Arekipa (Arequipa) – Perunun ən böyük ikinci şəhəri. Ölkənin cənubunda yerləşir. Arekipa departamentinin inzibati mərkəzi. Əhalisi 844 min (2005). Sakit okean sahilindən 80 km aralı, Misti vulkanının ətəyində, təqr. 2300 m hündürlükdə yerləşir. Mühüm nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Cənubi Perunun əsas ticarət, sənaye və mədəniyyət mərkəzidir. 1540-cı ildə ispan konkistadoru F. Pisarro tərəfindən inklərin qədim şəhəri işğal edildikdən sonra yerində istehkamlı yaşayış məntəqəsi Arekiba salınmışdır. Sənayesində yeyinti, yüngül, kimya, qara metallurgiya, maşınqayırma və metal emalı üstündür. Xidmət sahələri, yun ticarəti inkişaf etmişdir. K.t. r-nu mərkəzidir. Yaxınlığında mis filizi hasil edilir. Universitet, 16–18 əsrlərə aid memarlıq abidələri var.[1]
Perunun iri şəhəri Arekipanın adı demək olar ki, lətifəsayaq səhvin səbəbindən yaranıb. XVI əsrdə buraya ispan konkistadorlar dəstəsi daxil olarkən onlardan biri inklərin imperatoruna müraciət edərək torpağı — yeri göstərir və soruşur: "Bu ölkə necə adlanır?" İmperator yorğun yadellinin əl-qol hərəkətlərini onun hüzurunda oturmaq üçün icazə xahişi kimi anlayaraq dedi: "Arekipa!" Bunun mənası isə "otur!" deməkdir. İspan isə bunu ölkənin adı kimi başa düşür və xəritəyə bu yeri "Arekipra" yaxır. Beləliklə, Arekipa şəhərinin adı qoyuldu.