Aratta dövləti

Aratta – qədim MesopotamiyaElam mənbələrində adı çəkilən və ehtimal ki, Qafqaz, İran (Cənubi Azərbaycan) və ya indiki Azərbaycanın ərazisində yerləşmiş qədim bir şəhər və ya bölgədir. Aratta ilk dəfə Şumer ədəbiyyatında, xüsusilə “Enmerkar və Arattanın ağası” adlı epik poemada xatırlanır.

Tarixi dövlət
Aratta

Rəsmi dilləri
Dövlət dini politeizm
Aratta haqqında əsas məqamlar

Coğrafi mövqe: Arattanın dəqiq yeri tarixçilər və arxeoloqlar arasında hələ də mübahisəli məsələdir. Bəzi tədqiqatçılar onun indiki İranın qərbində, bəziləri isə Cənubi Qafqazda, yəni Azərbaycanın ərazisində yerləşdiyini düşünür. Bu regionların hər ikisi qədim ticarət yollarına yaxın idi və burada zəngin resurslar var idi.

Mədəni və iqtisadi xüsusiyyətləri: Arattanın zəngin minerallara və xüsusilə də daşlara sahib olduğu qeyd olunur. Şumer mətnlərinə görə, Aratta qızıl, gümüş və lapis lazuli kimi qiymətli daşlarla zəngin idi və bunları Uruk şəhərinə ixrac edirdi. Şumer və Aratta arasında çox güclü ticarət əlaqələrinin olduğu düşünülür.

Şumer mifologiyasında yeri: Şumer epik mətnlərində Aratta mədəniyyət və sənət baxımından inkişaf etmiş bir region kimi təsvir olunur. “Enmerkar və Arattanın ağası” epik poemasında Uruk şəhərinin hökmdarı Enmerkar, Arattanın hökmdarından onun şəhərinə boyun əyməsini və ticarət əlaqələrinin qurulmasını tələb edir.

Şumer yazılarında Aratta: Aratta haqqında məlumatlar əsasən Şumer ədəbiyyatına əsaslanır. Onun adı digər mənbələrdə çox nadir hallarda xatırlanır. Bu da Arattanın tarixi bir ölkə olub-olmadığını və ya yalnız bir mifoloji bölgə olduğunu müəyyən etməyi çətinləşdirir.

Aratta ilə bağlı nəzəriyyələr: Arattanın dəqiq coğrafi mövqeyi ilə bağlı müxtəlif nəzəriyyələr var. Bəzi alimlər Arattanın indiki Azərbaycanın ərazisində yerləşdiyini düşünürlər. Bu nəzəriyyəyə görə, Azərbaycanın zəngin təbii resursları Arattanın təsvirlərinə uyğun gəlir. Digər nəzəriyyələr isə onun İranın qədim şəhərlərindən biri olma ehtimalını irəli sürür.

Ümumilikdə, Aratta qədim Yaxın Şərq mədəniyyətləri və Şumer mifologiyası haqqında maraqlı və sirli bir bölgədir. Onun dəqiq məkanı və tarixi mövcudluğu isə müasir tədqiqatçılar üçün hələ də araşdırma mövzusudur.[1]

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
"En-Merkar və Aratta hökmdarı" əsərindən fraqment

Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi ilə bağlı bu ərazini uzaq Əfqanıstanda və oradan Qərbə doğru uzanan yollar üzərində yerləşdirilmək kimi müxtəlif fərziyyə və mülahizələr irəli sürülsə də, Şumer qaynaqlarından əldə edilən məlumatların təhlili Aratta toponiminin Cənubi Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq ərazilərinə veriiən ad olduğunu təsdiq edir. Dastanda Aratta ölkəsinin Cənubi Azərbaycan torpaqları olduğunu müəyyən edən məlumatlar mövcuddur. Şumer dastanlarından məlum olur ki, Aratta dağlıq ölkə idi, burada qiymətli lacivərd daşı istehsal olunurdu. Bu daş Şumerə Arattadan gətirilirdi, Aratta ustaları Şumerə çağırılır, arattalılar Şumerlə mal mübadiləsi aparırdı. Bu məlumatlar Arattanın Şumerlə qonşu ərazi olduğunu göstərir. Aratta ölkəsinin Cənubi Azərbaycan torpaqları olduğunu Şumer dastanındakı "Qara dağı" keçdikdən sonra, beş, altı, yeddi dağı aşdı və Aratta ölkəsinə daxil oldu" ifadəsindən də müəyyən etmək mümkündür. Qaynaqda adı çəkilən Qara dağ toponimi İraqdan İrana keçidi təşkil edən indiki Süleymaniyyə ərazisində yerləşən Qaradağ ilə eyniyyət təşkil edir. Süleymaniyyədən isə yol Azərbaycanın cənub torpaqlarına çıxırdı. Süleymaniyyə keçidinin adı e.ə. VIIİ əsrdə Assur hökmdanll Sarqonun (e.ə. 722-705) Mannaya yürüşü ilə bağlı qaynaqda da çəkilir, "...yeddi dağı çətinliklə aşdım, oradan axan Rappa və Aratta çaylarının gur vaxtında keçdim, Mannanın vilayəti Surikaşa endim" ifadəsində yad edilən yeddi dağ və Aratta dövlətinin adını saxlamış çay Şumer dastanındakı coğrafi mühitlə eyniyyət təşkil edir. Arattanın sərhədləri isə cənub-şərqdə Zəncana, cənub-qərbdə isə Sənəndəcin şimalına - Zəribər gölünə kimi çatırdı. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi.[2]

En-Merkarın dövründə Elam ərazisi təbii sərvətlərlə zəngin Aratta ölkəsinə getmək üçün tranzit kimi istifadə olunurdu. Bu barədə şumer mənbələrində qeyd olunur ki, I Uruk sülaləsinin beşinci hökmdan Gilqameş (e.ə. XXVII əsrin sonu) sidr ağacı əldə etmək üçün kiçik bir dəstə ilə Elama yürüş edir. Elamın sidr meşələri Zabu vilayətinin Hurrum adlanan dağlıq hissəsində yerləşirdi. Arattaya gedən yol buradan keçirdi.[3]

Şumeroloq Samuel Kramer Luqalbandanın əfsanəsində qeyd olunan Hurum dağını hürrilətlə əlaqələndirərək Arattanın Urmiya gölünün yaxınlığında olduğunu qeyd edir[4]. Bəzi tədqiqatçılar Arattanın Əfqanıstandan Mesopatamiyaya uzanan ticarət yolunun üzərində olduğunu güman edilirlər. Bu yolla qiymətli daşların da ticarəti aparılırdı. Qədim dövrdə lazurit yataqlarının ancaq hazırda Bədəxşanda olduğu məlum idi. Həmçinin Arattanın İranın şərqində yerləşməsi, onun Urartu adının fərqli forması olması kimi fərziyələr var. [5]

Əhalisinin məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Zəngin yeraltı faydalı sərvətləri olan Aratta ölkəsinin əhalisi qızıl, gümüş, mis, dağ daşı, qiymətli lacivərd daşı hasil edirdi. Qiymətli metallardan hazırlanmış əşyalar və lacivərd daşı İkiçayarasma ixrac edilirdi. Aratta əhalisi əsasən sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdu. Burada məbəd və saray tikən, divarlara qiymətli daşlardan naxışlar vuran mahir ustalar vardı. Arattalılar qiymətli metal və daşlardan nadir zinət əşyaları hazırlayırdılar. Aratta ustalarının sənətkarlığı Ikiçayarasında yüksək qiymətləndirilirdi. Urukda saray və məbədlərin tikintisinə Aratta ustaları dəvət edilirdi. Tikintidə istifadə olunacaq lacivərd, qızıl-gümüş Arattadan gətirilirdi. Aratta əhalisi əkinçiliklə də məşğul olur, buğda, noxud becərirdi. Arattada dəmyə əkinçiliyi mövcud idi, yəni əkinçilik yağış sularından asılı idi. Qaynaqlarda bu məlumat belə təsvir edilir:

