Azərbaycanın Stratiqrafiyası və litologiyası

Stratiqrafiya - tarixi geolo­giyanın bölməsi; Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir.

Azərbaycan Respublikası ərazisində yayılmış süxur və çöküntü komplekslərinin stratiqrafiya və litologiyası özünün xeyli mürəkkəbliyi ilə səciyyələnir.

Süxurlar[redaktə | mənbəni redaktə et]

Burada ən qədim süxurlar Naxçıvan MR-də, Kiçik Qafqazda Əsrik çayının yuxarı axınında məhdud şəkildə Yer səthinə çıxan və üst proterozoyun Vend sisteminə aid edilən metamorfik şistlərlə təmsil olunmuşdur. Paleozoy çöküntüləri Naxçıvan MR ərazisində buruq quyularında aşkar edilmişdir. Bunlar alt paleozoyun qrafitləşmiş əhəngdaşıları, argillitlər və kvarslaşmış qumdaşıları (1414 m), üst paleozoyun, əsasən, əhəngdaşıları, qismən də şistlər və qumdaşıları (3300 m) qatlarından ibarətdir. Mezozoyun trias çöküntüləri də Naxçıvan MR ərazisində yer səthinə çıxır (təqr. 1000 m) və karbonat fasiyalıdır. Alt yura çöküntüləri Böyük Qafqazda və Naxçıvan MR-də terrigen fasiyalıdır. Orta yura Böyük Qafqazda, əsasən, gilli şistlərdən, Kiçik Qafqazda aşağı hissədə terrigen çöküntülərdən (120 m), yuxarı hissədə isə diabaz tərkibli vulkanitlərdən, lavalardankvarslı plagioporfiritlərdən (2000–3000 m) ibarətdir. Üst yura Baş Qafqaz silsiləsinin şimal yamacında qırıntılı və rif əhəngdaşılarından (300 m), cənub yamacında flişəbənzər silisiumlu gilli şistlərdən (500 m), Kiçik Qafqazda və Kür çökəkliyində rif əhəngdaşıları və vulkanogen-çökmə süxurlardan (500-1500 m) ibarətdir. Alt təbaşir çöküntüləri Baş Qafqaz silsiləsinin şimal və cənub yamaclarında karbonatlı-terrigen (700-2000 m), qismən də vulkanogen-çökmə (100-200 m), Kiçik Qafqazda qırıntılı orqanogen əhəngdaşı və bəzən də piroklastolit (150-300 m), karbonat (50-600 m), tufogen-terrigen (500 m), terrigen-karbonat (30-700 m), qismən də tufogen, Kür çökəkliyində isə çökmə-vulkanogen (200-1000 m) fasiyalıdır. Üst təbaşir çöküntüləri Böyük Qafqazda (2000 m) terrigen-karbonatlı-fliş, Vəndam antiklinoriumunda vulkanogen-çökmə (300-400 m), Kür çökəkliyində və Kiçik Qafqazın şimal-şərq yamacında vulkanogen-çökmə və karbonatlı (500-600 m) fasiyalıdır. Kiçik Qafqazın mərkəzi hissəsində üst təbaşirin vulkanogen-çökmə qatı (3500 m) tərkibində bazaltlar və ofiolitlərlə yanaşı silisiumlu-radiolyaritli piroklastlar üstünlük təşkil edir. Naxçıvan MR-də üst təbaşir çöküntüləri kəsilişin aşağı hissəsində vulkanogen-çökmə, yuxarı hissəsində isə karbonat (1200-1700 m) tərkiblidir. Kaynozoy çöküntüləri Azərbaycanda fasiya müxtəlifliyi ilə səciyyələnir. Xüsusilə eosendə Kiçik Qafqazın ayrı-ayrı sahələrində və Talışda müxtəlif vaxtlarda və intensivlikdə fərqli vulkan püskürmələri baş verdiyindən süxurlar müxtəlif tərkiblidir. Paleosen-alt eosen Naxçıvan MR-də bir-birilə növbələşən qumdaşıları, gil (1000 m), orta və üst eosen vulkanik (300-1000 m), vulkanik-çökmə və çökmə (1500 m-dən çox), Kiçik Qafqazın mərkəzi hissəsində isə müvafiq olaraq karbonat, terrigen (60 m) və vulkanik, vulkanik-çökmə (120 m) fasiyalıdır. Talışda orta eosen tuflu brekçiyalardan, tuflu konqlomeratlardan, tuflu qumdaşılardan, andezit-bazalt lavalarından (1100 m), Paradaş mərtəbəsi qumdaşıların və argillitlərin növbələşməsindən, gillərdən və qumdaşılarından (550 m), üst eosen andezit-bazaltlardan (1000 m) ibarətdir. Cənub-Şərqi Qafqazda paleosen (150-300 m) və eosen gillərin, qumdaşıların və mergellərin növbələşməsindən (70-200 m) təşkil olunmuşdur. Oliqosen, neogen və antropogen çöküntüləri Kür və Araz depressiyalarında, Qusar maili düzənliyində, Acınohurda, Qobustanda, Abşeron yarımadasında, Talışda, Kiçik və Böyük Qafqazın bir sıra çökəkliklərində geniş yayılmışdır. Oliqosen-miosen çöküntülərinin qalınlığı bəzən 3000 m-ə, neogen, adətən 2000 m-ə, Qobustanda 5500 m-ə çatır. Antropogen çöküntüləri dəniz, kontinental və vulkanogen fasiyalıdır və ən böyük qalınlığa (1500 m-dən çox) Aşağı Kür depressiyası ərazisində çatır.[1]

