Amenoreya

Amenoreya ― qadınlarda 6 ay və daha uzun müddət ərzində menstruasiyanın baş verməməsi.[3]

Amenoreya
XBT-10 N91.0-N91.2
XBT-10-KM N91.2
XBT-9 626.0
XBT-9-KM 626.0[1][2]
DiseasesDB 9819
MedlinePlus 001218, 001219
eMedicine article/953850 
MeSH D000568

Amenoreya orqanizmin təbii halı ola bilir və ya orqanizmdə gedən genetik, biokimyəvi, fizioloji, psixoloji pozğunluqların əlaməti kimi özünü büruzə verir.[4]

Amenoreyanın iki tipi ayrılır: yalançı amenoreya (psevdoamenoreya) və həqiqi amenoreya.[5]

Yalançı amenoreya

[redaktə | mənbəni redaktə et]

Yalançı amenoreya zamanı yumurtalıquşaqlıqda dövri və hormonal dəyişikliklər saxlanılır, lakin anatomik maneələr səbəbindən aybaşı axıntısı baş vermir. Bu maneələrə cinsi orqanların anadangəlmə inkişaf qüsurları: uşaqlıq yolu, uşaqlıq boynu və qızlıq pərdəsinin atreziyası aiddir. Anatomik qüsurdan asılı olaraq yalançı amenoreya zamanı aybaşı qanı uşaqlıq borularında (hematosalpinks), uşaqlıq boşluğunda (hematometra) və ya uşaqlıq yolunda (hematokolpos) toplana bilər.

Həqiqi amenoreya

[redaktə | mənbəni redaktə et]

Həqiqi amenoreya üçün aybaşı qanaxmaları və orqanizmdə onun bağlı dövri dəyişikliklərin olmaması xarakterikdir. Həqiqi amenoreya zamanı ovulyasiya olmur və hamiləliyin baş tutması qeyri-mümkün hesab olunur. Yaranma səbəbindən asılı olaraq həqiqi amenoreya fizioloji və ya patoloji olur.

Fizioloji amenoreya

[redaktə | mənbəni redaktə et]

Fizioloji amenoreya xəstəlik sayılmır və orqanizmin təbii halı və ya qadınların yaş dövrləri ilə bağlı olur. Qızlarda yetkinlik dövrünə qədər, qadınlarda isə hamiləlik, laktasiya, postmenopauza dövründə rast gəlinir.[3]

Laktasion amenoreya
[redaktə | mənbəni redaktə et]

Laktasiya dövründə aybaşının olmaması və cinsiyyət sistemində hormonasılı dövri dəyişikliklərin baş verməməsi laktasion amenoreya kimi qiymətləndirilir. Laktasion amenoreya kontrasepsiyanın fizioloji üsulu hesab olunur. Ovulyasiyanın olmaması hamiləlikdən qorunmağa kömək edir. Lakin bu metod doğuşdan sonra ilk 6 ay ərzində qadın uşağı döşlə qidalandırdığı halda effektivdir. Laktasion amenoreyanın kontrasepsiya üsulu kimi effektivliyi aşağıdakı şərtlərə əməl olunmasından asılıdır:

  • Gün ərzində 6 dəfədən az olmayaraq, uşağın tələbatına uyğun döşlə qidalandırma;
  • Gecə saatlarında əmizdirmə;
  • Uşağın rasionuna əlavə qidaların əlavə olunmaması.

Laktasion amenoreyanın mexanizmi ana südü ilə qidalandırma zamanı anovulyasiyanın yaranmasına əsaslanır. Bununla əlaqədar aybaşı tsikli və hamiləlik baş vermir. Laktasion amenoreya zamanı effektivlik 98% təşkil edir. Bu üsulun üstünlüklərinə yüksək etibarlılıq, təbiilik, uşaq üçün xeyirli olması, rahat istifadə, əlavə təsirlərin olmaması, doğuşdan sonra orqanizimin sürətli bərpası aiddir.

