Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Azərbaycan Birinci dünya müharibəsində — Azərbaycanın Birinci dünya müharibəsində iştirakı.
Azərbaycan zəngin və mühüm geosiyasi bir region olaraq İran, Osmanlı və Rusiya dövlətləri ilə həmsərhəd idi. Şərqdə – Xəzər, Qərbdə – Gürcüstanla əhatə olunan Azərbaycanın beynəlxalq yükdaşımaları həyata keçirmək üçün Bakı kimi əlverişli dəniz limanı var idi. Azərbaycan əlverişli coğrafı şəraiti, xammal ehtiyatları və mühüm geostrateji mövqeyi ilə seçilən bir ölkə idi. Azərbaycan Avropa dövlətləri ilə Şərq ölkələri arasında körpü rolunu oynamaqla dünyanın mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Şimali Azərbaycanda Bakı-Novorossiysk, Bakı-Batum, Cənubi Azərbaycanda isə Təbriz-Bursa-İstanbul və s. kimi ticarət yolları beynəlxalq iqtisadi əlaqələrin arteriyasını təşkil edirdi. Azərbaycan həm də Cənubi Qafqazın əsas energetika bazası idi. Oktyabr çevrilişinə qədər Bakı nefti Rusiyanın əsas enerji mənbəyi olduğundan bolşeviklər onun itirilməsi faktı ilə heç cür razılaşmaq istəmirdi. Digər tərəfdən başqa güclü dövlətlər də ciddi-cəhdlə Bakı neftini ələ keçirməyə çalışırdı. Oktyabr çevrilişindən sonra Birinci Dünya müharibəsində iştirak edən dövlətlərin planında Bakı neftini ələ keçirmək başlıca məqsəd daşıyırdı. Eyni zamanda, Azərbaycan Rusiya, İran, Osmanlı ilə yanaşı, digər güclü dövlətlər üçün hərbi-siyasi əhəmiyyətə malik bir region idi. Azərbaycan ərazisi Yaxın və Orta Asiyaya çıxmaq üçün əlverişli coğrafı imkanları ilə yanaşı, həmçinin müdafiə xarakterli əhəmiyyət kəsb edirdi.
Müharibə böyük dövlətlərin ərazisində yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının da iqtisadi və siyasi həyatına öz mənfi təsirini göstərdi. Birinci Dünya müharibəsi Azərbaycan iqtisadiyyatına güclü zərbə endirmiş, əhalinin vəziyyətini son dərəcə pisləşdirmişdi. Müharibənin ilk günlərindən Rusiyanın HDD (Hərbi Dəniz Donanması) neft yanacağına olan tələbatı artmışdı. Əgər rus donanması 1913-cü ildə 250 min pud yanacaq almışdısa, 1916-cı ildə donanma 18 mln pud mazut və 0,8 mln pud müxtəlif neft məhsulları almışdı. 1916-cı il may ayından, 1917-ci il may ayına kimi Rusiyanın HDD 20 mln pud müxtəlif neft məhsulları almışdı. Rusiyanın hərbi donanması üçün benzin, kerosin, mazut məhsullarının daşınmasını kontrakta uyğun olan "Nobel qardaşları" şirkəti həyata keçirdi. Ümumiyyətlə, istər müharibə ərəfəsində, istərsə də müharibə zamanı Bakı nefti Rusiya Hərbi Dəniz Donanmasının təchizatında aparıcı rol oynadı. Çar hökuməti bəy