Analitik mexanika — klassik mexanika (nəzəri mexanika) bölməsi; maddi nöqtələr və ya cismlər sisteminin sonlu sayda parametrlərlə dəqiq müəyyən edilə bilən vəziyyətini öyrənir.
Analitik mexanika əsasən, mümkün yerdəyişmələr prinsipi, kanonik çevirmələr (tənliklər), hərəkətin dayanıqlığı, cazibə nəzəriyyəsi və s. məsələləri əhatə edir. Analitik mexanika ayrıca elmi fənn kimi 18-ci əsrdə yaranmışdır. Bu, analitik rabitələr, ümumiləşmiş koordinatlar, sərbəstlik dərəcəsi və s. sahəsində görkəmli alimlərin (L. Eyler, J. D’Alamber, J. Laqranj və başqaları) elmi işlərinin sayəsində olmuşdur. Analitik mexanika sonrakı inkişafına mümkün yer dəyişmələr prinsipi, ümumiləşmiş impuls, Hamilton funksiyası, inteqral invariantları, hərəkətin dayanıqlığı və s. sahəsində mühüm tədqiqatları olan K.Qauss, U.Hamilton, K.Yakobi, M. Ostroqradski, A. Puankare, A. Lyapunov və başqa alimlərin işləri təkan vermişdir. Analitik mexanika metodları nəzəri fizikanın bir çox sahələrinə (klassik sahə nəzəriyyəsi, kvant mexanikası, nisbilik nəzəriyyəsi və s.) də tətbiq edilir.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 471. ISBN 978-9952-441-02-4.