Avstriyanın dövlət quruluşu — Avstriya Respublikasında dövlət hakimiyyəti.
Avstriya federativ respublikadır. Qüvvədə olan konstitusiyası 1920-ci ildə qəbul olunmuşdur. Dövlət başçısı olan federal prezident əhali tərəfindən 6 il müddətinə seçilir. Ali qanunverici hakimiyyət orqanı olan parlament iki palatadan – Milli Şura və Federal Şuradan ibarətdir. İcraedici hakimiyyəti hökumət (kansler, vitse-kansler və nazirlər) həyata keçirir. Prezident kansleri və onun təqdimatı ilə nazirləri təyin edir. Hökumət Milli Şura qarşısında məsuldur. Hər ərazinin öz konstitusiyası və parlamenti (landtaqı) var.[1]
19 yaşına çatmış vətəndaşlar aktiv (seçmək), 25 yaşına çatmış vətəndaşlar isə passiv (seçilmək) seçki hüququna malikdir. Hər ərazisə seçkili orqanları olan yerli və vilayət icmaları var. Avstriyanın məhkəmə sistemi Ali məhkəmə, 4 Ali əyalət məhkəməsi, 20 əyalət və rayon məhkəməsindən ibarətdir. Aşağı instansiya məhkəməsi mahal məhkəməsidir. Bundan başqa, azyaşlıların işləri və əmək mübahisələri üzrə xüsusi məhkəmələr də var. Məhkəmə sisteminin xüsusiyyəti dövlət idarəçiliyində qanuna riayət olunmasına nəzarət edən Konstitusiya məhkəməsinin və inzibati məhkəmənin olmasıdır.[1]