At şabalıdı

Adi atşabalıdı (lat. Aesculus hippocastanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü.

Adi atşabalıdı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dünya florasının tərkibində fəsilənin 18–20-ə qədər növünə təsadüf edilir. Bu növlərin içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atşabalıdı — Aesculus hippocastanum L. hesab edilir.

Atşabalıdı ilə adi şabalıd morfoloji və generativ xüsusiyyətlərinə görə bir-birinə oxşar olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, atşabalıdının meyvəsi acımtıl olduğu halda, adi şabalıdın meyvəsi yeməlidir.

Aesculus L. cinsinin növləri ən çox Balkan yarımadasında, şimali Amerika ərazilərində, şərqi Asiyada, Himalayda, keçmiş SSRİ ərazilərində yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir.

Atşabalıdı mədəni halda ən çox Ukraynada əkilib becərilir. Burada hər il 190 tona yaxın toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.

Atşabalıdı — Aesculus hippocastanum L. Atşabalıdı ilə adi yeməli şabalıd bir-birlərinə oxşamalarına baxmayaraq cins və fəsilələri bir-birindən kəskin fərqlidir. Xalq arasında hər ikisi şabalıd adı ilə çağırılır. Hər ikisi xarici görünüşlərinə, gövdələrinin quruluşlarına, tünd-qəhvəyi rəngli meyvələrin meyvəyanlığı, çox da böyük olmayan kirpini xatırladan tikanlı meyvələri ilə bir-birlərinə çox oxşayırlar.

Hündürlüyü 15–30 m-ə çatan, sıx dairəvi və yaxud piramidaya oxşar çətirə malik olan ağacdır. 4–5 ədəd dişəoxşar yarpağı mürəkkəb yarpaq olub sayı, saplaqlarının uzunluqları 15–25 sm-dir. Tumurcuqları iri, uzunluğu 1–3 sm, yapışqanlıdır. Çiçəkləri ikicinsli ağımtıl, qırmızı ləkəli, ətirli, sıx iri süpürgəvari çiçək qrupunda yerləşmişdir. Meyvəsi şarvari qutucuq olub açılanda içərisində şarabənzər parlaq toxumları diqqəti cəlb edir. Bitki aprel-iyun aylarında çiçək açır. Sentyabr-oktyabr aylarında meyvə verir. Mədəni halda şəhər, rayon, qəsəbə, park və bağların bəzədilib, yaşıllaşdırılmasında geniş istifadə edilir. Atşabalıdı qiymətli 130 boyaq, aşı, bəzək və nektar təbiətli bitkidir.

Bitkinin qabığı çiçək, meyvə və yarpaqlarının tərkibindən eskulin (C15H16O9), turşu mühitində hidroliz olunaraq qlükoza və eskuletin (C9H6O4), fraksin (C16H18O10), triterpen saponin essin, bu da parçalanıb essogenin (C40H56O2), violoksantin (C40H56O4) və s.-ə çevrilir. Yarpaqlarının tərkibində kversetin, izokversetin, lütein (C40H56O2), violoksantin (C40H56O4) karotinoidləri tapılmışdır. Çiçəklərinin tərkibində kversitrin, kversetin 3-qlükozid, kempferol 3 — arabinozid, kempferol, rutin və s. flavonoidlər, pektin maddələri, toxumlarında spireozid, kversetin, kempferol, essin saponini, piy, aşı maddəsi, nişasta və s. aşkar edilmişdir. Gövdəsinin qabığında aşı və boyaq maddələri tapılmışdır. Atşabalıdı çox qədim dövrlərdə müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilmişdir. Məşhur alman həkimi Kristof Vilhelm Qufeland qeyd edir ki, atşabalıdının qabığından hazırlanan preparatlar öz müalicəvi təsirlərinə görə xinindən üstün hesab edildiyinə görə qızdırmanın, malyariyanın, xroniki ishalın, babasilin, qadın xəstəlikərinin müalicəsində geniş tətbiq edilmişdir. Dünyanın məşhur alimi Sebastyan Kneypp atşabalıdından hazırlanan preparatlardan qara ciyər, mədə-bağırsaq, qadınlarda soyuqdəymələrdə, radikulit, kəskin damar ağrılarında istifadə edirmiş.

XIX əsrin axırlarında fransız həkimləri atşabalıdından elmi-praktik tibbdə istifadə etməyə başlamışlar. Onlar damar genişlənmələrində, prostat və adenomanın müalicəsində bundan alınan preparatları tətbiq etmişlər.

