Ani

Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum[1]) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub.[2] 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb.

Qədim şəhər
Ani
Ani şəhər qalasının əsas giriş qapısı olan Aslanlı qapı
Ani şəhər qalasının əsas giriş qapısı olan Aslanlı qapı
40°30′27″ şm. e. 43°34′22″ ş. u.HGYO
Ölkə  Türkiyə
Vilayət Qars vilayəti
Salınma tarixi e.ə. IV minillik
Dağılma tarixi 1319
Ani xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış. Həmin qoca yeddi ildən bir yatağından qalxar, yeddi olmaz işi sayarmış. Yeddinci sual həmişə "Ani şənləndimi?" olarmış. Göyə dirək dayandırıldımı, dənizin üstündən körpü quruldumu, yumurtaya qulp taxıldımı, dəvəyə nal vuruldumu, qatır doğdumu, ölülər dirildimi, Ani şənləndimi. İnanca görə, bu yeddi olmaz iş gerçəkləşdiyi zaman Ani yenidən şənlənəcəkmiş. Əks halda, şəhər qiyamətə qədər insan üzü görməyəcəkmiş.

Türkiyə-Ermənistan sərhəddindən axan Arpaçayın Qərb sahilində yerləşən Ani Anadoludakı qədim orta əsr şəhərlərindən biridir. Ani İpək Yoluyla Anadoluya girişdə ilk yaşayış yeri olduğundan , həm də böyük ticarət məntəqəsi kimi məşhur olub. IV əsrdə Qars şəhərində adı qorunub saxlanmış qarsaqlılar tərəfindən əsası qoyulmuş Ani şəhəri, günümüzə qədər bir neçə dövlətin tərkibində olmuş, bir neçə mədəniyyət dönəmi keçmişdir. X əsrdə artıq yüz min nəfərə qədər əhalisi olan böyük Ani şəhəri mənbələrdə həm də min bir kilsəli şəhər adıyla xatırlanır.

Ani şəhərinin tarixi e.ə. IV minilliyə qədər uzanır. Orta əsrlərin ən zəngin şəhərlərindən olan Ani yüksəliş dövrünü erməni Baqratilər sülaləsi zamanında yaşamışdır. O dövrdə Erməni Krallığına tabe olan ərazinin paytaxtı Ani şəhəri olmuşdur. Şəhər o qədər gözəl, o qədər zəngin olmuşdur ki, bütün qonşu dövlətlər ona sahib olmağa çalışmışlar. Qırx qapılı, min bir kilsəli Ani ermənilərdən sonra Səlcuqlular, Gürcü Krallığı, monqollar, Qaraqoyunlu, Ağqoyunlu, OsmanlıÇar Rusiyası kimi müxtəlif mədəniyyətlərin daşıyıcıları olan dövlətlərə tabe olub və Anidə hər mədəniyyətdən bir xatirə qalıb. Ona görə də bu gün türkiyədə Aniylə bağlı məşhur bir məsəl var: Ani bir dünyadır, amma bir dünya Ani etməz.

961-ci ildə erməni kralı III Aşot Baqratuninin paytaxtı Qarsdan Aniyə köçürməsindən sonra bölgənin ən önəmli şəhərinə çevrilən Ani şəhəri elə həmin dövrdə də qala divarları ilə əhatələnmişdir. XVIII əsrin sonlarında isə şəhər tərk edilmişdir.

Orta əsrlər ərəb tarixçisi İbn əl-Əsir XII–XIII əsrlərdə şəhərin Aran şəhəri olduğunu qeyd etmiş, hicri 556-cı ildə gürcülərin şəhərə hücumundan və Əxlat hakimi İbni Sökmənin köməyə gəlməsindən bəhs etmişdir.[3]

4000 kv m sahəyə malik olan Ani minlərlə qədim abidəsiylə həm də tarixin ən böyük şahidlərindəndir. Şəhərə adını üstündəki aslan qabartmalarından alan "Aslanlı qapı"dan girilir. Bu qapı həm də Aninin ən böyük qapısıdır. Bundan başqa şəərə giriş üçün istifadə edilə bilincədək və qala boyunca yerləşən daha altı qapı var.