Maqmatik süxurlar[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası ərazisinin geoloji inkişaf tarixi və geodinamiki şəraitinin mürəkkəbliyi maqmatizmin müxtəlifliyini və zənginliyini şərtləndirən başlıca amillərdir. Burada paleozoydan kaynozoya qədər, dördüncü dövr də daxil olmaqla, müxtəlif səciyyəli maqmatik proseslər baş vermişdir.

Paleozoy maqmatizmi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yalnız Naxçıvan MR ərazisində rast gəlinir. Burada qabbro-dolerit tərkibli maqmanın silləri devon-karbon yaşlı süxurlarda geniş yayılmışdır.

Mezozoy maqmatizmi[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, əsasən, Tufan və qismən də Vəndam antiklinoriumlarında baş vermişdir. Maqmatik fəaliyyət nəticəsində toleit və əhəngli-qələvi tərkibli vulkanik və intruziv kütlələr əmələ gəlmişdir. Alt yura vulkanizminin bazaltları burada yüksək dağlıq hissədə müəyyən edilmişdir. Yura dövrünün əvvəllərində Naxçıvan MR ərazisində Ordubad sinklinoriumunda vulkan püskürmələri baş vermiş və bazalt tərkibli lava örtük və axınları əmələ gəlmişdir. Yuranın ortalarında Kiçik Qafqazın Löh-Qarabağ və Kür çökəkliyinin Kürdəmir-Saatlı zonalarında baş vermiş intensiv maqmatizm nəticəsində bazalt-riolit, bazalt-andezit-dasit-riolit tərkibli vulkanogen, plagioqranit tərkibli intruziv süxurlar əmələ gəlmişdir. Şəmkir, Qarabağ, Qafan antiklinoriumları və Kürdəmir-Saatlı zonası üst yura maqmatizminin intensivliyi və əsasən, bazalt, andezit, dasit, riolit tərkibli vulkanitlərin və qabbro-toleit, qabbro-qranit tərkibli intruziv kütlələrin əmələ gəlməsi ilə səciyyələnir. Üst təbaşirdə maqmatizm güclü vulkan püskürmələri ilə müşayiət olunmuş və Lök-Qarabağ, Göyçə-Həkəri və Vəndam zonalarında, Kür çökəkliyində fəaliyyət göstərmişdir. Mezozoy maqmatizminin əsas xüsusiyyəti Kiçik Qafqazda ultraəsasi, əsasi tərkibli intruzivlərdən və vulkanogen-çökmə süxurlardan ibarət və okean tipli Yer qabığı üçün səciyyəvi olan ofiolit assosiasiyasından əmələ gəlməsidir. İntruzivlər burada, əsasən, ultrabazitlərdən (dunit, peridotit, qabbro və s.), vulkanitlər toleit-bazaltlardan ibarətdir.[2]

Kaynazoy maqmatizmi[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazda və Talışda vulkanitlər, bazalt-andezit-dasit və subqələvi, intruzivlər isə qranit tipli turş və subqələvi tərkiblidir. Kiçik Qafqazın cənub hissəsində Ordubad batoliti, mərkəzi hissəsində isə Dəlidağ intruzivi və bir sıra başqa intruziv kütlələr Kaynozoy maqmatizminin məhsuludur. Bu dövrdə Böyük Qafqazın cənub yamacında da zəif maqmatizm baş vermişdir. Burada Buynuz intruzivinin həmin vaxtda əmələ gəldiyi güman edilir. Kaynozoy maqmatizminin əlamətdar cəhətlərindən biri də dördüncü dövrdə Kiçik Qafqazın mərkəzi hissəsində vulkanizmin aktivləşməsi və bazalt lavalarının geniş yayılmasıdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycanın relyefi

Litosfer

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. R.Məmmədov, E.Əlizadə Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı, 2014
  2. R.Məmmədov, E.Əlizadə Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı, 2014