Amerika Sosiologiya Assosiasiyası

Amerika Sosiologiya Assosiasiyası (ing. American Sociological Association, ASA)– 1905-ci ildə amerikan sosioloqlarının cəmiyyəti kimi yaradılmışdır. 12 mindən artıq üzvü olan Amerika Sosiologiya Assosiasiyası indiki adını 1959-cu ildə almışdır. Amerika Sosiologiya Assosiasiyasında üç üzvlük kateqoriyası var: daimi üzvlər, müxbir üzvlər, tələbələr. Amerika Sosiologiya Assosiasiyasının məqsədi sosioloji tədqiqatların keyfiyyətinin yüksəldilməsi, sosioloji təhsilin inkişafına yardım və elmi-sosioloji problemlərin öyrənilməsi ilə məşğul olan alimlərin görüşlərini təşkil etməkdir. Assosiasiya öz üzvləri arasından işçi orqan – Şura təsis edir və o, cəmiyyətin cari işlərini planlaşdırır və icrasını həyata keçirir. Amerika Sosiologiya Assosiasiyasının icraçı orqanı icraçı katibdən və 14 köməkçisi olan 5 üzvdən ibarətdir. İcraçı orqan sosiologiyanın təliminə aid materialların toplamaq və yaymaq, milli azlıqlardan olan tələbələrə kömək göstərmək, dövlət və özəl təhsil sektorlarında sosiologiyanın və sosioloqların rolunu və nüfuzunu yüksəltmək, sosioloqları daimi işlə təmin etmək üçün inzibati rəhbərliyi həyata keçirir. Amerika Sosiologiya Assosiasiyasının tərkibində sosioloji biliklərin ayrı-ayrı sahələri üzrə 45 tədqiqatçıdan ibarət komitə fəaliyyət göstərir. Assosiasiya hər il Amerika Birləşmiş Ştatlarının ayrı- ayrı şəhərlərində milli elmi konfranslar keçirir.

Amerika Sosiologiya Assosiasiyası
Loqonun şəkli
Yaranma tarixi 1905
asanet.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 436–437. ISBN 978-9952-441-02-4.