" Tanrıların ali kahini İşkur göyü guruldadır, ildırım çaxdırır, dağlara lərzə saldırır və yağış yağdırır. Bu zaman buğda və noxud göyərir.[6] "

En-Merkar Aratta ustalarının Uruka gəlməsini ilahə İnannadan xahiş edir:

" Xanımım İnanna, Aratta adamları qoy mənə qızılı və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parçalarından, qızıl-gümüş qatışığından... Urukda, açıq təpədə sən yaşadığın "Anşan evi"ndə qoy məbəd tiksinlər. İşıqlı Giparın (İnanna və kahinlərin yaşadıqları yer) ortasını qoy Aratta adamları mənimçün bəzəsinlər.[6] "

Sosial-ictimai qurumlar

[redaktə | mənbəni redaktə et]

Arattada mövcud olan siyasi və ideoloji qurumlar şumer məfhumları ilə ifadə olunurdu. Aratta ölkəsini еnsi rütbəsi daşıyan hökmdar idarə edirdi. Şumerdə də ensi rütbəsi var idi. Lakin bu rütbə ali kahin - hökmdara şamil edilirdi. E ə. III minilliyin I yarısında Arattada dövlət idarəetmə strukturunda maşmaş (kahin, vəzir), sukkal (elçi, kiçik hökmdar, əyalət hakimi), uqula (rəis) kimi əsilzadə təbəqəsinə daxil edilən qulluqçular əsas yer tuturdu. Aratta dövlət idarələri şumer mixi işarələri və şumer dili ilə tanış idi. Şumer Arattada dövlət idarəsində mirzələr də çalışırdı. Onlar həm Şumer hökmdarlarına cavab yazır, həm də Şumerdən göndərilən məktubları tərcümə edirdilər. Aratta arasında əlaqə elçi vasitəsi ilə həyata keçirilirdi.[6]

Arattada politeizm - yəni müxtəlif tanrı və ilahələrə sitayiş mövcud olmuşdur. Tanrıların ali kahini İşkur adlanır və o, "göyü guruldadır, ildırım çaxdırır və yağış yağdırır". Bərəkət və məhəbbət ilahəsi hesab edilən İnannaya sitayiş Arattada geniş yayılmışdı. Akkadlar bu ilahəni İştar adlandırırdılar. Şumer tanrısı Dumuzi həmçinin Arattaya himayədarlıq edirdi. Ola bilsin ki, Aratta panteonuna ilahə başçılıq edirdi və nəsli quruluşun qalıqları Arattanın dini dünyagörüşündə də öz əksini tapmışdı. Qaynaqlarda Aratta ilə əlaqədar adı çəkilən digər bir ilahə Arattanın mühafizəkarı hesab edilən Lama ilahəsidir.[6] İlahə Lama Arattanın mühafizəkarı hesab edilirdi. O, sırf Aratta ilahəsi imiş.

Şumer dastanlarında Arratta

[redaktə | mənbəni redaktə et]
Şumer yazılarında Aratta

Aratta tayfa ittifaqı ilə bağlı (e.ə. III minilliyin I yarısı) ilkin məlumatı şumer dastanları verir. Bu mixi yazılı dastanlar aşağıdakılardırː

  1. En-Merkar və Aratta hökmdarı[7][8]
  2. En-Merkar və En-Sukuşsiranna[9]
  3. En-Merkar və Luqalbanda
  4. Luqalbanda və Hurrum dağı
  5. Luqalbanda və Anzud quşu[1][10]