Ani Kafedralının öndən görünüşü
border=none Əsas məqalə: Ani kafedralı

Müxtəlif tarixi qaynaqların verdiyi məlumata görə kafedralın tikintisi 989-cu ildə kral II Smbatın (977–989) dövründə başlamış, qısa fasilədən sonra II Smbatın varisi kral Qagik Baqratinin hakimiyyəti dövründə onun arvadı, Qafqaz Albaniyasının Sünik vilayətinin hakimi Vasaqın qızı kraliça Katranidenin əmri ilə tikinti davam etdirilmiş və 1100-cü ildə tamamlanmışdır.

Ani şəhərinin Cənub tərəfində yerləşən kafedral şəhərin ən iri və mühüm memarlıq abidəsidir. Kafedral orta əsrlərin ən məşhur erməni memarı Trdatın əsəridir. 1064-cü ildə şəhərin türklər tərəfindən mühasirə edilməsi zamanı kafedral xüsusi simvolik əhəmiyyət daşıyıb. Belə ki, şəhər ələ keçirildikdən sonra Kafedralın üstündəki xaç çıxarılıb və Ani kafedralı Fəthiyyə Camisi adı ilə cami kimi istifadə olunmağa başlayıb.[4] Kafedral 1124-cü ildə təkrarən xristianların istifadəsinə geri verilib və kitabələr binanın XIII əsrin əvvəllərində bərpa olunmasından bəhs edirlər. 1319-cu ildə baş verən zəlzələ kafedralın qübbəsinin çökməsi ilə nəticələnmişdir və bu da binanın dini məqsədlə istifadə edilməsinə son verilməsi ilə nəticələnmişdir.

Bazilika planın sahib olmasına baxmayaraq planlaşdırmada uzunluğun az olması diqqəti cəlb edir. Binanın uzunluğu eni və hündürlüyü ilə müqayisədə olduqca qısadır. Binanı əhatələyən yarımdairəvi kəmərlər abidəyə, bu binanın inşasından bir neçə yüz il sonra Avropada meydana gələn Qotik memarlıq üslubuna xas bir görüntü verir. Lakin erməni memarlığı ilə Qərbi Avropadakı Qotik memarlıq üslubunun inkişafı arasında əlaqələr qura biləcək dəlillər yoxdur[5].

Xilaskar kilsəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Xilaskar kilsəsi (Ani)
Xilaskar kilsəsinin bir hissəsi zəlzələlər və digər təbii təsirlərlə dağılmışdır

Anidə ən çox diqqət çəkən tarixi memarlıq abidələrindən biridir. Bu abidənin inşası 1035-ci ildə tamamlanıb. Kilsənin divarlarındakı yazılar təkcə kilsənin yox, eləcə də ermənilərin tarixini öyrənmək baxımından qiymətli mənbələrdir.

Kitabələrdə kilsənin 1342-ci ildə şahzadə Vahram Zakaridin memar Vasilə kilsənin qübbəsinin təmir edilməsini əmr etməsindən bəhs edilir. Kilsənin uçmamış digər hissəsi isə 1989-cu ildə baş vermiş bir zəlzələdən sonra ciddi xəsarətlər alıb və uçmaq təhlükəsi var.

1999-cu ildə kilsənin qapısının uçmuş hissəsi bərpa olunaraq kilsənin uçmasının qarşısının alınması üçün müəyyən addımlar atılıb.

XIX əsrin sonlarında kilsə hələ də ilkin görünüşünü saxlamışdı. Lakin müəyyən qədər qəzalı vəziyyətdə idi. H. F. B. Lynch 1894-cü ildə Ani xarabalıqlarında gəzdikdən sonra "Bu bina, çökməsinin qarşısını alacaq addımlar atılmasa bir neçə ildən artıq qalmayacaq." demişdi.

1912-ci ildə rus arxeoloqlar qazıntılardan sonra kilsənin Şərq divarlarında bərpa işləri aparmışdılar. Lakin elə həmin hissə, yəni kilsənin Şərq hissəsi 1957-ci ildə baş verən bir fırtınaya davam gətirmədi və uçdu. Bəzi mənbələr kilsənin Şərq hissəsinin uçması tarixini XX əsrin 30-cu illəri kimi göstərsə də, kilsənin 1957-ci ildə uçması faktı yaxındakı kəndin sakinləri tərəfindən də təsdiq olunub.