nəslindən olan şəxslərin orduya götürülməsinə yol verirdi. Onların bəziləri hərbi məktəblərdə təhsil aldıqdan sonra rus ordusunda zabitlik edir və müxtəlif cəbhələrdə döyüş əməliyyatında iştirak edirdi. Rus ordusunun görkəmli generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski və başqları onların sırasına daxil idi. Topçu general S. Mehmandarov almanları dəfələrlə ciddi məğlubiyyətə uğratmış istedadlı sərkərdə idi. 21-ci piyada diviziyasının komandiri olan S. Mehmandarov 1914-cü ilin Lodz əməliyyatı zamanı xüsusilə fərqlənmişdi; o, rus qoşun hissələrini mühasirəyə salmaq istəyən alman generalı Makenzinin planlarını puça çıxarmışdı. Bundan sonra II Qafqaz ordu korpusunun komandiri təyin olunan S. Mehmandarov, müharibənin sonlarına yaxın ordu komandiri vəzifəsinə kimi yüksəldi. General-leytenant Ə. Şıxlinski rus ordusunda topçuluq işinin ən mahir ustalarından biri hesab olunur. Birinci Dünya müharibəsi illərində o bir sıra ali komandanlıq vəzifələrini tutmuşdu. Müharibənin ilk günlərində Peterburqun toplarla müdafiə olunması ona tapşırılmışdı. 1915-ci ildə Ə. Şıxlinski Ali Baş Komandanın qərargahında topçuluq işləri üzrə general vəzifəsinə, sonra Qərb cəbhəsinin topçu qoşunları rəisi, müharibənin sonlarına yaxın isə 10-cu ordunun komandanı vəzifəsinə təyin olunmuşdu. Çar hökuməti tərəfindən ali sərkərdə ordenləri ilə təltif olunmuş bu generallardan əlavə, 1914–1917-ci illərdə rus ordusu sıralarında 200-ə qədər azərbaycanlı zabit qulluq edirdi. Birinci Dünya müharibəsi zamanı rus ordusunda azərbaycanlılardan ibarət kiçik bir süvari dəstə var idi. Bu şuşalılardan təşkil edilmiş və "Qafqaz yerli süvari diviziyasının" tərkibinə daxil olan "Tatar süvari alayı" adlanırdı. Çar generalları və rus şovinistləri tərəfindən bu alay "vəhşi diviziya" adlanırdı. Hansı ki, bu alayın əsgər və zabitləri sonralar Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Milli Ordusunun ilk müjdəçiləri oldular. Müharibə neft sənayesinin inkişafına təsirsiz ötüşmədi. Neft çıxarma və neftayırma sahəsində sürətli geriləmə müşahidə olunurdu. Müharibə illərində Azərbaycanın kənd təsərrüfatı da böhran keçirirdi. Çar hökuməti azərbaycanlıları orduya çağırmadığından əhali işçi qüvvəsi kimi başqa işlərə cəlb olunurdu. 1915-ci il iyunun 15-də çar hökumətinin verdiyi fərmana görə 23 yaşına qədər olan gənclər müharibə ilə əlaqədar olan işlərə səfərbərliyə alınırdı. Bunun nəticəsində Azərbaycanın ən çox əmək qabiliyyətli kənd əhalisinin 30 faizi təsərrüfatdan ayrılaraq arxa işlərinə cəlb olunmuşdu.