Əfsanələrə görə Uruk (Şumer şəhər dövləti) ilə Aratta arasında əlaqələr gah düşmənçilik, gah dinc, gah dostluq xarakteri daşıyır[11]. En-Merkar (Uruk hökmdarı) Arattanın Uruka tabe olmasını tələb edir. Aratta hökmdarı da öz növbəsində Uruku Arattaya tabe etmək üçün tədbirlər görür. Lakin sami tayfaları Uruk şəhərini mühasirə edən zaman En-Merkar hərbi yardım almaq üçün Aratta hökmdarına müraciət edir. Şumerlər Uruk şəhərindəki məbədləri bərpa etmək üçün tikinti materiallarına, qiymətli metal və daşlara ehtiyac duyurdular. Uruk hökmdarı En-Merkar bu materialların Arattadan gətirilməsini istəyirdi. O, Aratta hökmdarı ilə yazışmalar aparır, qasidlər göndərir və hətta bu ölkəyə səfər edir.

Şumerlə Aratta arasında bəzən siyasi rəqabət güclənirdi. Aratta hökmdarı En-Sukuşsiranna En-Merkardan onu ali hakim kimi tanımasını tələb edir[12]. En-Merkar isə ona əks tələb göndərir. Belə olduqda En-Sukuşsiranna şuranı toplayır. Şura üzvləri ona En-Merkara tabe olmağı məsləhət görürlər. Aratta hökmdarı bu təklifi rədd edir və kahini Urqirunnunanı Uruku tutmağa göndərir. Lakin son məqamda kahin məğlub olur. Buna baxmayaraq yəqin ki, En-Merkar Arattaya bir müttəfiq kimi baxırdı. Sami tayfaları Şumeri narahat edən zaman o, məhz Aratta hökmdarından kömək diləmiş və bu məqsədlə Arattaya Luqalbandanı göndərmişdi.

Şumer-Aratta əlaqələri "En-Merkar və Aratta hökmdarı" dastanında nisbətən geniş əks olunmuşdur. En-Merkar Aratta hökmdarına qasidlə xəbər göndərir ki, o, Şumerə tabe olsun və məbəd tikintisi üçün material göndərsin. Əvəzində En-Merkar Arattaya taxıl göndərəcəyini vəd edir. Aratta hökmdarı Şumerə tabe olmaq tələbinə qarşı qasidə belə cavab verir:

" Mən ali kahinəm, təmiz əl (ilahə İnanna) tərəfindən təyin olunmuşam... Xoş sifət İnanna həqiqətən məni Arattaya, "saf ənənələr ölkəsinə" gətirdi, məni sanki böyük darvaza kimi, dağlarda onun önünə qoydu. Məgər Aratta Uruka tabe ola bilərmi? Aratta Uruka boyun əyməyəcəkdir! "

Qasid En-Merkarın adından Aratta hökmdarına hədə-qorxu gəlir:

" "Qasid, Arattanın ali kahininə de ki, onun şəhərinin (əhalisini) vəhşi göyərçinlər kimi, ağacdan hürküdərəm, onları quş kimi yuvada tutaram, satılmış (qul) kimi mən onu öldürərəm, dağılmış şəhər kimi onun toz-torpağını yığaram. Arattanın əhalisini Engi (şumerlərin müdriklik və yeraltı sular tanrısı) lənətə gətirmişdir... Ona (Arattaya) qarşı İnanna hiddətlənmişdir. "

Aratta hökmdarı En-Merkarın hədələrinə məhəl qoymadı və qasid vasitəsilə onunla mübahisəyə girişdi, münaqişəni sülh yolu ilə həll etmək istədi. Aratta hökmdarı qasidə cavab verdi ki, "Arattada göz yaşə çilənir, su burulur, un tökülür, ölkədə qurbankəsmə, dua, ibadət vardır, nə beş adam, nə on adam (yəni çox adam) vardır. Uruk necə dağlara qarşı çıxış edə bilər? Sənin ağan silaha sarılmaq istəyir, mən isə təkbətək vuruşmağa (yaxud mübahisəyə) çağırıram". Aratta hökmdarı ölkənin məharətindən, qəhrəmanlığından danışır, onu dağlara qaranlıq yayan axşam şəfəqinə, üzü parıltı ilə dolu olan və göyə qalxan aya, dağlara çəpər olan ağaclara bənzədir və En-Merkardan taxıl göndərməsini tələb edir. Eyni zamanda En-Merkar tələb edir ki, Aratta hökmdarı onun yanına gəlsin, sonuncu isə En-Merkarın Arattaya gəlməsini təklif edir:

