Altay Hacıyev

Altay Əmir oğlu Hacıyev (2 aprel 1931, Bakı12 fevral 2019, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).

Altay Hacıyev
Altay Əmir oğlu Hacıyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Əmir Hacıyev
Fəaliyyəti rəssamlıq
Təhsili Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi;
Kiyev Dövlət İncəsənət institutu
Janrlar peyzaj, portret, natürmort
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2002 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1982

Altay Hacıyev 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışmışdır. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunmuşdur. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olmuşdur.

Rəssamın bir neçə fərdi sərgisi təşkil olunmuşdur. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilmişdir.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır. "Azərnəşr"də işlədiyi müddətdə dövrün tanınmış yazıçıları, şairləri ilə tanış olur, onların yaradıcılığını öyrənir. O, bir tərəfdən qələm sahibləri, digər tərəfdən də tanınmış rəssamlar arasında uzun müddət vaxt keçirir. Beləliklə, sənət aləmində özünəməxsus yer tutmuş, imzasını tanıtdırmışdır.

Altay Hacıyevin yaradıcılığı bir sıra özünəməxsus cəhətləri ilə diqqət çəkir. Ukraynada ali təhsil alan sənətkar klassik Avropa rəssamlıq ənənələrini dərindən öyrənmişdir. Bununla yanaşı, öz yaradıcılığında hər zaman şərqli duyumuna malik olduğunu büruzə vermiş, Azərbaycan təsviri sənətinin zəngin ənənələrindən yaradıcılıqla faydalanmışdır. Belə ki, əsərlərinin mövzusu, ideya bədii məzmunu, orijinal üslubu, kompozisiya tərtibatı, kolorit həlli ilə yaradıcılığında iki istiqaməti paralel apardığını, bədii sintez etdiyini müşahidə etmək mümkündür.

Altay Hacıyev yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf etmişdir. Neçə-neçə kitaba bədii tərtibat vermiş, bir çox əsərlərə illüstrasiyalar çəkmişdir. Rəssam həm də bir çox silsilələr yaradıb. Ali təhsilini başa vurub Vətənə dönən rəssam 60-cı illərdə Bakıda gedən tikinti-quruculuq, əsaslı təmir-bərpa işlərini, Bakının inkişaf etmiş sənaye şəhərləri səviyyəsinə yüksəldiyini görür və "Yeni Bakı" adlı ilk silsiləsini yaradır. "Xəzər", "Dənizin iftixarı" və "Xəzərin sahibi" adlı yeni silsilələr rəssamın yaradıcılığının ilkin dövrünü təhlil etməyə imkan verir.

Altay Hacıyev yalnız kitab qrafikası ilə kifayətlənməmiş, rəngkarlıq sahəsində də fırçasını sınaqdan çıxarmışdır. Rəngkarlıq əsərlərinin ana xəttini isə şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edir. "Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" və b. əsərləri diqqətəlayiq əsərlərdir.[1]

5-ci siniflər üçün "Azərbaycan tarixi" dərsliyinin üz qabığı üçün çəkdiyi Dədə Qorqudun rəsmi müzakirələrə səbəb olmuşdur.[2]

  1. Mədəniyyət TV. "Muzey Mərkəzində Xalq rəssamı Altay Hacıyevin əsərlərindən ibarət sərgi nümayiş olunub" (az.). Youtube.com. 06.04.2024. 2024-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-07.
  2. modern.az. ""Dədə Qorqud"un səs-küy doğuran şəklini çəkmiş rəssam vəfat etdi - FOTO". modern.az (az.). İstifadə tarixi: 2024-06-15.
  3. Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 may 2002-ci il tarixli, 714 nömrəli Fərmanı". e-qanun.az. səh. "Xalq rəssamı" fəxri adı. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2016.