bütün tərəfdarları özlərini Husçular adlandırıdılar. 1419-cu ildə Praqada şəhər yoxsullarının üsyanı oldu. Onlar bələdiyyə idarəsinin binasına daxil olub mənfur şəhər hakimlərini pəncərədən atdılar. Üsyançılar müəyyən müddət paytaxtda hakimiyyəti ələ keçirdilər. Yoxsullar və sənətkarlar alman varlılarını Çexiya şəhərlərindən qovdular. Xalqın qəzəbi katolik kilsəsinə qarşı yönəldi. Üsyançılar monastırları dağıdır, ruhaniləri qırır və ya çıxardıb qovurdular. Xalq hərəkatından istifadə edən bir çox panlar kilsə torpaqlarını zəbt etdilər.

Taborçular və Mötədillər

[redaktə | mənbəni redaktə et]

Xalqın sevimli toplanış yeri Çexiyanın cənubundakı Tabor dağları idi. Üsyana qalxmış kütlələr dəstə-dəstə bura axışırdı. Burada onlar şəhər saldılar və onu qalın divarlarla dövrəyə aldılar. Üsyançılar yeni saldıqları şəhəri həmin dağların adı ilə Tabor adlandırdılar. Çex xalqının düşmənlər üzərində tam qələbəsi uğrunda çarpışan mübarizlər özlərini taborçular adlandırırdılar. Taborçuların əsas qüvvəsi üsyana qalxmış kəndlilər, xırda sənətkarlar və şəhər yoxsulları idi. Onların məqsədi təhkimçiliyi, feodal mükəlləfiyyətləri və vergilərini ləğv etmək, feodal torpaqlarını ələ keçirmək idi. Ən ardıcıl taborçular elə bir dövrün gəlməsini arzulayırdılar ki, o zaman yer üzündə nə krallar, nə panlar, nə də təhkimlilər qalacaq, idarəçilik isə xalqın öz əlində olacaqdır. Taborçular, həmçininyadellilərin və katolik kilsəsinin zülmünü də qətiyyətlə aradan qaldırmaq istəyirdilər. Tabora gələn adamlar öz pullarını şəhərin küçələrində qoyulmuş xüsusi çəlləklərə salmalı idilər. Bu yolla toplanan vəsait üsyançıların silahlandırılmasına və yoxsullara kömək üçün xərclənirdi. Taborda yaşayanların hamısı bərabər hesab olunurdular. Bəzi yoxsullaşmış cəngavərlər də taborçulara qoşuldular. Onlar başa düşürdülər ki, Çexiyanın düşmənlərinə ancaq üsyana qalxmış xalqın köməyi ilə qalib gəlmək olar.

Husçuların digər qrupu özlərini mötədillər adlandırırdılar. Varlı ustalar və tacirlər, həmçinin çex feodallarının çoxu bu qrupa aid idilər. Mötədillər Çexiyada yadellilərin zorakılığına son qoymağa, katolik kilsəsinin qüdrətini zəiflətməyə və onun torpaq mülklərini ələ keçirməyə çalışırdılar. Lakin varlı şəhərlilər və feodallar öz xalqından qorxurdular. Buna görə də şəhər varlıları və feodallar taborçular qədər qətiyyətli deyildilər.

Husçu müharibələri

[redaktə | mənbəni redaktə et]

Səlib yürüşləri

[redaktə | mənbəni redaktə et]

Katolik kilsəsi və alman feodalları Çexiyadakı var-dövlətlərini itirmək istəmirdilər. Buna görə də onlar çex xalqının azadlıq hərəkatını boğmaq qərarına gəldilər. Roma papası Husçulara qarşı xaç yürüşləri elan etdi. Çexiyaya yürüş məqsədilə toplanmış qoşun əsasən alman feodallarından ibarət idi. Bu qoşuna Müqəddəs Roma imperatoru başçılıq edirdi. Yürüşdə Avropanın bir çox başqa ölkələrindən olan cəngavərlər və muzdlu əsgərlər də iştirak edirdilər. 1420-ci ildə Çexiyaya 100.000 nəfərlik bir ordu basqın etdi. Səlibçilər Çexiya paytaxtına çatınca yolboyu şəhər və kəndləri talan edir, yanğınlar və qırğınlar törədirdilər. Nəhayət, səlibçilərin ordusu Praqanı mühasirəyə aldı. Şəhərin şərq qapıları yaxınlığındakı təpədə şiddətli döyüş başladı. Burada şəhər sakinlərinin köməyinə gəlmiş kiçik bir taborçu dəstəsi möhkəmlənmişdi. Vuruşmanın həlledici anında bir dəstə döyüşçü şəhər qapılarından çıxıb səlibçilərə arxadan zərbə endirdi. Pərən-pərən düşən cəngavərlər Praqanın qala divarlarından geriyə doğru qaçmağa üz tutdular. Papa və imperator Husçulara qarşı daha dörd yürüş təşkil etdilər. Lakin bu yürüşlər də birinci yürüş kimi uğursuzluqla nəticələndi.