" O, torbaları ayırdı, içini taxıl ilə doldurdu... Yükü eşşəklərə yüklədikdən sonra ağa, müdrik kahin, Uruk şəhərinin ali hökmdarı, Kulabın (Urukun dini məhəlləsi) ali kahini Aratta yolu ilə taxılı göndərdi. Adamlar qarışqa kimi torpağın dəlik-deşiyindən çıxıb Arattaya getdilər. Ali hökmdar Arattaya, özgə ölkəsinə gedən qasidə dedi: "Qasid! Arattanın ali hökmdarına de ki,... lacivərdi bir ağac kimi qoy əlinə alsın, Arattanın ali hökmdarı qoy mənim yanıma gəlsin. "

En-Merkar qarşıya Arattanı siyasi cəhətdən Uruka tabe etmək məqsədini qoymuşdu. Aratta hökmdarı sonralar lacivərdi və digər materialları İkiçayarasına göndərdi, lakin onun itaətkarı olması tələbinə məhəl qoymadı.

  1. 1 2 Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər) (az.). Bakı: Şərq-Qərb. 2011. 24. ISBN 978-9952-34-677-0.
  2. Paşayeva, Məhəbbət. Azərbaycanın qədim dövlətləri. (e.ə. III minillik - III əsrin əvvəlləri) (az.) Bakı: İqtisad Universiteti nəşriyyatı. 2018. 29-30
  3. Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər) (az.). Bakı: Şərq-Qərb. 2011. 42. ISBN 978-9952-34-677-0.
  4. Kramer, Samuel Noah. The Sumerians: Their History, Culture, and Character. (en.) Chicago & Londonː The University of Chicago press, 1963. 275. ISBNː 0-226-45238-7
  5. David Rohl Legend: The Genesis of Civilisation, Century Publishing, 1998 ISBN 0-7126-8017-9
  6. 1 2 3 4 Paşayeva, Məhəbbət. Azərbaycanın qədim dövlətləri. (e.ə. III minillik - III əsrin əvvəlləri) (az.) Bakı: İqtisad Universiteti nəşriyyatı. 2018. 31-32
  7. Paşayeva, Məhəbbət. Azərbaycanın qədim dövlətləri. (e.ə. III minillik - III əsrin əvvəlləri) (az.) Bakı: İqtisad Universiteti nəşriyyatı. 2018. 10
  8. "The Electronic Text Corpus of Sumerian Literature". Etcsl.orinst.ox.ac.uk. İstifadə tarixi: 12.10.2024.
  9. "The Electronic Text Corpus of Sumerian Literature". Etcsl.orinst.ox.ac.uk. İstifadə tarixi: 12.10.2024.
  10. "The Electronic Text Corpus of Sumerian Literature". Etcsl.orinst.ox.ac.uk. İstifadə tarixi: 12.10.2024.
  11. "The Electronic Text Corpus of Sumerian Literature". Etcsl.orinst.ox.ac.uk. 26 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2018.
  12. "The Electronic Text Corpus of Sumerian Literature". 2011-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-26.
  1. Hansman I. The Question of Aratta // JNES, 1978, vol. 37, p. 331-336.
  2. Majidzadeh Y. The Land of Aratta // JNES, 1976, vol. 35, p. 105-113
  3. Samuel Noah Kramer. Enmerkar and the Lord of Aratta: A Sumerian Epic Tale of Iraq and Iran. Oregon: Wipf and Stock Publishers, 2023, 88 p.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]