Anna Semyonovna Qolubkina (rus. Анна Семёновна Голубкина; 28 yanvar 1864, Zaraysk, Ryazan quberniyası - 7 sentyabr 1927, Zaraysk, Moskva vilayəti) — rus heykəltaraş. Şərəfinə Venerada krater adlandırılıb.
Anna Qolubkina | |
---|---|
rus. Анна Голубкина | |
Doğum adı | Anna Semyonovna Qolubkina |
Doğum tarixi | |
Doğum yeri | Zaraysk, Ryazan quberniyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Zaraysk, Moskva vilayəti |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
Moskva rəssamlıq, heykəltaraşlıq və memarlıq məktəbi İmperator Rəssamlıq Akademiyası |
Stillər |
impressionizm simvolizm |
Vikianbarda əlaqəli mediafayllar |
Anna Qolubkina 1864-cü ildə Ryazan quberniyasının (hazırda Moskva vilayəti) Zaraysk şəhərində anadan olmuşdur. 25 yaşında ikən Moskvaya getmiş və Anatoli Qunst tərəfindən təşkil edilmiş Qunst İncəsənət Məktəbinə (1889—1890-cı illər) daxil olmuşdur. Həmin məktəbdə Qolubkinanın bacarığını məşhur heykəltaraş və pedaqoq Sergey Volnuxin kəşf edir. Bir neçə il Moskva rəssamlıq, heykəltaraşlıq və memarlıq məktəbində təhsil alır. Ardınca Peterburqa köçür və 1894-1895-ci tədris ilində həvəskar dinləyici kimi Rəssamlıq Akademiyasında Vladimir Beklemişevin sinfində iştirak edir. 1895-ci ilin yayında Parisə gedərək, özəl Kolarossi Akademiyasında olur. 1897-ci ildə Rusiyaya qısamüddətli qayıdışından sonra Kamilla Klodelin yerinə keçərək, Ogüst Rodenin assistenti olur və onun əsərlərinin əl və ayaqları üzərində çalışır. Bu dövrdə onun "Qarı", "Alov", "Duman" kimi əsərləri meydana gəlir. "Qarı" əsərində heykəltaraş "Düşünən adam" əsərindən bəhrələnmişdir.
1901-ci ildə Moskvaya qayıtmışdır. 1904-1906-cı illərdə Moskva ticarət məktəbində, 1913-1916-cı illərdə Preçisten işçi kurslarında və 1918-1922-ci illərdə isə Ali Bədii-Texniki Emalatxanalarda (rus. ВХУТЕМАС) dərs demişdir. "Heykəltaraşlıq sənəti haqqında bir neçə söz" kitabının müəllifidir.
Ən məşhur rus qadın heykəltaraşlardan biri olan Anna Qolubkinanın işlədiyi bir çox əsərlər dəzgah heykəltaraşlığının klassikasına çevrilmişdir. Onun işləri ən böyük muzey və nadir kolleksiyalarda (Tretyakov qalereyası, Rus Muzeyi və s.) saxlanılır. Qolubkina öz əsərlərində əməkçi insanların obrazını yaratmış ilk heykəltaraşlardan olub.
Rusiyada Karl Marksın ilk heykəltaraşlıq portretini də məhz Qolubkina hazırlamışdır.
Ömrünün son illərində tez-tez vətəninə qayıdırdı. Zarayskda vəfat etmiş və həmin şəhərin qəbiristanlığında dəfn olunmuşdur.
1985-ci ildə Hindistanda yerləşən Beynəlxalq Astronomiya İttifaqının qurultayında Venerada yerləşən böyük kraterlərin birinə Qolubkinanın adının verilməsi barədə qərar qəbul olunub.[1] Hazırda Zaraysk şəhərində Qolubkinanın ev muzeyi fəaliyyət göstərir. 1999-cu ildə muzeydə heykəltaraşın Yuri İvanov tərəfindən işlənilmiş abidəsi qoyulub.[2] 21 may 1934-cü ildə Moskva şəhərində açılmış[3] Qolubkinanın muzey-emalatxanası Tretyakov qalereyasının filialı kimi fəaliyyət göstərir.