İngiltərə üçün Azərbaycan futbolu yalnız bir nəfərdən – Tofiq Bəhramovdan ibarət olub. 1966-cı ildə keçirilən mundialın finalında verdiyi mübahisəli qərarlarla britaniyalıları çempion edən yan xətt hakimi indiyədək Britaniyada milli qəhrəman kimi yad edilir. Elə Respublika stadionumuzun bu hakimin adını daşıması da ingilislərin diqqətindən kənar qalmır. Lakin müstəqillik dövründə komandalarımız da dəfələrlə qarşılaşıb. Əsas yığmamız DÇ-2006-da ingilislərə 0:1, 0:2 hesabı ilə uduzsa da, paralel keçirilən U-21-lər arasında Avro-2006-nın seçmə mərhələsində bir xal ala bildik – 0:0, 0:2. Düzdür, ötən ilki yoxlama matçında britaniyalı gənclər bunun əvəzini darmadağınla çıxdılar – 0:7. U-17 isə qitə birinciliyinin həm 2006/07 mövsümünün ikinci (0:1), həm də 2009/10 mövsümünün Bakıda baş tutan birinci mərhələsində (0:4) futbolun yaradıcılarına uduzub.
İngilislərlə futbol əlaqələrimiz isə bununla tamamlanmır. Hollandiyanın "Tvente" klubunda çıxış edən millimizin oyunçusu Vaqif Cavadov məhz Kapellonun yığmadakı sələfi Stiv Maklarenin rəhbərliyi altında çempion olub. Şirlərin sabiq müdafiəçiləri Toni Adams və Hari Stivens isə artıq məşqçilik karyeralarını "Qəbələ"də davam etdirirlər. Onlar müvafiq olaraq, baş məşqçi və köməkçi kimi, daha bir həmyerliləri Alastair Savyerimutto isə icraçı direktor kimi ölkəmizdə çalışır. Mundial zamanı bu "üçlük" klubun hazırlığı ilə yanaşı, yığmalarını da izləyəcək. Daha bir məqam isə Azərbaycan çempionatında ingilis komandasının olmasıdır. Ölkəmizdə yaşayan britaniyalılardan təşkil olunan "Halliburton" həvəskarlar liqasında çıxış edir.