Bu isə kənd təsərrüfatında ciddi şəkildə işçi qüvvəsi çatışmazlığı yaradırdı. Bundan başqa, çar hökuməti tərəfindən 1916-cı ildə qoyulmuş xüsusi hərbi vergi də kənd təsərrüfatını iflasa uğradırdı. Müharibə təsərrüfatın bütün sahələrində geriləməyə səbəb oldu. Birinci Dünya müharibəsinin birinci dövründə döyüş cəbhəsindən biri də Qafqaz cəbhəsi idi. Azərbaycan rus-türk Qafqaz hərbi teatrı ilə bağlı idi. Hərbi əməliyyatlar birbaşa Azərbaycan ərazisində aparılmasa da, müharibə aparan tərəflərin strateji planlarında əsas yeri tuturdu. Alman-türk hərbi qərargahının Qafqaz cəbhəsi üçün hazırladığı döyüş planı birbaşa Xəzər hövzəsinə, xüsusən də Bakı neftinə sahib olmaq idi. Qafqaz cəbhəsində hərbi əməliyyatlar davamlı deyildi. 1915 və 1916-cı illər arasında demək olar ki, cəbhədə daha çox sakitilik hökm sürmüşdür. Bütövlükdə müharibənin birinci dövründə Qafqaz cəbhəsində dörd iri əməliyyat keçirilmişdir. Bunlardan birincisi Sarıqamış, ikincisi Alaşkert, üçüncüsü Oqnut və nəhayət, Muş əməliyatı idi
Qeyd etmək lazımdır ki, erməni məsələsi XIX əsrin axırlarına yaxın öz inkişafının yeni fazasına daxil oldu. Bu dövrdən başlayaraq Daşnaksütyun partiyası ermənilərin mülki və mədəni maraqlarını müdafiə etmək devizi altında öz fəaliyyətini Cənubi Qafqazda daha da gücləndırdi. Ermənı məsələsinin Cənubi Qafqaza keçirilməsi ilə diyarın əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayan xalqları dəhşətli fəlakətlərlə üzləşməli oldu. Çünki daşnakların Cənubi Qafqaza gəlməsinə qədər bütün xalqlar burada tam əmin-amanlıq şəraitində yaşamışdı. Daşnakların gəlişinə qədər dinc əhali heç bir zaman milli zəmində qanlı toqquşmaların nə olduğunu bilmirdi. Daşnaklar Cənubi Qafqazda yaşayan ermənilər arasında öz terrorçuluq hərəkətlərini təşkil və təbliğ etməklə regionu bütünlüklə erməni ərazisinə çevirmək istəyirdi. Ona görə də ermənilər birinci dünya müharibəsində yaranmış beynəlxalq vəziyyətdən istifadə edərək məqsədlərini reallaşdırmağa başladı. Onlar birinci dünya müharibəsində iştirak edən dövlətlərlə gizli danışıqlar apararaq Osmanlı dövləlinə və Azərbaycan əhalisinə qarşı hazırladıqları məkrli planlarını həyata keçirməyə çalışırdı. Digər tərəfdən isə Antanta və Dördlər İttifaqına daxil olan dövlətlər də Azərbaycan neftinə sahib olmaq üçün "erməni məsələsi"ndən öz istəklərinə uyğun şəkildə bəhrələnməyə çalışırdı. Bu baxımdan müharibə aparan dövlətlərin planlarına uyğun olaraq Azərbaycanda "erməni məsələsi"nə xüsusi diqqət yetirildi. Onlar yaxşı dərk edirdi ki, həm Cənubi Qafqaz, həm də Osmanlı dövləti ərazisində yaşayan ermənilərdən müəyyən şərtlərlə istifadə edə bilərlər. Antanta dövlətləri ermənilərdən iki istiqamətdə istifadə etmək niyyətində idi: birincisi, Osmanlı ərazisində yaşayan ermənilərə azadlıq və muxtariyyət vəd etməklə, onları Osmanlıya qarşı qaldırmaq; ikincisi, Rusiya ermənilərindən rus Qafqaz Ordusunda istifadə etməklə Osmanlıdakı yeddi vilayətə və Kilikiyaya muxtariyyət vermək.
Dördlər İttifaqı, xüsusən Almaniya da ermənipərəst mövqe nümayiş etdirirdi. Almaniya layihəsinə görə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin vəziyyətini yaxşılaşdırmaq üçün islahatlar və digər tədbirlər, o cümlədən Rusiya erməniləri üçün isə muxtariyyət nəzərdə tutulurdu. Bir sözlə, Antanta ilə Dördlər İttifaqı arasında erməniləri öz tərəflərinə çəkmək uğrunda mübarizə gedirdi. İstanbuldakı Rusiya səfirliyinin müşaviri Qulkeviç Birinci Dünya müharibəsinin başlanğıcında bəyan etdi ki, rus hökumətinin əsas məqsədlərindən biri erməniləri zülmdən xilas etmək və onlara muxtariyyət verməkdir. Osmanlı dövləti isə erməni məsələsinə aydınlıq gətirmək üçün Ərzurum və yaxud Vanda Seym çağırılması haqqında manifest imzalamışdı. Bu addım erməni əhalisi arasında ikitirəlik yaratmışdı. Belə şəraitdə Daşnaksütyun partiyası "dilemma" qarşısında qalmışdı. Onlar bu yollardan hər hansı birini seçməkdə çətinlik çəkirdi. Nə etməli. Antanta blokuna, yoxsa Almaniya-Osmanlı ittifaqına daxil olmaq. Daşnaklar bu məsələdə Antanta blokuna meyilli olmağa üstünlük verdi. Bütövlükdə erməni siyasi təşkilatları Osmanlı ərazisində öz dövlətlərini qurmaq istəyini reallaşdıra bilmədiyi üçün bu istəyini bolşevik Rusiyasının hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqları hesabına həyat keçirdi.