XX əsrin 50-ci illərində Almaniyada sənaye miqyasında atşabalıdından damar tonuslandırıcı preparatların istehsalına başlamışlar.

Müasir tibb elmi keçmişdə atşabalıdından alınan preparatların həqiqətən də soyuqdəymə, ağrıkəsici, qıcıqlanmaya qarşı, yarasağaldıcı, bakterisid keyfiyyətlərə malik olduğunu təsdiqlədi. Atşabalıdından hazırlanan preparatların qiymətli müalicəvi təsirə malik olmasına əsas səbəb onun tərkibində olan bioloji fəal maddə olan kimyəvi birləşmə essin (triterpen qlükozid) maddəsinin olmasıdır.

Müxtəlif müəlliflərin fikrinə görə atşabalıdının müxtəlif hissələrindən hazırlanan preparatlardan ağrıkəsici, hipertoniya, əsəb, stres və s. xəstəliklərin müalicəsində istifadə edilir. V. Q. Nikolova görə (1964) ağ ciyər xəstəliklərində, podaqra damar qıcolmalarında, öd kisələrinin pozuntularında, təngnəfəslikdə, diz qapaqlarında baş verən yaraların müalicəsində geniş istifadə edilir. Atşabalıdından hazırlanan "venostazin"dən babasilin, damarların genişlənmələrində tromboflebitin, aterosklerozun müalicəsində daxilə qəbul edilir.

M. A. Nosal və İ. M. Nosala (1959) görə budaq və çiçəklərindən hazırlanan dəmləməsindən uşaqlıq qanaxmalarının, xüsusən də klimakteriya dövründə, eləcə də yenicə əmələ gələn bədxassəli şişlərin müalicəsində tətbiq edilir.

Elmi təbabətdə atşabalıdının meyvəsindən hazırlanan eskuzan və esflazid preparatlarından eləcə də onun hissələrinin tərkibində olan (saponin, flavonoid, essin) maddələrdən hazırlanan preparatlardan damar genişlənmələrində, babasil, flebitin və tromboflebitin müalicəsində geniş istifadə olunur. Essin soyuqdəymə proseslərini aradan qaldırır, kapilyarların qırılmasının qarşısını alır, onların divarlarını möhkəmləndirir və tonusunu artırır. Bütün bunlar venoz damarlarda qanın normal hərəkətinə şərait yaradır, toplanan artıq suları orqanizmdən çıxarılmasına səbəb olur.

Atşabalıdından hazırlanan preparatlar qanda laxtalanmanı azaldır, damarlarda trombun əmələ gəlməsinin qabağını alır, kapilyar və venoz damarlarının divarlarını möhkəmləndirir. Atşabalıdının spirtli çıxarışı, cövhəri, dəmləməsi, yarpaq, çiçək və meyvəsindən hazırlanan spirtli çıxarışından ən daxildə və xaricdə damar tutulmalarında (qıcolmalarında), öd vəzisi pozuntularında, həzm sisteminin xroniki pozuntularında, podaqra, revmatizm, oturaq damar genişlənmələrində, oturaq sinir xəstəliklərində, babasilin, trombların, baldır yaralarının müalicəsində geniş istifadə edilir. Bundan başqa atşabalıdından dərinin qocalmasının qarşısının alınmasında, tüklərin dibini möhkəmləndirilməsində, onların tökülməsinin qarşısının alınmasında istifadə edilir. Sakitləşdirici xüsusiyyətlərə malik olduğundan ondan hazırlanan preparatlardan əsəb sakitləşdirici kimi əsəb xəstəliklərində istifadə edilir. Qabığından hazırlanan cövhərindən prostatın, adenomanın müalicəsində, həmçinin cinsi fəaliyyətin artırılmasında işlədilir.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Balkan yarımadasında, Şimali Yunanıstanda və Cənubi Bolqarıstanda dağlarda, dəniz səthindən 1000–1200 m yüksəklikdə bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 25–30 m, diametri 1 m-dən çox olan, sıx mütənasib çətirli, iri gövdəli, dekorativ ağacdır. Gövdəsinin qabığı boz-qonur rəngdə olub, çatlayaraq nazik lövhəciklər halında tökülür. Cavan budaqları yoğun, çılpaq, sarımtıl-qəhvəyi və ya qırmızımtıl-qonur, boz rəngə çalan mərciməklərlə örtülüdür. Yumurtacıqları iri, 1–3 sm uzunluqda olub, yapışqanlıdır. Yarpaqları iri, barmaqları mürəkkəb, 20 sm uzunluqda olub, 6–7 oturaq, iri, uzunsov, nizəvari, ucu iti, kənarları mişarvarı dişli olub, 8–20 sm uzunluqdadır. Yarpaq saplağı 15 sm-ə çatır. Tumurcuqları iri (2–3 sm uzunluqdadır), yapışqanlı pulcuqlarla örtülüdür. Çiçəkləri sıx, 20–30 sm uzunluqda və 7–12 sm enində, düz dayanan, piramidal şəkilli süpürgəçiçək qrupunda yerləşir, beş dilimli kasacıqdan, beş ağ rəngli kirpikvari ləçəklərdən ibarətdir. Kasacığı silindrvari-zınqırovvaridir. Ləçəkləri 5–13 mm-ə qədər uzunluqda, ağ və ya qırmızımtıldır. Yumurtalığı xırda tikancıqlarla örtülüdür. May-iyun aylarında çiçəkləyir, sentyabr-oktyabrda meyvəsi yetişir. Meyvə yetişəndə uc tərəfi çatlayandır. Toxumları 2,5–3 sm uzunluqda qəhvəyi-qonur rəngdədir. Payızda yarpapaqları qızılı-sarı rəng alır.[2]

