Apiterapiya

Apiterapiya (lat. apis – arı + terapiya) – arı zəhəri və onun məhsullarından istifadə etməklə müalicə. Apiterapiya arı zəhərinin iltihabaağrıya qarşı, həmçinin desensibilizasiya təsirinə əsaslanır. Onun təmizlənmiş preparatları daxilə (tablet şəklində) qəbul olunur, dəriyə sürtülür, inhalyasiya edilir. Müəyyən bioloji aktiv nöqtə və zonaları bilavasitə arı sancdıqda, təsiri daha effektiv olur. Apiterapiyadandan nevrolgiya, işias, xroniki artrit və artroz, bronxial astma, miqren, ləngsağalan yaralar, tromboflebit, obliterasiyalı endarteriit, ocaqlı dazlıq, irit və iridosiklit, xroniki adneksit zamanı istifadə edilir. Göz, dəri, sinir sistemi və s. xəstəliklər zamanı metabolik proseslərin stimulyasiyası üçün arının həyatı fəaliyyət məhsulları olan propolis, arı südü, tozcuq dəmləmə, tablet, məlhəm, quru maddə (apilak) və s. şəklində işlədilir. Apiterapiya qaraciyər, böyrək, mədəaltı vəzi, diabet, şişlər, vərəm, ürək çatışmazlığı, qan xəstəlikləri, infeksiyalar, kəskin arıqlama, psixi xəstəliklər zamanı əks göstərişdir.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 573. ISBN 978-9952-441-02-4.