Sovet Rusiyasının 1918-ci il Brest-Litovski sülhünə uyğun olaraq Birinci Dünya müharibəsindən çıxması HəmədanBaltik arasında 3000 km-lik bir sahənin boşalmasına səbəb oldu. Rusiyada bolşeviklərin iqtidarı ələ keçirmələri ilə bütün dünyanın diqqəti bu ölkəyə yönəldi. Çünki bolşevik ideyaları sürətlə Avropaya və oradan isə Avropa imperialistlərinin göz dikdiyi Asiyaya doğru irəliləyə bilərdi. Bu hadisələr müsəlmanların çoxluq təşkil etdiyi ərazilərin sahibi olan İngiltərəni narahat edirdi.
İngiltərə üçün başqa bir narahatlıq , rus ordusunun dağılmasından yararlanan alman qüvvələrinin Qara dənizin şimalından irəliləyərək Ukrayna və Krıma girməsi, Gürcüstanda qərərgah yaratmaları idi. İngiltərə üçün digər narahatlıq türk qüvvələrinin Qafqaza daxil olub, Şimali Azərbaycan və Cənubi Azərbaycanda irəliləməsi idi. Osmanlı dövləti İrandan Xəzər dənizinə qədər olan ərazidə yaşayan müsəlman-tük xalqlarını istiladan xilas etmək istəyirdi. Təbii ki, türklərin bu istəyi ingilısləri təmin edə bilməzdi. Hadisələr müttəfiq dövlətlərin diqqətini Şərqə yönəltdi. Bolşevik cərəyanına və türk ordusunun fəallaşmasına qarşı çıxış etmək hüququ müttəfiqlər tərəfindən İngiltərəyə verildi. İngiltərənin istəyini təmin edən bu hüquq, onlara aşağıda göstərilən məqsədlərə nail olmağı vəd edirdi: Birincisi, Xəzər dənizinin şimalında bolşeviklərlə, Qafqazın və Xəzər dənizinin cənubunda isə türklərlə haqq-hesab çəkib öz planlarını tam həyata keçirmək; ikincisi, işğal altında saxladıqları İranın şimal və şərqindən gələ biləcək təhlükəni dəf etməyə nail olmaq; üçüncüsü, türk yürüşü və bolşevik cərəyanına qarşı Asiyadakı Hind imperatorluğu ətrafında geniş bir güc sahəsi yaratmağa cəhd göstərmək; nəhayət, Qara dənizin şərqindən Xəzər dənizinə qədər olan bölgəyə nüfuz etməklə Bakı neftini ələ keçirmək və Qafqazda yeni iqtisadi sahələr əldə etmək.
