Fauna (lat. Fauna — meşə və çöl ilahəsi, heyvanların himayədarı) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu. Süxurların və ya çöküntü qatlarının arasında olan orqanizm qalıqlarının kompleksi də fauna adlanır.
Bu və ya digər rayonun faunası müxtəlif heyvan qruplarından (faunistik kompleksdən) ibarətdir. Tundra, meşə, çöl, yarımsəhra, səhra faunistik kompleksləri olur. fauna termini müxtəlif istematik kateqoriyadan olan heyvanlara müəyyən ərazidə (quşların faunası, böcəklərin faunası) aid edilə bilər.[1]
Yerin çoxəsrlik tarixində bir çox faunalar biri digərini əvəz etmişdir. Bu, bir tərəfdən yeni növlərin yayılmasına, digər tərəfdənsə sayın azalmasına və əvvəllər dominant olmuş bir sıra növlərin məhvinə səbəb olmuşdur. Fauna termini həm müxtəlif sistematik qruplara aid heyvanlara, həm həyat tərzi və yaşayış şəraitinin oxşar olmasına görə birləşdirilmiş heyvan qruplarına, həm də insan üçün əhəmiyyəti olan heyvanlara aid edilir.[2]
Fauna analizi – hər hansı əraziyə və ya müəyyən biosenozun tərkibinə daxil olan heyvanların tam növ tərkibi. Fauna fondu – müəyyən regionun heyvanat aləmi növlərinin məcmusu.