Laktasion amenoreyanın kontraseptiv üsul kimi çatışmayan cəhəti onun qısamüddətli (maksimum 6 ay) olması və bütün effektivlik şərtlərinə əməl olunmasının vacibliyindən ibarətdir. Bundan əlavə laktasion amenoreya orqanizmi cinsi yolla keçən infeksiya və zöhrəvi xəstəliklərdən (o cümlədən İİV və hepatit B) müdafiə etmir. Laktasion amenoreyanın əsas kontraseptiv üsul kimi istifadəsi mümkün olmadıqda arzuolunmaz hamiləlikdən qorunmaq üçün ginekoloq tərəfindən digər etibarlı müdafiə vasitəsi seçilməlidir.[4]

Patoloji amenoreya

[redaktə | mənbəni redaktə et]

Patoloji amenoreya qadın orqanizmində müxtəlif funksional və ya üzvi pozulmalar nəticəsində meydana çıxır. Patoloji amenoreya birincili və ikicili olmaqla iki qrupa ayrılır.

Birincili patoloji amenoreya 16 yaşından yuxarı ilkin aybaşısı olmayan qızlarda, ikincili isə əvvəllər müntəzəm aybaşısı olan, sonra isə 6 ay ərzində aybaşı olmayan qadınlarda təsadüf olunur.

Birincili amenoreyanın əsas yaranma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Birincili amenoreyanın yaranma səbəblərinə genetik (irsi), anatomik və psixoemosional amillər aid edilir. Birincili amenoreyanın rast gəlindiyi pasiyentlərin ailə anamnezində ana və ya böyük bacılarda aybaşının gec yaşda başlanması (17 yaşdan sonra) aşkar olunur. Bu hallarda amenoreyanın yaranma səbəbi irsi faktordur. Birincili amenoreya Terner sindromu zamanı müşahidə olunur. Bu sindrom cinsi xromosomların anomal inkişafı səbəbindən cinsiyyət vəzilərinin natamam inkişafı ilə səciyyələnir.

Birincili amenoreyanın anatomik amillərinə bədən quruluşunun pozulması (çəki azlığı, süd vəzilərinin natamam inkişafı, dar çanaq və s.) ilə təzahür edən fiziki inkişafın ümumi ləngiməsi, o cümlədən cinsiyyət orqanlarının inkişaf qüsurları (uşaqlıq yolu kanalı və qızlıq pərdəsinin bütov olması) aiddir. Birincili amenoreyanın yaranmasına həmçinin stress faktorları, ağır psixo-emosional sarsıntılar, anoreksiya və gərgin fiziki iş səbəb ola bilər. Bu amillər aybaşı funksiyasının formalaşma mərhələsində pozulmalar törətdiyindən tam inkişaf etməmiş yeniyetmə orqanizmi üçün çox təhlükəli hesab olunur.[4]

İkincili amenoreyanın əsas yaranma səbəbləri

[redaktə | mənbəni redaktə et]

İkincili amenoreya aybaşı funksiyasının ağır pozğunluğu olub, 17–45 yaş arası qadınların 10%-də rast gəlinir. Müntəzəm aybaşının sonradan kəsilməsinə və ikincili amenoreyanın yaranmasına səbəb olan amillər aşağıdakılardır:

  • Anoreksiya ― ağır pəhriz və ya yüksək fiziki yüklənmələr səbəbindən bədən çəkisinin proqressiv şəkildə azalması. Qadınların 38% -də rast gəlinir. İkincili anemiyalı pasiyentlərin əksəriyyəti pəhriz və anoreksiyaların – arıqlamağa yönəldilmış ağır psixi və fiziki pozulmaların qurbanı sayılır. Qidadan məqsədəuyğun şəkildə imtina,  işlədici preparatlardan həddindən artıq istifadə, süni yolla qusma çəkinin kəskin azalması, psixoseksual pozğunluqlar, depressiya, qəbizlik və ikincili amenoreyanın inkişafına səbəb olur.
  • Yumurtalıqların polikistozu — 26% qadınlarda müşahidə olunur. Yumurtalıqların polikistoz dəyişikliklərindən şübhələnməyə əsas verən əlamətlərə hirsutizm, akne, yağ mübadiləsinin pozulması, amenoreya, hamiləliyin baş verməməsi aiddir.
  • Erkən menopauza — qadınların 22%-də qeydə alınır. Əgər 40 yaşa çatmayan qadınlarda yumurtalıqların fəaliyyətinin zəifliyi fonunda aybaşı halları kəsilirsə, bu erkən menopauza adlanır. Uzunmüddətli stress erkən menopauza və amenoreyaya səbəb ola bilər.
  • Hiperprolaktinemiya — 11% qadınlarda rast gəlinir. Hiperprolaktinemiya — qanda prolaktin hormonunun səviyyəsinin artmasıdır. Bu zaman süd vəzilərindən südşəkilli ifrazat, aybaşı siklinin pozulmaları, o cümlədən aybaşının kəsilməsi –amenoreya müşahidə olunur.

