Azərbaycan milli komandası indiyədək 4 dəfə Portuqaliya ilə görüşüb ki, bu matçların hamısı tarixi əhəmiyyət kəsb edib. 1999-cu il martın 26-da təsadüf edən ilk matç "Gimaraynş faciəsi"[1] kimi yadda qalıb. Avro-2000-nin seçmə mərhələsində Gimaraynş şəhərində biabır olan (0:7) Azərbaycan futbolçuları yarım il keçməmiş toparlanaraq Bakıda Luiş Fiqu və komandasını qələbəyə həsrət qoymuşdular – 1:1. Həmin oyundan 1 gün əvvəl 1999-cu il sentyabrın 3-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda tarixi hadisə yaşandı. Matçın gedişində işıqların sönməsi futbolçuları soyunub-geyinmə otağına yolladı. Ertəsi gün isə Zaur Tağızadə rəqibi "işığını söndürdü". Hesabı açan, oyunun sonlarında meydandan qovulan 20 yaşlı istedad bu qolla "Qızıl oğlan" adını qazandı. Portuqaliyalılar isə Luiş Fiqunun qolu ilə 1 xala son dəqiqələrdə sevindilər. Avro-2000-də olduğu kimi, Avro-2008-ində seçmə mərhələsində iki yığma eyni qrupda yer aldı. 2006-cı il oktyabrın 7-dəki matçda millimiz yenə darmadağın oldu – 0:3. Kriştiano Ronaldo 2 qol vursa da, indiyədək hesaba alınmayan 3-cü qolunu xatırlayır: "Karyeramın ən gözəl qolunu Azərbaycana vurdum. Lakin o topu hesaba almadılar". İlk 2 matçda olduğu kimi, 2007-ci ilin oktyabrına təsadüf edən portuqaliyalılarla sonuncu matç da qırmızı vərəqə ilə yadda qaldı. Bu dəfə Ronaldoya dirsək atıb, onu yerə sərən Aslan Kərimov komandamızı azlıqda qoydu və qonaqlar 2 cavabsız qolla Bakını qalib kimi tərk etdilər.
Portuqaliya komandaları ilə Azərbaycanın görüşləri təkcə millinin matçları ilə bitmir. Avrokuboklarda bu ölkənin klubları ilə qarşılaşacaq səviyyədə irəliləyə bilməyən Azərbaycan klublarından fərqli, yığmalar dəfələrlə pireneylilərlə görüşüb. Avro-2000-də U-21 rəqibin gücünə şahid olub – 0:5 və 0:2. U-19 isə 2005-ci ilin payızında aldığı zərbənin (1:5) əvəzini 2010-cu ildə 2:2 etməklə çıxa bildi.
Bundan başqa, Azərbaycanın çimərlik yığması və futzal milliləri də hərəyə 2 dəfə Portuqaliya ilə üz-üzə gəlib. Qumda uduzduqları (4:6 və 2:5) rəqiblə zallardakı matçlarımızda bərabərlik qeydə alınıb. Avro-2010-nun həm seçmə mərhələsində, həm də final mərhələsindəki görüşlər 3:3 hesabı ilə başa çatıb. Sonuncu oyun yarımfinala təsadüf etdiyindən qarşılaşmanın taleyini penaltilər həll edib və Azərbaycan finala çıxa bilməyib.
Ronaldonun həmyerliləri üzərində Azərbaycanın yeganə qələbəsini isə 19 yaşadək qızlardan ibarət yığma əldə edib. Onlar 2008-ci ildə rəqibini 2 cavabsız qolla məğlub ediblər.
Azərbaycan və Portuqaliya futbolları arasında ilk "elçi" Vəli Qasımov olub. 1997/98 mövsümündə "Setubal" klubuna keçən hücumçu iki mövsüm çıxış etdiyi Portuqaliyanın güclülər dəstəsində 41 oyuna 15 qol vurub. Sonradan keçdiyi aşağı dəstə təmsilçisi "İmortal"da 46 qarşılaşmaya 16 qol vurub. Vəlidən əvvəl olmadığı kimi, sonra da "ikinci eşelon" ölkələrinin çempionatlarında oynayan ikinci azərbaycanlı yoxdur. Əvəzində portuqaliyalılar Azərbaycan klublarına gəlməyə başlayıb. Təkcə son mövsüm bu ölkənin iki təmsilçisi Azərbaycanda top qovub. Bunlar "Standard"da çıxış edən Huqo Maçado və "Qəbələ"nin üzvü olan Paulino Tavaresdir.