Avropa Patent Təşkilatı

Avropa Patent Təşkilatı (ing. European Patent Organisation; EPO və ya EPOrg[1]) — ixtira hüququnun patent mühafizəsini təmin edən hökumətlərarası təşkilat. Bu, 1973-cü ildə qəbul edilmiş Avropa patentləri verilməsi haqqında Konvensiya əsasında təsis edilmişdir və 1977-ci ildən fəaliyyət göstərir. Baş qərargahı Almaniyanın Münhen şəhərində yerləşir. Onun Haaqada filialı və Vyanada bürosu var.

Avropa Patent Təşkilatı
EPO
Yaranma tarixi 1977
Mərkəzi
epo.org

Məqsədi və strukturu[redaktə | mənbəni redaktə et]

APT-nin rəsmi məqsədi Avropa ölkələrinin ixtiralarının mühafizəsi sahəsində əməkdaşlığı dərinləşdirmək, Avropada patentləri vahid prosedur altında və vahid normalar əsasında verməkdir. Avropa patent sistemi milli patent hüququnun Avropa patentləri verilməsi haqqında Konvensiyaya uyğunlaşdırılmasını təmin edir. APT Avropa patentlərinin qüvvəsinin öz ərazilərində tətbiqi üçün bu təşkilata daxil olmayan dövlətlərlə həmin dövlətlərdə patent idarəsi və intellektual mülkiyyətin qorunması haqqında qanun olması şərti əsasında müqavilələr bağlayır. Avropa patenti patent sahibini 20 il müddətinə patent mühafizəsi ilə təmin edir. Avropa patent sifarişi Patent Kooperasiyası haqqında 1970-ci il müqaviləsinə üzv olan, sifarişçi tərəfindən müəyyən edilmiş dövlətlərdəki milli sifarişlə eyni qüvvəyə malikdir. APT inzibati və maliyyə müstəqilliyinə malikdir. APT-nin strukturuna İnzibati Şura və Avropa Patent İdarəsi (APİ) daxildir. İnzibati Şura razılığa gələn dövlətlərin nümayəndələrindən və onların müavinlərindən ibarətdir. Şuranın iclasları ildə bir dəfə keçirilir və burada büdcə təsdiq edilir. O, Avropa patentlərinin verilməsi haqqında Konvensiyanı tətbiq etmək, rüsumlar toplamaq və işçilərin təmin edilməsi reqlamentlərini dəyişdirmək, APİ-yə nəzarət etmək hüququna malikdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. European Patent Office web site, European Patent Convention (EPC), Alphabetical keyword index. Arxivləşdirilib 2013-07-04 at the Wayback Machine Consulted on 6 June 2010.
  2. Avropa Patent Təşkilatı // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 108–109.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • epo.org — Avropa Patent Təşkilatının rəsmi saytı