1999-cu ildə kilsənin qalan hissəsinin uçmasının qarşısının alınması üçün giriş qapısının uçmuş hissəsi bərpa olunub.

Kilsə yumru plana malikdir və xaricdən on doqquz üzlü çoxbucaqlı şəklindədir. Çox hündür və çox geniş olan ikinci — üst hissə isə çoxbucaqlı üstündə yerləşdirilmiş dairə formasındadır. Binanın Cənub tərəfindəki "pseudo-antique" oymalı baştağa malik, böyük düzbucaqlı qapı yeganə giriş qapısıdır. Binanın daxilində səkkiz apsisi var. Həmçinin daxildən binanın divarının içinə yerləşdrilmiş iki şapel də olmuşdur. Elə binanın zəif dayanıqlı olmasına da məhz divarın daxilində yerləşdirilmiş bu iki şapelin səbəb olduğu düşünülür.

Həvarilər kilsəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Həvarilər kilsəsi

Pahlavuni sülaləsi dövründə inşa etdirilmiş bu abidənin elə həmin dövrdə Ani patriarxları tərəfindən mərkəz kimi istifadə edildiyi güman edilir. Abidənin divarlarında nə zaman inşa olunması haqqında bir qeyd yoxdur. Kilsə divarlarındakı ən qədim yazı 1031-ci il tarixinə aiddir və Abuğamir Pahlavuninin kilsəyə torpaq bağışlamasından bəhs edir.

Akademik N. Y. Marr Həvarilər kilsəsi və ona bitişik olan bidələr ərazisində arxeoloji qazıntıları 1909-cu ildə tamlamışdır və 1912-ci ildə kilsənin ən zəif hissələri və cənub narteks müəyyən qədər bərpa edilmişdir. Həvarilər kilsəsi ərazisində XX əsrin əvvəllərində aparılan qazıntılar zamanı əldə edilən nəticələrdən dövrümüzə bir şey çatmamışdır. Belə ki, baxımsızlıq üzündən bütün tapıntılar itirilmiş və ya məhv olmuşdur.

Kilsənin zəmin planı memarlıqda "inscribed quatrefoil with corner chambers" olaraq bilinən tərzdə inşa edilmişdir. Başqa sözlə, düzbucaqlı planın içinə oturdulmuş dörd apisli iç quruluşun künclərdə əmələ gətirdiyi boşluqlar dörd şapellə doldurulub. Bu erməni abidələrində VII əsrdən sonra meydana gələn bir layihələşdirmə növüdür, lakin bu binada istifadə edilmiş naxışlar binanı XI əsrin ilk otuz ilinə aid etməyə imkan verir. Kilsəyə Şimal və Cənub apislərdəki qapılardan girilirmiş. Kilsənin üst qismindən çox az şeyin qalmasına baxmayaraq, 1909-cu il qazıntıları nəticəsində əldə edilən məmulatlara əsasən kilsəsnin uyğun modelini hazırlamaq mümkün olmuşdur. Mərkəzi qübbənin ağırlığını zəiflətmək üçün boş torpaq qapılardan istifadə edilmişdir. Kilsənin konik damının kirəmitlərinin arası nar və üzüm salxımı oymaları ilə bəzədilibmiş. Dörd künclərdəki şapellərin hər biri ayrıca kiçik kilsələrə bənzəyirmiş və hər birinin özünəməxsus incə dizaynı varmış. Hətta iki şərq şapelinin öz daxili hücrələri belə varmış. Ən qəribə cəhət isə kilsənin dörd küncündəki şapellərin də qübbəylə örtülməsidir ki, bu da Həvarilər kilsəsini bütün erməni kilsələrindən fərqləndirən ən mühüm cəhətdir.

  1. "Arxivlənmiş surət". 2011-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-29.
  2. Большая советская энциклопедия. Анийское царство [ölü keçid]
  3. İbni Əsir əl-Cəziri, "əl-Kamil fit-Tarix", c. 9, səh. 452 Arxivləşdirilib 2021-01-27 at the Wayback Machine, hicri 556
  4. "Yaşayan tarih — Ani harabeleri". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-29.
  5. "Armenian Studies program". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-29.