Ayaz Orucov (1 yanvar 1959, Jdanov rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin IV çağırış deputatı, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru.
Ayaz Orucov | |
---|---|
2010 – 2015 | |
Seçki dairəsi | 2010 — 81 saylı Beyləqan |
Əvvəlki | Səfər Məmmədov |
Sonrakı | Şahin İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1959 (65 yaş) |
Doğum yeri | |
Partiya | |
|
|
Təltifləri |
Orucov Ayaz İsmayıl oğlu 1959-cu il yanvarın 1-də Beyləqan rayonunun Şahsevən kəndində ziyalı ailəsində anadan olmuşdur.
1966–1974-cü illərdə Şahsevən kənd orta məktəbində oxumuş, riyaziyyat fənnində yüksək nailiyyətlər göstərdiyinə görə, 1974-cü ildə Bakı şəhərində 1 nömrəli Fizika- riyaziyyat təmayüllü məktəbə daxil olmuş və 1976-cı ildə həmin məktəbi bitirmişdir.
Orucov Ayaz İsmayıl oğlu 1980–1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun " Yol-İnşaat " fakültəsində təhsil almışdır. Bu dövrdə yüksək təhsil göstəricilərinə nail olmuş, eyni zamanda institutun ictimai həyatında fəal iştirak etmişdir. O hələ ikinci kursda oxuyarkən institutun komsomol komitəsinə üzv, daha sonra komsomol komitəsinə katib müavini seçilmiş və özünü bacarıqlı təşkilatçı kimi təsdiq etmişdir. Tələbə inşaat dəstələrində rəhbər vəzifələrdə çalışmışdır. Dəfələrlə fəxri fərmanlarla və müxtəlif mükafatlarla təltif edilmişdir.
Ayaz Orucov əmək fəaliyyətinə 1985-ci ildə tikinti-quraşdırma və neft kimya sahəsində başlamışdır. Əmək fəaliyyəti dövründə özünü yüksək ixtisaslı və peşəkar bir mütəxəssis kimi doğrultmuşdur. 1985–1989-cu illərdə 6 nomrəli Təmir-Yol-Tikinti trestində usta, sahə rəisi, baş mühəndis işləmişdir. 1989-cu ildən etibarən işlədiyi sahələrdə məsul və rəhbər vəzifələri tutmuşdur. 1989–1990-cı illərdə Azərpromservis, 23 nomrəli trestdə baş mühəndis işləmişdir. 1990-cı ildə Bakı şəhəri İcra hakimiyyətinin əsaslı təmir blokunda baş mühəndis işləyib. 1991–1992-ci illərdə Naringi Kooperativinin sədri, 1992–1994-cü illərdə isə Baki şəhər Nizami rayon İcra Hakimiyyəti Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifələrində çalışmışdır. 1994–1996-cı illərdə Mil Korporasiyası idarə heyətinin sədri seçilmişdir.
2007–2013-cü illərdə Ayaz Orucov Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışmışdır.
2010–2015 illərdə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. İqtisad elmləri doktoru Ayaz Orucov 2013-cü ildən indiyədək Azərbaycan Memarlıq və İnşaat Universitetində "Azərbaycan Mühəndislik İqtisadiyyatı" kafedrasında müəllim işləyir.
Ayaz Orucov iqtisadiyyatın, sahibkarlığın məqsədəuyğun inkişafı, bazar münasibətləri sisteminin formalaşdırılması və onların təsərrüfat subyektlərinin fəaliyyətinə təsiri ilə məşğuldur. "İqtisadiyyat və audit" elmi-praktik jurnalında Ayaz Orucovun biznes inkişaf problemləri ilə bağlı məqalələri dərc olunmuşdur.
2003-cü ildə "Azərbaycan Respublikası regionlarında sahibkarlıq fəaliyyətinin inkişafı" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmlər namizədi, 2013-cü ildə isə iqtisad elmləri doktoru adını almışdır. Ayaz Orucov Azərbaycan Respublikası Təhsil Nazirliyinin 594 nömrəli qərari ilə 21 may 2008-ci il tarixində dərslik vəsaiti kimi təsdiq edilmiş "Beynəlxalq iqtisadi münasibətlər" kitabının müəllifidir. Eyni zamanda otuz yeddi elmi məqalənin müəllifidir.
Ayaz Orucov 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Ayaz İsmayıl oğlu Orucov "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır.
Ayaz Orucov həmçinin 2001-ci ildə Ukraynanın "Əmək" ordeni ilə təltif edilmişdir.