Bəzən aybaşının kəsilməsi əsəb sarsıntılarına qarşı müvəqqəti reaksiya kimi baş verir, müəyyən müddətdən sonra öz-özünə, heç bir əlavə müdaxilə olmadan keçib gedir. Lakin əksər hallarda ikincili amenoreyanın olması təkmilləşdirilmiş tibbi müdaxilənin aparılmasına göstərişdir.[4]

İkincili amenoreyanın diaqnostikası

[redaktə | mənbəni redaktə et]

Ginekoloji müayinə zamanı aybaşının kəsilməsindən şikayət edən pasiyentlərdə ilk növbədə hamiləlik inkar olunur, ikincili amenoreyanın inkişafına səbəb olan amillər: pəhriz, fiziki və psixi yüklənmələr, yanaşı gedən xəstəliklər, ana, nənə və digər yaxın qohumlarda menopauzanın vaxtı aydınlaşdırılır. Ginekoloq pasiyentin boy və çəkisini, onların bir-birinə və norma göstəricilərinə uyğunluğunu təyin edir. Bəzi hallarda distrofiya və ya əksinə piylənmə hormonal və fizioloji pozulmalar fonunda ikincili amenoreyaya səbəb olur.

İkincili amenoreyaya şübhə yarandıqda müayinə yumurtalıqların funksional pozğunluqlarının xarakterinin müəyyənləşdirilməsinə yönəldilir. Bu məqsədlə hormonların səviyyəsi (ilk növbədə prolaktin, gestagen, estrogen, cinsi xromatin, kariotin) yoxlanılır, kiçik çanaq orqanlarının USM (yumurtalıqların polikistozu və endometriumun vəziyyətini müşahidə etmək üçün) aparılır. Əlavə olaraq rektal hərarətin qrafiki tərtib olunur. Pasiyentin orqanizminin estrogenla doyma dərəcəsini təyin etmək üçün uşaqlıq yolunun arxa tağından götürülən yaxmanın sitoloji analizi aparılır.

İkincili amenoreyalarda diaqnostik test-kriteriya "bəbək" simptomudur. "Aybaşı pozğunluğu" normal gedişi zamanı uşaqlıq boynunun şəffaf seliklə dolmuş xarici əsnəyinin diametri siklin 6–20-ci günlərində böyüyür və müayinə zamanı bəbəyi xatırladır. Amenoreya üçün uşaqlıq əsnəyinin cüzi açılması, az miqdarda seliyin olması xarakterikdir. Alınmış nəticələrə əsasən ikincili amenoreyanın yaranma səbəbi dəqiqləşdirilir və uyğun müalicə təyin olunur.[4]

Birincili amenoreyanın müalicəsi

[redaktə | mənbəni redaktə et]

Birincili amenoreyanın müalicə prinsipi onu yaradan amillərin aradan qaldırılması və korreksiyasına yönəldilir. Terner sindromu aşkar olunan pasiyentlərdə ömürlük əvəzedici hormonal terapiya (estrogenizasiya) göstəriş sayılır. Qız uşaqlarında fiziki və reproduktiv inkişafda ləngimə olduqda əzələ və piy kütləsinin artırılmasına istiqamətləndirilmiş pəhriz və aybaşı funksiyasını stumullaşdıran hormonal müalicə təyin olunur. Hormonal terapiya ginekoloq – endokrinoloqun ciddi nəzarəti altında aparılmalıdır. Əgər birincili amenoreya anatomik səbəblərdən yaranırsa, cərrahi yolla maneə aradan qaldırılır, aybaşı qanının uşaqlıq boşluğundan cinsi yollarla xaricə axınına şərait yaradılır.

