Avtomobil mühərriki – hər hansı bir enerjini avtomobili hərəkətə gətirmək üçün lazım olan mexaniki enerjiyə çevirən mühərrik. Avtomobil mühərriki kimi daxili yanma mühərriki, xariciyanma mühərriki (buxar mühərriki və Stirlinq mühərriki), elektrik, əvvəlcədən burulub açılmış nazim çarxın enerjisindən və ya təzyiq altındakı qaz enerjisindən istifadə edən mühərriklər tətbiq oluna bilər.
Müasir avtomobillərdə, əsasən, daxiliyanma mühərriki işlədilir. Daxiliyanma mühərriki konstruksiyasına görə rotorlu və porşenli olur. Geniş yayılmış porşenli Avtomobil mühərriki silindrlərinin sayına və yerləşməsinə, işçi həcminə (litraj), təyinatına və s. görə növlərə ayrılır. Porşenli daxiliyanma mühərrikinin silindrlərinin sayı 1-dən 16-ya qədərdir. Birsilindrli mühərrikin işi müntəzəm olmadığından avtomobillərdə nadir hallarda quraşdırılır. Silindrlərin sayı artdıqca mühərrikin işinin müntəzəmliyi və avtomobilin hərəkət səlisliyi yüksəlir. Bununla yanaşı sürtünmə itkiləri artdığına görə avtomobillərdə 12-dən artıq silindr nadir hallarda tətbiq edilir. İş prosesinin xarakterinə görə dördtaktlı və ikitaktlı, yanacağın alışdırılma üsuluna görə qığılcım (karbüratorlu, yaxud benzinlə işləyən mühərrik də deyilir) və sıxılma ilə alışdırılan (dizel mühərriki) daxiliyanma mühərrikilər olur.
Daxiliyanma mühərrikin işləməsi üçün yanacaqla hava müəyyən nisbətdə qarışdırılmalıdır. Benzinlə işləyən daxiliyanma mühərrikidə yanacağın hava ilə qarışdırılması prosesi silindrdən kənarda (karbüratorda), yaxud bilavasitə silindrin daxilində (benzin püskürməli mühərrik) baş verə bilər. Müasir avtomobil mühərrikilərində karbürator, demək olar ki, tamamilə injektorlarla əvəz olunur. Benzin mühərriklərində yanacaq alışdırma şamı ilə alışdırılır, dizel mühərriklərində isə forsunkadan silindrə püskürdülən yanacaq orada özbaşına alışır. Əsasən, böyük avtomobillərdə tətbiq olunan dizel mühərriki nisbətən az yanacaq sərf edir, lakin ağır və səs-küylüdür. Elektron idarəetməli dizellərin yeni qida (yanacaq təchizatı) sistemi avtomobillərin səsini, tüstüsünü və s.azaltmağa imkan verir.
Daxiliyanma mühərrikidən çıxan işlənmiş qazın zərərli maddələri katalitik neytrallaşdırıcılar vasitəsilə azaldılır. Qaz balonlu avtomobil mühərriki atm.-i nisbətən az çirkləndirir. Belə mühərriklərdə maye (propan və butan qarışığı) və sıxılmış (əsasən, metan) qazdan istifadə edilir. Avtomobil mühərriki üçün perspektivli yanacaq növü hidrogendir. Mühərrikində yanacaq kimi hidrogendən istifadə edilən avtomobillər (məs., BMW) atmosferi, demək olar ki, çirkləndirmir. Avtomobil mühərrikinin gücü, fırlanma momenti, həmçinin bunların mühərrikin valının fırlanma tezliyindən asılılığı onu xarakterizə edən əsas göstəricilərdir. Mühərrikin gücü 2,5 kVt-dan (kiçiklitrajlı avtomobil) 800 kVt-a qədər və daha böyük ("Formula–1") ola bilər. Porşenli daxiliyanma mühərrikin konstruksiyasının təkmilləşdirilməsi onun gücünün artırılması, kütləsinin qabarit ölçülərinin və eyni zamanda yanacaq sərfinin azaldılması istiqamətində aparılır. Yanacağa qənaət etmək üçün bəzi mühərriklərdə ayrı-ayrı silindrlərin işinin dayandırılma imkanı vardır. Alternativ enerji mənbəyi ilə işləyən hibrid avtomobillərdə aparan təkərlərin intiqalı kimi daxiliyanma mühərriki ilə yanaşı elektrik mühərrikindən də istifadə olunur.
Avtomobil mühərriki // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 409–410. ISBN 978-9952-441-05-5.