Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının birgə keçirdiyi qurultay.[1][2]
1919-cu il, aprelin 7–15-də Bakıda keçirilmişdir. Qurultay bolşeviklərin təsiri altında olan Azərbaycan həmkarlar ittifaqlarının təşəbbüsü ilə çağırılmışdır. Qurultayda Bakı, Gəncə, Tiflis, Port-Petrovsk, Dərbənd, Krasnovodsk və Qızıl Arvaddan olan 30 həmkarlar ittifaqından 146 nümayəndə iştirak edirdi.
Qurultayda İ. Anaşkin həmkərlar ittifaqlarının vəzifələri haqqında məruzə etdi. Bütün məsələlər üzrə bolşeviklərin təklif etdiyi qətnamələr qəbul edildi. Qurultayın bolşevik fraksiyası bitərəf nümayəndələrin əksəriyyətini öz tərəfinə çəkərək həmkarlar ittifaqları hərəkatında kommunist partiyası proqramının qəbul edilməsinə nail oldu.[1] Azərbaycan sol eserlərindən bəziləri də qurultayda bolşeviklərə tərəfdar çıxdılar. Qurultay fəhlələri sovet hakimiyyəti uğrunda mübarizə yolunu tutmağa çağıran qətnamə qəbul etdi. Qurultayda seçilən Qafqaz ölkə həmkarlar ittifaqları mərkəzinin heyətinə bolşeviklərdən B. Ağayev, İ. Anaşkin, F. Qurbanov,Ə. Qarayev və b. Keçdilər.[2]
Qurultayın bolşevik platformasına dayanması menşevik və eserlərin həmkarlar ittifaqlarından sıxışdırılması prosesini sürətləndirdi. 1919-cu ilin, yayında Bakıdakı həmkarlar ittifaqlarının, demək olar ki, hamısının idarə heyətində kommunistlər çoxluq təşkil edirdilər, sentyabrda isə onlar sağ sosialistlərin son dayağı olan Bakı həmkarlar ittifaqları şurasını ələ keçirdilər. Beləliklə, bolşeviklər həmkarlar ittifaqları üzərində tam nəzarətə nail oldular. Bununla, Şimali Azərbaycana sovet-bolşevik müdaxiləsi üçün zəmin hazırlamaq yolunda daha bir addım atılmış oldu.[2]