Yüksək emosional labillik zamanı sinir sisteminin möhkəmləndirilməsinə yönəldilmiş müalicə həyata keçirilir. Gənc yaşlarda müxtəlif pəhrizlər orqanizm üçün təhlükə törədə bilər, qidalanmada məhdudiyyətlər orqanizmə zülal, yağ, vitamin-mineral birləşmələrinin kifayət qədər daxil olmamasına, fiziki və cinsi inkişafın ləngiməsinə, o cümlədən amenoreyanın inkişafına səbəb olur. Bununla əlaqədar qida rejiminə xüsusi diqqət yetirilməlidir. Fiziki güc tələb edən idman növlərindən (ağır atletika, güləş, bodibildinq və s.) imtina etmək məsləhət görülür.[4]

İkincili amenoreyanın müalicəsi

[redaktə | mənbəni redaktə et]

İkincili amenoreyanın müalicəsi onu törədən amillərin aradan qaldırılmasına yönəldilir.

Bədən çəkisinin kəskin azalması və ya fiziki yüklənmələr səbəbindən yaranan amenoreya düzgün olmayan həyat tərzinin nəticəsi hesab olunur və  yaşam tərzi dəyişdirilməsini tələb edir. Yetkin qadınlarda bədən çəkisinin 10 kq –dan çox itirilməsi, həmçinin bədən çəkisinin 50 kq-dan az olması aybaşı siklinın normal gedişi üçün kritik göstərici sayılır. Aybaşı funksiyasının normalizasiyasına qədər estrogen komponenti olmayan progestagen tərkibli oral kontraseptivlər təyin edilir. Bəzən ikincili amenoreya hormonal terapiya aparılmadan normal fiziki yüklənmə, rasional qida, əmək və istirahət rejiminə riayət, psixoemosional vəziyyətin qaydaya salınması fonunda aradan qalxır.

Polikistoz yumurtalıqlar sindromunda yaranan ikincili amenoreya zamanı ilk növbədə əsas xəstəlik müalicə olunmalıdır. Bu zaman ovulyator siklin normallaşması üçün hormonal kontraseptivlərdən və ya orqan toxumalarının laporoskopik diatermokoaqulyasiyasından (göstərişlərə əsasən) istifadə edilir.

Amenoreyaya səbəb olan hiperprolaktinemiya prolaktinin səviyyəsini azaldan preparatlar- dofamin aqonistləri təyin olunmaqla aradan qaldırılır. Müalicənin effektivliyi ovulyasiyanın baş tutmasına dəlalət edən bazal hərarətin yüksəlməsinə əsasən müəyyən edilir. Hipofizin şiş xəstəliklərində neyrocərrahi müdaxilə göstəriş sayılır. Erkən menopauza fonunda yaranan ikincili amenoreya, uzunmüddətli əvəzedici hormonal terapiyanın köməyilə korreksiya olunur.

Müasir ginekologiyada KRT (köməkçi reproduktiv texnologiya) və EKM (ekstrakorporal mayalanma) üsullarının uğurlu tətbiqi erkən menopauza və müalicəyə tabe olmayan ikincili amenoreyanın aşkarlandığı qadınların hamilə qalmasına kömək edir. Belə hallarda süni mayalanma (ICSI, PICSI və ya IMSI üsulları) zamanı donor yumurtahüceyrəsi və ya donor embrionundan istifadə olunur. Sonra embrion gələcək ananın uşaqlığına köçürülür.

Reproduktiv yaş dövründə olan qadınlarda aybaşının qəfil kəsilməsi (ikincili amenoreya) orqanizmdə gedən pozğunluqlardan xəbər verən həyəcan siqnalıdır. Onların bir qismi yaşam tərzini dəyişməklə asanlıqla aradan qalxır, digər hissəsi isə tibbi yardımın göstərilməsini tələb edir.  Amenoreyanın təhlükəliliyi onun hər zaman sonsuzluğun qadın amili ilə müşayiət olunmasından ibarətdir.[4]

Həmçinin baxın

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. 1 2 Bağırova, Elnurə. "Fizioloji amenoreya" (PDF). Azərbaycan Tibb Universiteti.
  4. 1 2 3 4 5 6 7 "Amenoreya". tibbiinfo.az.
  5. Ağayeva, Aygün. "Amenoreya". hekimtap.az. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.