Aydın Əzimbəyov

Aydın Əlibəy oğlu Əzimbəyov (10 dekabr 1932, Cəhri, Naxçıvan MSSR20 noyabr 2012) — Azərbaycan Respublikasının Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri (1996–2004), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005).[1]

Aydın Əzimbəyov
Aydın Əlibəy oğlu Əzimbəyov
bayraq
Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri
bayraq2
20 iyun 1996 – 16 dekabr 2004
Əvvəlkisəfirlik təsis edilib
SonrakıNamiq Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Naxçıvan, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (79 yaşında)
Təhsili Daşkənd Kənd Təsərrüfatı Mühəndisləri İnstitutu

1932-ci ildə Azərbaycan SSR-in Naxçıvanın Cəhri kəndində anadan olmuşdur. Atası Əlibəy Əzimzadə bölgənin tanınmış qənaət öndərlərindən olmuşdur. Atasının Cəhridən sürgün edilməsini xatırladığını deyən Aydın bəy 1937-ci ildə ailəsi ilə birlikdə Özbəkistana sürgün edilmişdir. 1957-ci ildə Daşkənd Kənd Təsərrüfatı Mühəndisləri İnstitutunu bitirmişdir. Təyinatla Qazaxıstana göndərilmiş və 1957–1960-cı illərdə Slavyansk avtobazasının baş mühəndisi, 1960–1964-cü illərdə rəisi olmuşdur. 1964–1966-cı illərdə Özbəkistan SSR Sırdərya vilayəti avtotrestinin baş mühəndisi, 1966–1974-cü illərdə isə rəisi olmuşdur.

1974–1977-ci illərdə Özbəkistan SSR Sırdərya Vilayət Kommunist Partiyasının şöbə müdiri təyin edilmiş, 1977–1986-cı illərdə Özbəkistan SSR Sırdərya Vilayət Kommunist Partiyasının katibi seçilmişdir. 1986–1988-ci illərdə Özbəkistan SSR Avtomobil nəqliyyatı naziri olmuşdur. 1988–1989-cu illərdə Daşkənddə "OrtaAsiyaQazprom" İB-nin Nəqliyyat və xüsusi texnika şöbəsinin rəis müavini, 1989–1990-cı illərdə isə həmin şöbənin rəisi vəzifəsində işləmişdir. 1990–1996-cı illərdə Özbəkistan SSR Nazirlər Kabinetinin Nəqliyyat və rabitə şöbəsinin rəisi olmuşdur.

1970–1980-ci illərdə Özbəkistan SSR-in bütün nəqliyyat (avtomobil, dəmiryol, su) şəbəkəsini vahid bir sistemdə birləşdirməklə, onların fasiləsiz işləməsinin və beləliklə, yüklərin daşınmasının daha səmərəli yerinə yetirilməsinə nail olunmasının əsaslarını hazırlayıb tətbiq etmişdir. 1980–1985-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi bu məsələyə maraq göstərmiş və həmin ideyanın SSRİ-də tətbiq edilməsinə göstəriş verilmişdir.

1974–1986-cı illərdə Özbəkistanda 300 min hektar susuz ərazinin əkin üçün yararlı hala salınaraq 1 milyondan çox insanın normal təminatı üçün Sırdərya vilayətində üç nəhəng obyektin tikintisinə rəhbərlik etmişdir — gücü saniyədə 200 m³ olan Girak nasos stansiyası; Orta Asiyada ən böyük istilik elektrostansiyası olan Sırdərya İES; pambıq çiyidindən yağ alınması üçün Yağ ekstraksiya zavodu.

Anası Aminə xanım 24 dekabr 1972-ci ildə, atası Əlibəy isə 23 may 1976-cı ildə vəfat etmişlər. Hər ikisi Özbəkistan Respublikasının Sırdərya vilayətinin Baxt şəhərində dəfn olunmuşdur.

20 noyabr 2012-ci il tarixində vəfat etmişdir. İki qızı, bir oğlu var.

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1996-cı il tarixli Sərəncamı ilə Aydın Əzimbəyov Azərbaycan Respublikasının Özbəkistanda yeni yaradılmış səfirliyinə fövqəladə və səlahiyyətli səfir təyin edilmişdir.[2] Həmçinin Aydın Əlibəy oğlu Əzimbəyova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri dərəcəsi verilmişdir.

16 dekabr 2004-cü ildə Azərbaycan Respublikasının Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdır.[3] Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 10 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial, ictimai və mədəni həyatında böyük xidmətləri olan şəxslərdən biri kimi Aydın Əzimbəyov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.[1]

  • "Aydın Əzimbəyov — Tarixlə səsləşən ömür yolu", Məhərrəm Zaman. Bakı, 2012.