Aqrar siyasət

Aqrar siyasət və ya kənd təsərrüfatı siyasətiaqrar-sənaye kompleksi sahələrinin səmərəli fəaliyyətinə, ərzaq bazarının dayanıqlı yüksəlişinə yönəlmiş tədbirlər kompleksi.

Məsələlər[redaktə | mənbəni redaktə et]

Aqrar siyasət qiymət, maliyyə, kreditvergi alətlərinin məcmusunu əhatə edən, dövlətin kənd təsərrüfatı və onunla bilavasitə əlaqədar olan sahələrin inkişafını tənzimləmə sistemi ilə idarə edilməsini nəzərdə tutur. Aqrar siyasətin tətbiqi sahəsində istehsal-ticarət və sosial-ekoloji tədbirləri əhatə edir. Bu həm sənayeyə, xarici ticarətə, həm də regional və ekoloji sahələrə aid siyasətlə koordinasiyada və qarşılıqlı əlaqədə işlənib hazırlanır və həyata keçirilir. Dünya iqtisadiyyatının qloballaşması prosesi aqrar siyasətin milli dövlət çərçivəsindən kənara çıxmasının, ilk növbədə onun regionlaşdırılmasının şərtlənməsinə gətirib çıxarır. Kənd təsərrüfatı məhsullarının ticarətinin beynəlxalq tənzimlənməsi müəyyən dərəcədə ÜTT tərəfindən qəbul edilmiş əksər regional ticarət sazişləri əsasında həyata keçirilir. Kənd təsərrüfatı siyasətinin rayonlaşdırılmasının ən inkişaf etmiş və təkmil forması Aİ-nin ümumi aqrar siyasətidir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Bazarın tənzimləyici və dövlətin yönəldici olduğu iqtisadiyyat modelinin aqrar siyasət üçün də universiallığını XX əsrin ikinci yarısı XXI əsrin əvvəllərindəki dünya təcrübəsi ilə təsdiqlənir. Köklü torpaq islahatları və bazar əsaslı kənd təsərrüfatı siyasətinə keçid 1960-cı illərdə Cənubi KoreyaTayvanın, 1970-ci illərdə Malayziya, Tailand, Meksika və digər inkişaf edən ölkələrin sürətli sənaye inkişafı üçün zəmin yaratmış, onları çiçəklənən yeni sənaye ölkələrinə çevirmişdir. Eyni zamanda, bu cür islahatların və siyasətin ləngidilməsi, yaxud qeyri-ardıcıl aparılması üçüncü dünyanın ayrı-ayrı ölkələrində, xüsusilə də Afrikanın tropik ərazilərində kənd təsərrüfatı istehsalının tənəzzülünə, ərzaq şəraitinin pisləşməsinə və ümumi iqtisadi inkişafın ləngiməsinə səbəb olmuşdur.[1]

Çinin 1980-ci illərdə kəndli ailələrinə müstəqil təsərrüfatçılıq etməyə, torpaqların uzunmüddətli icarəyə verilməsinə və icbari dövlət satınalmalarından sonra məhsulun qalan hissəsinin azad bazarda satılmasına icazə verilməsi ilə başlamış yeni aqrar siyasəti tədricən bazar alətlərinin fəaliyyət zonasını tədricən genişləndirməklə XXI əsrin əvvəlində ölkəni dünyanın ən əhəmiyyətli kənd təsərrüfatı istehsalçıları və ixracatçıları sırasına çıxarmışdır. Mütəxəssislər belə hesab edirlər ki, ölkədə aparılan aqrar siyasət Çin iqtisadiyyatını dünyada ən iri iqtisadiyyatlardan birinə çevirmiş sistemli transformasiyanın əsasını təşkil edir. Çinin aqrar siyasətinin uğurları Mərkəzi və Şərqi Avropa (MŞA) ölkələrində və keçmiş SSRİ respublikalarında köklü aqrar islahatlara mühüm təkan olmuşdur. Dövlət təsərrüfatlarının və kooperativlərin torpaq və əmlakının özəlləşdirilməsi, onların təşkilati cəhətdən yenidən qurulması, MDB-nin əksər ölkələrində bazar infrastrukturunun əsas elementlərinin məqsədyönlü formalaşdırılması nəticəsində Qərbi Avropa bazarına oxşar kənd təsərrüfatı bazarı modeli yaradılmışdır. MŞA-nın bu istiqamətdə ən qabaqcıl ölkələri aqrar istehsalın "transformasiya" dövrü tənəzzülünə nisbətən tez aradan qaldırmış və 2004-cü ildən Avropa İttifaqının (Aİ) ümumi kənd təsərrüfatı siyasəti sisteminə daxil olmağa başlamışdır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bazar özünütənzimləməsinin və özünümaliyyələşdirməsinin həlledici rol oynadığı halda aqrar siyasətdə dövlət tənzimləməsi ən mühüm amili olaraq qalır. 2001-ci ildə İƏİT-in üzvü olan dünyanın 30 ən inkişaf etmiş ölkəsində kənd təsərrüfatı məhsullarının dəyərində dövlət yardımının payı 45%, o cümlədən ABŞ-da 27% və dünya kənd təsərrüfatı ticarətində aparıcı rol oynayan Aİ ölkələrində 54% olmuşdur.[1]

1950-ci illərin sonundan etibarən Aİ-nin ümumi aqrar siyasəti bütövlükdə Aİ ölkələrində aqrar-sənaye istehsalının davamlı inkişafına və regional ərzaq təminatının yüksək səviyyəyə çatmasına səbəb olmuşdur. Aİ hesab edir ki, ümumi aqrar siyasət regional bazarı xarici rəqabətdən qoruyur, bazar siqnallarına və obyektiv rəqabət üstünlüklərinə uyğun olaraq dünya kənd təsərrüfatı istehsalı və ticarətinin inkişafına tab gətirmək üçün bir çox məhsulların geniş istehsalına və onların subsidiyalaşdırılmış ixracına gətirib çıxarır. Aİ-nin bütün büdcəsinin təxminən yarısı aqrar siyasətin həyata keçirilməsinə sərf olunur. Bu, qida istehlakçıları və vergi ödəyiciləri kimi Aİ vətəndaşları üçün ciddi problemlər yaradır. ÜTT-nin kənd təsərrüfatı üzrə sazişi siyasəti iqtisadiyyatlarında keçid dövrünü yaşayan Avropa ölkələrinin hesabına qlobal kənd-ərzaq ticarətini daha da liberallaşdırmaq məqsədi daşıyır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Aqrar siyasət // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 44–46.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]