Mülayim iqlim şəraitində yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mədəni halda bir çox şəhər və kəndlərin yaşıllaşdırılmasında istifadə edilir. Abşeronda su ilə təmin olunmuş sahələrdə əkmək olar.

Ballı bitkidir. Meyvələrindən nişasta, yağ, spirt, saponin və s. maddələr alınır. Yaşıllaşdırmada qrupla xiyaban və yol kənarlarında əkmək üçün qiymətlidir.

Müalicə preparatlarının hazırlanması

[redaktə | mənbəni redaktə et]

Atşabalıdının müxtəlif hissələrindən ev şəraitində hazırlanan preparatların müalicəvi keyfiyyəti, heç də sənaye şəraitində hazırlanan müalicə vasitələrindən geri qalmır. Bu preparatlardan müalicə edən həkiminizin icazəsi ilə qəbul edə bilərsiniz.

Prostatın adenoması zamanı. Atşabalıdının yetişmiş meyvəsinin qabığından hazırlanmış məhluldan 25 q götürüb 250 ml spirtə töküb 2 həftə qaranlıq yerdə saxlayıb süzün. Gündə 2 dəfə səhər və günorta 10 damcı qəbul edin. Sulu dəmləməsindən isə 20 damcı qəbul edə bilərsiniz. Müalicə kursu 20 gündür. 10 gün fasilə verib, yenidən müalicəni təkrar edə bilərsiniz; müalicə kursunu 10 dəfə təkrar etmək məsləhət görülür.

Xroniki prostatın müalicəsi zamanı. Atşabalıdının xırdalanmış meyvə qabığından 40 q götürüb 600 ml qaynar suya töküb 12 saat saxlayıb, sonra vam od üzərinə qoyub 200 ml qalana qədər qaynadıb buxarlandırın. Sonra süzüb, gündə 3 dəfə, yeməkdən sonra 30–40 damcı qəbul edin. Ekstrakt müvəffəqiyyətlə xroniki prostatın adenomasını və prostat vəzini müalicə edir.

Damar ağrılarında. 10 ədəd yetişmiş atşabalıdı meyvəsinin qabığını xırdalayıb, 0,5 litr arağın üzərinə töküb ağzını möhkəm örtüb, 7–10 gün soyuq qaranlıq yerdə saxlayıb süzün. Cövhəri pambığa hopdurub ağrıyan nahiyəyə sürtün cövhərdən kompres formasında da istifadə etməklə yanaşı gündə 3 dəfə, yeməkqabağı 30 damcı qəbul edin.

Xroniki bronxit zamanı. 1 çay qaşığı xırda doğranmış qabıq və yaxud yarpağından götürüb 2 stəkan soyuq suya töküb 8 saat dəmləyib süzün. Gündə 5–6 dəfə, yeməkarası 2–3 xörək qaşığı qəbul edin. Cövhər papiros çəkənlər üçün daha faydalı hesab edilir.

Öskürək zamanı. Doğranmış atşabalıdı yarpağından 1 çay qaşığı götürüb 1 stəkan qaynar suya töküb, 5–10 dəqiqəyə süzün. Tərkibinə 1 çay qaşığı bal qatıb qəbul edin.

