Anhidrit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Anhidrit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
CaSO₄[1] |
Strunz təsnifatı | VI/A.07[2] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][3] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Bariumlu anhidrit.
Rəng – rəngsiz, ağ, mavi, bənövşəyi, bozumtul, qırmızımtıl; Mineralın cizgisinin rəngi – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,9-3,0; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – üç bir-birinə qarşılıqlı perpendikulyar istiqamətdə: {010} üzrə mükəmməl; {100} və {001} üzrə orta; Sınıqlar – qeyri-hamardan tikanlıyadək; Başqa xassələr – rütubətli havada, atmosfer təzyiqində tədricən hidratlaşır və həcmi 30% artmaqla gipsə keçir; Morfologiya – kristallar; qalın lövhəvari, prizmatik; İkiləşmə: {001} üzrə nadir rast gəlir; Mineral aqreqatları: sıx, dənəvər, çubuqvari, bəzən lövhəşəkilli, lifli kütlələr, gips və kalsit üzrə psevdomorfozalar.
Anhidritin nəhəng yığınları tipik kimyəvi əmələgəlmələr olub, çökmə süxur qatlarında yerləşir və 42°C-dən yüksək temperaturda dəniz və göl sularının buxarlanması hesabına kristallaşır. Nisbətən aşağı temperaturlarda bu sulardan gips çökür. Anhidritin laylar və nazik laycıqlar şəklində olan əhəmiyyətli kütlələri duz daşıyan süxur qatlarında yerləşir. Hidrotermal mənşəli anhidrit damar əmələgəlmələri kimi, adətən kolçedan, mis-molibden, qızıl filizi yataqlarında və b. filiz minerallarını müşayiət edir. Mineralın vulkanitlərdə də tapıntıları məlumdur. Həmçinin metamorfik süxurlarda – qneyslərdə, şistlərdə, amfibolitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: halit, silvin, karnallit, gips, kalsit, dolomit və b. Mineralın tapıldığı yerlər: Texas, Luiziana, Nyu-Meksiko ştatları (ABŞ); Stasfurt, Bad-La-uterberq, Klaustal (Almaniya); Artyomov (Ukrayna); Uralyanı, Volqaboyu (Rusiya); Veliçka (Polşa); Pəncab (Pakistan); Xana-oka (Yaponiya) və b. Azərbaycanda anhidritin və adətən onunla birlikdə rast gələn gipsin yataqları (Yuxarı Ağcakənd, Dəstəgir, Monaşid, Araz, Şahtaxtı, Çeildağ və b.) Kiçik Qafqazın Şimal-şərq hissəsində, Naxçıvan MR-da və Qobustanda yerləşir.
Əsas etibarilə tikinti sənayesində – sement istehsalında istifadə edilir. Mineralın sıx kütlələri bəzən xırda məmulat hazırlanmasında və başqa məqsədlər üçün də işlədilir.