Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ani atəşgahı — Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında olan qədim atəşgah.
Ani atəşgahı | |
---|---|
Ölkə | Türkiyə |
Şəhər | Qars |
Yerləşir | Ani |
Tikilmə tarixi | I-IV əsrlər |
|
|
Abidə Birinci Dünya Müharibəsindən qısa müddət sonra, 1909 - cu ildə Anidə arxeoloji qazıntılar aparan tanınmış qafqazşünas və şərqşünas alim, akademik N. Y. Marr tərəfindən aşkarlanmışdır. Lakin bu qazıntılardan sonra abidəyə diqqət yetirilməmiş, abidə Aninin xəritələrinə salınmamışdır.
Qalıntıların e.ə. I - IV əsrlərə aid bir atəşpərəstlik məbədinə aid olduğu gümün edilir. Digər tərəfdən qalıqların erkən xristianlıq dönəminə aid bir açıq hava şəhidliyi olması ehtimalı da var. Lakin qədim Ermənistan ərazisində bir çox yeraltı şəhidliklərin olması faktı məlum olsa da açıq hava şəhidliyi örnəyi məlum deyil.
Təyinatı hər nə olursa olsun böyük ehtimalla Aninin ən qədim abidələrindən biridir və əgər həqiqətən də abidədirsə o zaman bu tikili şəhərdə, xristianlıqdan əvvəlki dövrə aid olan yeganə abidədir. Onu da qeyd edək ki, tarixin sonrakı dövründə dörd sütunlu abidənin sütunlarının arası hörülərək kilsə kimi istifadə olunmuşdur.
1998 - 1999 - cu illərdə atəşgahın ərazisində Ani qazıntılarının rəhbəri professor Beyhan Karamağaralı tərəfindən yenidən arxeoloji qazıntılara başlanılıb. Bu qazıntılar zamanı Bizans imperatoru I Yustinianın (518-527) adından kəsilmiş sikkə aşkar edilib. Bu Anidə həmin imperatorun dövrünə aid olan yeganə tapıntıdır.
Atəşgahın qalıqları təxminən 1.30 m böyüklüyündə silindrik sütun altlıqları üstündə ucalan dairəvi dörd sütundan ibarətdir. Sütunlar bir-birindən 1.80 metr aralı və bir kvadrat əmələ gətirəcək şəkildə yerləşdirilmişdir. Sütunlar sal daşdan yonulma deyil və kiçik daşlardan yığılmışdır. Nə rus, nə də türk arxeoloqlar tərəfindən binanın damına aid heç bir apıntı əldə edilməmişdir. Lakin sütunların iriliyi damın daşdan olması ehtimalı üzərində dayanmağa imkan verir.
Sonrakı dövrlərdə sütunların arası hörülərək, binadan kilsə kimi istifadə olunmuşdur. Sonradan əlavə olunan bu tikinti əsas tikinti hissəsindən öz kobudluğu ilə seçilir. Rus mütəxəssislərin qazıntılar apardığı dövrdə həmin divarların sütunların başına qədər olan hissəsi salamat qalmış olsa da günümüzə həmin divarlardan elə bir şey çatmamışdır. Binanın Cənub tərəfində bir qapısı var. Şərq divarında isə apsisdə yerdən yüksəkdə bir "chancel" (kilsədə xüsusi din adamları üçün ayrılmış yer) görülməkdədir.
Sütunlar çox gözəl yonulmuş tünd qara bazaltdan inşa edilib. Anidə başqa bir tikilidə bu cür daşın inşasına təsadüf edilməyib. Lakin Ani qalasında həmin daşdan inşa edilmiş kiçik bir qüllə xaric. Mütəxəssislər qalanın həmin qülləsinin inşası zamanı atəşgah binasının dördkünc blok daşlarından istifadə olunduğunu güman edirlər. Bunu həmin daşların üstündəki incə naxışlar və daşların ortasındakı qurğuşun dəlikləri (qədim inşa ənənəsinə görə daşları bir - birinə daha yaxşı bərkitmək üçün daşların ortası deşilir və həmin deşiklərə ərinmiş qurğuşun axıdılaraq daşlar bir-birinə daha möhkəm bərkidilirdi.) də sübut edir.