Husçuların qoşunları

[redaktə | mənbəni redaktə et]

Təcrübəli feodal ordularına qarşı kəndlilər, sənətkarlar və şəhər yoxsullarından ibarət olan xalq qoşunu vuruşurdu. Taborçular cəngavərlər kimi silahlanmamışdılar. Onların qoşununu əsas hissəsi piyadalar idi. Döyüşçülər dəmir üzlüyü olan nizə formasına salınmış dəryaz, balta, ucuna dəmir keçirilmiş payalarla silahlanmışdılar. Taborçuların hərbi işdə təcrübəsi olan feodalları və muzdlu əsgərləri bu cür kəndli silahları ilə əzişdirirdilər. Onlar xüsusi qarmaqlarla cəngavərləri çəkib atdan yerə salır, toxmaqla döyüb öldürürdülər. Taborçular döyüşdə ilk dəfə səhra toplarından böyük uğurla istifadə etməyə başladılar. Bu topları araba ilə daşıyırdılar. Düzən yerlərdə gedən vuruşmalarda taborçular cəngavərləri həmin toplarla atəşə tuturdular. Atlı cəngavər qabağını saxlamaq üçün taborçular dərhal kəndli arabalarını bir-birinə bağlayıb istehkam düzəldirdilər. Xalq qoşunu dəstələri səlibçi ordularından yüksək döyüş ruhu, dəyanət və intizamlı olmaları ilə fərqlənirdilər. Onların cərgələrində soyğunçulara və oğrulara yer yox idi. Mübahisə etmək, sərxoşluq, qumar oynamaq və qarətçilik üstündə döyüşçüləri ən ağır cinayət törətmiş müqəssirlər kimi cəzalandırırdılar.

Yan Jijkanın Praqanın mərkəzində olan heykəli

Xalq qoşununa döyüşçülərin özlərinin seçdikləri sərkərdələr başçılıq edirdilər. Husçu qoşunlarının əsas təşkilatçısı və başçısı yoxsullaşmış cəngavər, təcrübəli döyüşçü olan Yan Jijka idi. Husçular Praqa uğrunda vuruşmada onun başçılığı ilə qələbə qazandılar. Lakin Jijka döyüşlərin birində başından yaralandı və kor oldu. Lakin o, xalq ordusuna başçılığı davam etdirdi. Jijkanın "gözləri" onun köməkçiləri idi. Onlar düşmən qoşunlarının mövqeyi və hərəkəti barədə Jijkaya məlumat verirdilər. Doğma yerləri əla tanıyan kor sərkərdə səhv etmədən çexlər üçün ən münasib mövqe seçirdi. O, döyüşlərdə böyük zirəklik göstərir, gözlənilməz üsullara əl atır, qərarlar qəbul edir və bununla düşməni çaşbaş salırdı. Döyüşlərin birində Jijkanın əmri ilə təpənin başından daş doldurulmuş onlarla arabanı hücuma keçən cəngavərlərin üstünə yellətdilər. Bununla cəngavərlərin sıraları pozuldu və onlar qaçmağa doğru üz qoydular. Jijka başçılıq etdiyi qoşunla birlikdə düşmənə onun heç gözləmədiyi yerdən zərbə vururdu. Jijkanın seçdiyi döyüş taktikaları qeyri-ənənəvi və innovativ idi. O, döyüşçüləri döyüşün tələblərinə görə deyil, həmin döyüşçülərin öz bacarığına uyğun olaraq silahlandırır və təlim keçirdi. Jijka təkərli arabaların ətraflarını zirehlə örtür və onların üzərində kiçik toplar və muşketlər yerləşdirir, bununla da gələcək tankların qurulma əlamətlərini əvvəlcədən görürdü. Cəngavərlər çox vaxt Husçuların döyüş nəğmələrini və onların arabalarının səsini eşidən kimi döyüşə girmədən, küyə düşüb qaçırdılar. Düşmənləri Jijkanı "Müdhiş kor" adlandırır və onun adı çəkiləndə belə qorxuya düşürdülər. Xalq döyüşçüləri öz sərkərdələrini sevirdilər. Jijka bütün hərb tarixi boyunca heç bir döyüşdə məğlub olmayan azsaylı sərkərdələrdən biri idi. Yan Jijka 1424-cü ilin oktyabrın 11-də vəba xəstəliyindən vəfat edir. Jijka öləndə xalq döyüşçüləri özlərini "yetim" adlandırmağa başladılar. Çexiyada bir çox yerə Jijkanın adı verilmiş, şəhərlərdə ona heykəllər ucaldılmışdır.