Damar genişlənmələri zamanı. 50 q atşabalıdının meyvəsinin qabıqlarını təmizləyib, əzib, tünd rəngli şüşə qaba töküb üzərinə 0,5 litr araq əlavə edin. Sonra 2 həftə soyuq yerdə saxlayıb hər gün tez-tez çalxalayıb süzün. Gündə 3 dəfə, yeməkdən qabaq 10 damcı qəbul edin. Müalicə kursu 3–4 həftədən artıq olmamalıdır. Bundan sonra müalicəni aşağı dozada davam etdirmək olar. Daha qatı olsun deyə 50 q xammalı 250 ml spirtə töküb çıxarıış aldıqdan sonra genişlənmiş damarların üzərinə kompres şəklində qoyub sarıya bilərsiniz.

Babasil zamanı. Atşabalıdının meyvə və qabığından 5 q götürüb 1 stəkan qaynar suya töküb, 30 dəqiqə qaynadıb süzün və ilk həcminə gətirin. Gündə 2–3 dəfə, yeməkdən sonra 1 xörək qaşığı qəbul edin.

Xroniki qaymarit zamanı. 2 ədəd yetişmiş atşabalıdı meyvəsini qaynadılmış soyuq suya salıb 3–4 gün isladın. Axşam 1 ədəd meyvəsinin qabığını təmizləyib ət hissəsini götürüb əzib, günəbaxan yağı ilə qarışdırıb, ağrıyan yerə qoyun və çox saxlamağa çalışın. Açıq dəlikdən selik və irin axmağa başlayacaq. Müalicənin qurtaracağında yara yerinə gənəgərçək yağı yaxın.

Hipertoniya zamanı. Atşabalıdının qurudulmuş çiçəklərindən 5 q götürüb 0,5 litr arağın üzərinə töküb, 7 gün dəmləyib süzün. Sonra 1:4 nisbətində araq ilə qarışdırıb gündə 3–4 dəfə qəbul edin. Müalicəni 3 həftə davam etdirin. Aldığınız cövhərin ağzını möhkəm bağlayıb qaranlıq yerdə saxlayın.

Döşdə və uşaqlıq yollarında əmələ gələn mastopatiya zamanı. Axşamlar quru atşabalıdı çiçəklərindən 6–8 xörək qaşığı götürüb 1 litr suya töküb, qaynama dərəcəsinə çatdırın (ancaq bişirməyin). Axşam qazanın ağzını örtüb üzərinə isti odeyal sərib, səhər süzün. Qurtum-qurtum hər saat qəbul edin.

Xroniki ishal zamanı. Atşabalıdının xırda hissələrə salınmış qabığından 1 çay qaşığı götürüb 0,5 litr qaynar suya töküb 2 saat dəmləyib süzün. Gündə 4 dəfə, yeməkqabağı stəkanın 1/2 hissəsi qədər qəbul edin.

Podaqra zamanı. Quru atşabalıdı çiçəyindən 20 q götürüb 0,5 litr arağın üzərinə töküb 2 həftə dəmləyin, süzüb istifadə edin.

Poliartirit zamanı. 5 xörək qaşığı və yaxud 5 atşabalıdı meyvəsinin xırdalanmış hissəsindən götürüb 0,5 litr istənilən bitki yağına töküb su hamamına qoyub 1 saat saxlayın. Soyudub, süzüb ağrıyan nahiyəyə sürtün. Belə mazdan üz dərisinin cavanlaşdırılmasında və ağardılmasında istifadə edə bilərsiniz.

Radikulit zamanı. Qurudulmuş atşabalıdı çiçəklərindən 1 xörək qaşığı götürüb 10 xörək qaşığı yağa əlavə edib qaranlıq yerdə saxlayın. 12 gündən sonra götürüb su hamamına qoyub qaynadıb süzün. Ağrıyan nahiyəyə sürtün.

Revmatizm zamanı. 1,5 kq xırdalanmış ət maşınından keçirilmiş atşabalıdı meyvəsindən götürüb 5 litr soyuq suya tökün, 30 dəqiqə bişirib süzün. Temperaturu 30–35 °C olan vannadakı suya tökün. Əməliyyatı 15 dəqiqə davam etdirin. Bu, dəri səpmələrində, əsəb narahatlığında əhəmiyyətli hesab edilir.

Diqqət! Ev şəraitində hazırlanmış atşabalıdı preparatlarını 3–8 həftədən artıq qəbul etmək məsləhət görülmür.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 344.
  2. http://www.nkpi.az/?page=addread&id=14413