Ayaz Əfəndiyev

Ayaz Adil oğlu Əfəndiyev (15 yanvar 1938, Bakı19 noyabr 2007, Bakı[1]) — akademik, 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub.

Ayaz Əfəndiyev
Ayaz Adil oğlu Əfəndiyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Kimya
Elmi dərəcəsi Kimya elmləri doktoru (1982)
Elmi adları Professor (1986), akademik
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2005
"Şöhrət" ordeni — 2004

Ayaz Adil oğlu Əfəndiyev 1938-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub[2]. Orta məktəbi bitirdikdən sonra o, 1954–1959-cu illərdə ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunda kimya texnologiyası fakültəsində alıb.

Əmək fəaliyyətinə 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi kimi başlayan A. Əfəndiyev 1960–1963-cü illərdə Moskvada Fiziki Kimya İnstitutunun aspiranturasında oxuyub.

Aspiranturanı başa vurduqdan sonra Bakıya qayıdaraq fəaliyyətini 1963–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi kimi davam etdirib, 1965–1987-ci illərdə isə Akademiyanın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, laboratoriya müdiri vəzifələrində çalışıb.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

A. Əfəndiyev 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub. O, 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının kimya elmləri bölməsinin akademik katibi, 2007-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi kimi məsul vəzifələri icra edib.

A. Əfəndiyev 1965-ci ildə L. Y. Karpov adına Fiziki Kimya İnstitutunda namizədlik, 1982-ci ildə Moskva Dövlət Universitetində doktorluq dissertasiyalarını müdafiə edib. O, 1986-cı ildə professor elmi adını alıb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

Yüksəkmolekullu birləşmələr kimyası sahəsində fundamental tədqiqatları ilə tanınan A. Əfəndiyev kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsiplərini işləyib hazırlayıb. Alimin apardığı elmi araşdırmaların digər istiqaməti reagentsiz ampermetrik biosensorların sintezi və tədqiqindən ibarət olub. Onun həmçinin sənaye polimerlərinin modifikasiyası, yeni kompozisiya materiallarının yaradılması, polikondensasiya polimerlərin sintezi, sənaye tullantılarından səmərəli istifadə olunması və kimyəvi ekologiya sahələrində tədqiqatları da diqqətəlayiqdir.

A. Əfəndiyev 400 adda elmi əsərin, 40-a yaxın kitabın, ixtiranın və patentin müəllifidir. Alimin 200-dən çox əsəri müxtəlif xarici dillərə tərcümə olunub. A. Əfəndiyev Birləşmiş Millətlər Təşkilatının eksperti kimi bir çox xarici ölkələrdə də çalışıb. O, 60-dan artıq mötəbər beynəlxalq forumda çıxış edib.

Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə A. Əfəndiyev bir sıra mükafatlara layiq görülüb, o cümlədən "Şöhrət" ordeni ilə təltif edilib.

Ayaz Əfəndiyev 19 noyabr 2007-ci ildə vəfat edib.[3][4]

  1. https://web.archive.org/web/20210225043217/https://science.gov.az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3252.
  2. "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  3. https://azertag.az/xeber/ayaz_adil_oglu_efendiyev-393583
  4. "Arxivlənmiş surət". 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.