Husçuların başqa ölkələrə yürüşləri

[redaktə | mənbəni redaktə et]

Yan Jijkanın ölümündən sonra Husçu qoşunlarına yeni istedadlı sərkərdələr başçılıq edirdilər. Husçular Macarıstana, AvstriyayaAlmaniyanın lap içərilərinə yürüşlər edir, hətta Baltik dənizi sahillərinə kimi gedib çıxırdılar. Onlar qəsrləri və monastırları dağıdır, hər yerə təbliğat xarakterli məktublar yazıb göndərirdilər. Feodallar və ruhanilərin "çex zəhəri" adlandırdıqları taborçu ideyaları bütün Avropaya yayılmışdı. Almaniya və Polşada kəndlilərin şəhər yoxsullarının üsyanları başlanmışdı. Macarıstanda da böyük kəndli üsyanı baş verdi. Feodallar bu üsyanı çoxlu qüvvə toplayaraq yalnız bir ildən sonra yatıra bildilər.

Husçular hərəkatının məğlubiyyəti

[redaktə | mənbəni redaktə et]

Taborçuların feodal qaydalarına qarşı çıxışları çex feodalları və şəhər varlılarını qorxuya salmışdı. Panlar və cəngavərlər Husçu müharibələrinin gedişində kilsə torpaqlarını tutmuşdular. Onlar öz xalqının boynuna yenidən feodal boyunduruğu keçirmək arzusunda idilər. Çex tacirləri və varlı ustalar şəhərlərdə idarəçiliyi öz əllərinə keçirmişdilər. Xaç yürüşlərinin müvəffəqiyyətlə başa çatacağına ümidini itirmiş papa və imperator Çexiyadakı azadlıq mübarizəsini çexlərin öz əli ilə boğmaq qərarına gəldilər. Onlar mötədillərlə danışıqlar aparmağa başladılar. Papa çex feodallarına vəd verdi ki, onların zəbt etdikləri kilsə torpaqlarına toxunmayacaqdır. Panlar və cəngavərlər böyük bir ordu topladılar. Bu qoşunun xərcini papa və imperator ödəyirdi. Beləliklə, mötədillərlə taborçular arasında müharibə başlandı. 1434-cü ildə Praqadan şərq tərəfdə yerləşən Lipani adlı kiçik bir şəhərin yaxınlığında mötədillər taborçulara hücum etdilər. Mötədillər hiylə işlədərək geri çəkilib öz düşmənlərini arabaların arxasından düzə çıxartdılar və orada onları darmadağın etdilər. Feodallar əsir almırdılar, onlar az miqdarda sağ qalmış taborçuları qovub anbarlara doldurdular və gecə orada yandırdılar. Lipani döyüşündən sonra ayrı-ayrı taborçu dəstələri qəti surətdə məğlub oluncaya qədər hərbi əməliyyatı davam etdirdilər.

Hərəkatın nəticələri

[redaktə | mənbəni redaktə et]

Çex xalqı 15 il ərzində (1419-cu ildən 1434-cü ilədək) feodal zülmü, yadelli zorakılığı və katolik kilsəsinə qarşı qəhrəmanlıqla mübarizə apardı. Taborçuların mübarizəsi kəndli müharibəsi idi. İngiltərəFransada həmin dövrdə baş vermiş kəndli üsyanlarından fərqli olaraq, bu kəndli müharibəsi daha uzun sürmüş, daha yaxşı təşkil olunmuş və bütün ölkəni əhatə etmişdi. Kəndlilər və şəhər yoxsulları məğlub oldular. Lakin onlar, hər halda, müəyyən müddət üçün feodalların istismarı gücləndirmək cəhdlərinin qarşısını aldılar. Üsyana qalxmış xalq katolik kilsəsinə güclü zərbə vurdu. Kilsə itirilmiş torpaqları və dağıdılmış monastırları bütünlüklə bərpa edə bilmədi. Çexiyada yadelli zorakılığı sarsıdıldı. Husçu mühariblərindən sonra şəhərlərin çoxunun əhalisi çexlərdən ibarət oldu. Çex dili müəssisələrdə və məhkəmə işlərində alman dilini sıxışdırdı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]