Atropa caucasica

Qafqaz xanımotu (lat. Atropa caucasica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qafqaz xanımotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-1,5 (2) m, gövdəsi düz, budaqlanmış, yaşıl, bəzən qırmızımtıl rəngli, çılpaq və ya demək olar ki, yuxarı hissəsi vəzili-tüklü olan çoxillik ot bitkisidir. Kökümsovu qalın, çoxgünbəzlidir, iri şaxələnmiş kökləri vardır. Çoxillik ot bitkisidir. Yarpaqları iri, yumurtaşəkilli və ya uzunsov-ellipsvaridir, tamkənarlıdır. Sivri və ya az sivriləşmişdir, qaidə hissəsində qısa saplağa (1-3 sm uzunluqda) daralmışdır,çılpaqdır və yaxud alt tərəfdən damarın üzəri tüklüdür. Hər iki tərəfdən çox az bozumtul nöqtəlidir (oturaq vəziciklər), yuxarı yarpaqlar cüt-cüt düzülmüş və eyni böyüklükdə deyil, uzunluğu 10-20 sm, eni 4-9 sm-dir. Çiçəkləri kifayət qədər iridir, tək-tək,bəzən cüt-cüt düzülmüşdür. Çiçəklər qoltuq çiçəkləri kimi görünən, aşağı əyilmiş çiçək saplağında yerləşmiş və vəzili-tüklərlə örtülüdür. Tacı vəziciklidir, uzunluğu 20–30 mm-dir, bölümləri boruvari-zınqırovşəkilli,dəyirmi və qatlanmış olub, çirkli-qonurtəhərbənövşəyi rəngdə, qaidə hissəsi isə sarımtılqonur rəngdədir. Sütuncuq sapşəkillidir və dişicik ağızcığı ikiyə bölünmüşdür. Giləmeyvə şarvari, qara rəngli, parlaq, çoxtoxumlu, bənövşəyi rəngli, şirəli, 1-1,5 sm dimetrindədir. Toxumları 1,5 mm uzunluğunda, yastılaşmış, qəhvəyi, xırda yuvalıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə iyun-avqust, meyvə əmələgətirmə iyul-sentyabr aylarına təsadüf edir. Mezofitdir. Toxumla çoxalır. Meşələrdə, meşə kənarlarında, dağ dərələrində, dağ çaylarının yanında bitir, adi xurma və qanadmeyvə yalanqoz meşəsində Dryopteris filix-mas-Sambucus ebulus-Persicaria hydropiper və Senecio pojarkovae – Epilobium lanceolatum növlərindən təşkil olunmuş assosiasiyalarda rast gəlinir . Zəhərlidir. Dərman bitkisidir.

Böyük Qafqazın bütün rayonları (Qəbələ rayonu Vəndam kəndinin ərazisinda olan şəlalənin ətrafı; Zaqatala rayonu Matsex, Qəbizdərə kəndlərinin ətrafındakı meşələr, Şəki rayonu Kiş kəndi), Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Lənkəranın dağlıq hissəsi.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayı azdır, mənfi təsirlər itmə təhlükəsi yaradır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen (mal-qara tərəfindən tapdanması, dərman bitkisi kimi yığılması) və abiotik amillərdir (sellər və meşə yanğınlar).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayılma yerlərində antropogen təsiri azaltmaq üçün yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi və bərpası, qoxumlarının toxum bankında saxlanılması və yeni yayılma ərazilərinin axtarılması təklif olunur.

  • Atropa bella-donna ssp. caucasica (Kreyer) V.E. Avet.