Arxeometriya

Arxeologiya elmi, yəni arxeometriya arxeoloji materialların və abidələrin təhlili üçün elmi texnikanın tətbiqindən ibarətdir. Bu isə özlüyündə arxeologiyanın metodologiyası ilə bağlıdır. Martinon-Torres və Killik “elmi arxeologiya”nı (qneseologiya kimi) “arxeologiya elmi”ndən (arxeoloji materialların analizinə xüsusi texnikaların tətbiqi) ayırırlar.[1] Martinon-Torres və Killik iddia edirlər ki, “arxeologiya elmi” arxeologiyada yüksək səviyyəli nəzəriyyənin inkişafına təkan vermişdir. Bunun əksinə olaraq, Smit arxeologiya elminin hər iki konsepsiyasını rədd edir, çünki onun fikrincə, bu yanaşmalardan heç biri səbəb-nəticə əlaqələrinin axtarışında rol oynamır.[2] Onu da qeyd etmək lazımdır ki, Birləşmiş Krallıqda Təbii və Ətraf Mühitin Tədqiqatları Şurası arxeologiya üçün nəzərdə tutulan maliyyədən ayrı olaraq arxeometriya üçün maliyyə ayırır.[3]

Arxeometriyanın növləri

[redaktə | mənbəni redaktə et]

Arxeometriyanı aşağıdakı sahələrə bölmək olar:

  • arxeoloqları mütləq və nisbi xronologiyalarla təmin edən fiziki və kimyəvi tarixləndirmə üsulları;
  • artefakt tədqiqatları;
  • qədim landşaftlar, iqlimlər, flora və fauna, eləcə də insanların qidalanması, sağlamlığı və rast gəlinən patologiyalar haqqında məlumat verən ekoloji yanaşmalar;
  • məlumatların işlənməsi üçün riyazi üsullar (kompüter əsaslı üsullar daxil olmaqla);
  • yerin altında olan obyektlərin yerini dəqiqləşdirmək üçün istifadə edilən məsafədən zondlama və geofiziki-tədqiqat üsulları;
  • tənəzzül proseslərinin öyrənilməsini və yeni qorunma üsullarının işlənib hazırlanmasını nəzərdə tutan konservasiya elmləri.

Litik (daş) analiz, arxeometallurgiya, paleobotanika, palinologiya və zooarxeologiya da arxeometriyanın alt sahələrini təşkil edir.[4]

Tarixləndirmə üsulları

[redaktə | mənbəni redaktə et]

Arxeometriya arxeoloji təbəqələr və artefaktlar üçün mütləq tarixlər verə bildiyindən xüsusi dəyərə malikdir. Ən vacib tarixləndirmə üsullarından bəziləri bunlardır:

  • radiokarbon tarixləndirmə üsulu – bu üsul xüsusilə üzvi maddələrin tarixləndirilməsi zamanı istifadə olunur.
  • dendroxronologiya — ağaclarla tarixləndirmə. Bu üsul radiokarbon tarixlərinin kalibrlənməsi üçün də çox vacibdir.
  • termolüminessensiya — qeyri-üzvi materialların (o cümlədən keramika) vasitəsilə tarixləndirmə üsuludur.
  • optik stimullaşdırılan lüminesans (OSL) — şaquli və üfüqi stratiqrafik kəsiklərdə basdırılmış torpaq səthlərinin mütləq yaşının təyin edilməsi və nisbətən profilinin çıxarılması üçün istifadə olunur. Əksər hallarda çöküntü cisimləri daxilində kvars dənələrindən atılan fotonların ölçülməsi yolu ilə hesablanır (bu üsul həm də kalium feldispatları vasitəsilə həyata keçirilə bilər. Lakin bəzi səbəblərdən çox vaxt kvars əsaslı analizlərin istifadəsinə üstünlük verilir).
  • elektron spin (electron fırlanma) rezonansı - dişlər vasitəsilə tarixləndirmədə istifadə olunur.
  • kalium-arqon tarixləndirmə üsulu — vulkanik çöküntülərlə təmasda fosilləşmiş hominid qalıqlarının (fosil qalıqların özləri bilavasitə tarixləndirmədə istifadə edilmir) yaşlarının müəyyən edilməsi üçün istifadə edilir.

Artefakt tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Arxeometriyanın digər mühüm alt sahəsi artefaktların tədqiqata cəlb olunmasıdır. Arxeometriya ilə məşğul olan alimlər artefaktların tərkibini, eləcə də mənşəyini müəyyən etmək üçün artefaktları təhlil etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bu üsullara aşağıdakılar daxildir:

  • X-ray floresansı (XRF)
  • induktiv birləşdirilmiş plazma kütlə spektrometriyası (ICP-MS)
  • neytron aktivasiya analizi (NAA)
  • skan edən elektron mikroskopiya (SEM)
  • lazerin səbəb olduğu parçalanma spektroskopiyası (LIBS)
  • qurğuşun, stronsiumoksigen izotop analizinin köməkliyi ilə tədqiqat subyektlərinin qida rasionunu, hətta onların doğulduğu yerləri təxmin etmək üçün insan qalıqları analiz edilir.

Mənşə təhlili müəyyən bir artefakt hazırlamaq üçün istifadə olunan materialların orijinal mənbəyini müəyyən etmək potensialına malikdir. Bu, artefaktın və ya onun hazırlandığı maddənin haradan gətirildiyini və mübadilə sistemlərinin mövcudluğunu göstərə bilər.[5]

Arxeoloji abidələrin müəyyən edilməsi

[redaktə | mənbəni redaktə et]

Arxeometriya potensial qazıntı sahələrini tapmaqda mühüm vasitədir. Uzaqdan zondlamanın istifadəsi arxeoloqlara başqa üsullarla müqayisədə daha çox arxeoloji əraziləri müəyyən etməyə imkan verir. Aerofotoqrafiyadan istifadə (peyk çəkilişləri və Lidar daxil olmaqla) uzaqdan zondlamanın ən geniş yayılmış üsulu olaraq qalır. Yerüstü geofiziki tədqiqatlar müəyyən edilmiş abidələrdə arxeoloji xüsusiyyətləri müəyyən etməyə və xəritələşdirməyə kömək edir.[6]

  1. Martinón-Torres and Killick, Marcos and David. Archaeological Theories and Archaeological Sciences in "The Oxford Handbook of Archaeological Theory". Oxford University Press.
  2. Smith, Michael E. "Social science and archaeological enquiry". Antiquity. 91 (356). 4 April 2017. 520–528.
  3. Killick, D; Young, SMM. Archaeology and Archaeometry: From Casual Dating to a Meaningful Relationship?. Antiquity. 1997.
  4. Tite, M.S. Archaeological Science - past achievements and future prospects. Archaeometry 31. 1991. 139-151.
  5. Lambert, JB. Traces of the Past: Unraveling the Secrets of Archaeology Through Chemistry. Addison-Wesley. 1997.
  6. Aitken, MJ. Physics and Archaeology. Interscience Publishers. 1961.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]