Manu Milli Parkı (isp. Parque nacional del Manu) — Perunun Madre de Dios və Paukartambo departamentlərində yerləşən milli park və biosfer qoruğu. 1973-cü ildə bu ərazilər milli park elan edilmişdir. 1977-ci ildə bu milli park biosfer qoruğu, 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Perunun ən böyük milli parkıdır, sahəsi 15.328 km2-dir. Biosfer qoruğu statusu almış 2.570 km2 sahəni və Mədəni Zona statusu almış 914 km2 sahə də nəzərə aldıqda sahəsi 18.811 km2-dir.
Manu Milli Parkı | |
---|---|
isp. Parque nacional del Manu | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 15.328 km2 ha |
Yaradılma tarixi | 29 may 1973 |
İdarəetmə orqanı | SERNANP |
Yerləşməsi | |
11°51′23″ c. e. 71°43′17″ q. u.HGYO | |
Ölkə | Peru |
Yaxın şəhər | Kusko |
visitmanu.com | |
|
|
Rəsmi adı | ing. Manú National Park |
Tipi | Təbii |
Kriteriya | ix, x |
Tarixi | 1987 (11-ci sessiya) |
İstinad nöm. | 402 |
Region | Latın Amerikası və Karib hövzəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Milli park 150–4200 metr[1] hündürlüyündə olan ərazilərdə yerləşən Amazon meşələrini və Peru yunqalarını əhatə edir. Biomüxtəliflilik həddən artıq zəngindir. Manu Milli Parkında ümumilikdə 20.000 bitki növü qeydə alınmışdır, sadə 1 hektar ərazidə 250 növ ağac tapılmışdır. Buraya bütün dünyadan quş müşahidəçiləri gəlməkdədir. İndiyə qədər burada 1000-dən çox quş növü müşahidə olunmuşdur. Bu isə bütün ABŞ və Kanada ərazisində tapılan quş növlərinin sayından çoxdur.[2]
Milli park ərazisində Manu çayı, onun And dağlarında yerləşən qolları və töküldüyü Madre de Dios çayı yerləşir. Milli parkı əhatəyə alan ərazilər yaxşı öyrənilməmişdir. Ovalıqlara yalnızca qayıqla Manu çayı ilə çatmaq mümkündür.
Digər milli parklar kimi Manu Milli Parkı da INRENA tərəfindən idarə olunur.
Milli parkda həmişəlik yaşayan yeganə xalq Maçiqenqa tayfasıdır. Onların yaşayış məskənləri Manu çayı və onun qolları boyunca yerləşir. Milli parka bitişik bəzi bölgələrdə əkinçilik, turizm, ovçuluq, ağackəsmə kimi fəaliyyətlərə icazə verilir. Bu bölgələr milli parkla sərhəddə olsalar da, onun bir hissəsi deyillər.
Milli parkda INRENA-nın dəstəyi ilə tədqiqat işləri də aparılır. Duke Universitetindən olan ekoloq Con Terborq tərəfindən idarə olunan Koça Kaşu Bioloji Stansiyası milli parkda ən böyük tədqiqat mərkəzidir. Madre de Dios çayı boyunca, milli parkın cənub-şərqində Mədəni Zona yerləşir və burada da Manu Təlim Mərkəzi vardır.
Burada 20.000 bitki növü qeydə alınmışdır. Ərazisinin 40 %-i Amazon ovalığında yerləşir. Burada ekvatorial meşələr, varzealar, göllər, bataqlıqlar vardır.
Manu Milli Parkı zəngin faunaya sahibdir. Meşələrində yaquar, puma, oselot, su samuru, böyük qarışqayeyən, cənub tamanduası, böyük armadillo, doqquz bantlı armadillo, qəhvəyi boğazlı tənbəl, Hofman ikibarmaqlı tənbəl, düzənlik tapiri, kapibara, pakarana, paka, yaxalı pekari, ağ dodaqlı pekari və mazama americana, mazama nemorivaga kimi bir neçə maral növü yaşayır. Bataqlıq maralının da burada yaşadığı qeydə alınmışdır. 14 meymun növü tapılmışdır. Bunlara Qoldi ipək meymunu, cücə ipək meymunu, ağ sifətli kapuçin, kəkilli kapuçin, qəhvəyi xəzli tamarin, imperator tamarini, bığlı tamarin, qara papaqlı dələ meymunu, qarabaş gecə meymunu, qəhvəyi titi, Rio Tapaxis sakisi, Boliviya qırmızı uluyanı, Peru hörümçək meymunu, boz yunlu meymun aiddir. Dağlıq zonalarda ağquyruq maral, mazama chunyi, And tülküsü, dağ pakası, eynəkli ayı yaşayır. 3450 metr hündürlükdə pumalar məskunlaşmışdır.[3]