Şimali Azərbaycanla yanaşı Cənubi Azərbaycan da müharibə aparan dövlətlərin strateji planlarında ilk yerləri tuturdu. Müharibə aparan tərəflərin hər biri ayrılıqda qarşısına məqsəd qoymuşdu. Qafqaz cəbhəsində hərbi siyasi üstünlüyə nail olmaq, Cənubi Azərbaycanda hərbi əməliyyatları genişləndirməklə Bakı neft rayonunu, ən başlıcası Xəzər Dənizi hövzəsini və Orta Asiyanı ələ keçirmək idi. Almaniya və Türkiyə İran hökumətini onların tərəfində çıxış etməyə məcbur edirdi. Türkiyə Cənubi Azərbaycanın türk əhalisinin imkanlarından bəhrələnmək istəyirdi. Rusiya komandanlığı Alman-Türk planından xəbərdar olan kimi buna qarşı tədbirlər həyata keçirdi. 1914-cü il noyabr ayının 20-də general Çernozubovun komandanlığı altında rus ordusu "Azərbaycan dəstəsi" kodu altında Culfada Rus İran sərhədini keçərək Azərbaycanın Xoy şəhərinə daxil oldu. Buradan cənub və şərqə doğru Urmiya gölünə doğru irəliləyərək Soyuqbulaq və Təbrizdə mövqe tutdu. Alman-türk tərəfinin tələblərini şah hökuməti yerinə yetirmədiyi üçün 1914-cü il noyabr ayının 21-də türk-kürd hərbi dəstələri Mosuldan hərəkətə keçərək Cənubi Azərbaycan ərazisinə daxil oldu. Bu zaman general Çernozubov mərkəzi ordu komandanlığından Culfaya doğru geri çəkilmək əmri aldu. Beləliklə, 1914-cü il dekabr ayına türk ordusu Soyuqbulağı, dekabr ayının 27-də Baçqalanı, 1915-ci il yanvar ayının 5 — də türk-kürd dəstələri Urmiyanı, yanvar ayının 8-də isə Səlmas və Xoyu ələ keçirdi. 1915-ci il yanvar ayının 8-də Əhməd Muxtar bəyin komandanlığı altında türk ordusu ilə eyni vaxtda general Çernozubov da, yenidən Cənubi Azərbaycan istiqamətində hücum əmri aldı. Türkiyə Cənubi Azərbaycanda mövqelərini möhkəmləndirmək üçün oraya Ənvər paşanın əmisi Xəlil bəyin komandanlığı altında əlavə hərbi dəstə göndərdi. 1915-ci ilin mart ayında Xəlil bəyin hərbi dəstəsi Urmiyaya daxil oldu. Rusiya tərəfdən Xəlil bəyin ordusuna qarşı 15 batalyondan ibarət general Çernozubovun hərbi hissəsi çıxarıldı. Sarıqamış uğursuzluğundan sonra hərbi-psixoloji durğunluq keçirən Türkiyə Rusiyanın hərbi üstünlüyü şəraitində Cənubi Azərbaycandakı mövqelərini itirməklə üz-üzə qaldı.
Rusiya Cənubi Azərbaycanda möhkəmlənmək üçün 1915-ci ilin oktyabrında general N. N. Baratovun komandanlığı altında atlı suvari korpusunu bu regiona göndərdi. 1916-cı il avqust ayının 19-da Almaniya ilə Türkiyə arasında razılaşma imzalandı. Bu razılaşmaya görə Cənubi Azərbaycan ərazisində hərbi əməliyyatlara rəhbərlik yalnız Türk tərəfinə həvalə olundu. Müharibənin sonuna yaxın Almaniya bu razılaşmanı pozdu və Türkiyənin Azərbaycanda mövqeyini zəiflətmək məqsədilə Rusiya ilə yaxınlaşmağa başladı.
Naxçıvan Birinci Dünya müharibəsi illərində ermənilərin planlarına görə çətin vəziyyətə düşmüşdü. 1917-ci il bolşevik çevrilişindən sonra imzalanan Erzincan mütarəkəsi ilə (18 dekabr 1917) ruslar Şərqi Anadoludan çəkilməyə başladı. Ancaq rus ordusu çəkilərkən işğal etdikləri əraziləri ermənilərə təslim etməyə çalışırdı. Qafqaz cəbhəsini başıpozuq tərk edən rus hərbçiləri silahlarını, regionun xristian əhalisinə, xüsusən ermənilərə təhvil verirdi.
Ermənilər mütəşəkkil ordu yarada bildilər. Bu işdə onlara bolşevik hökuməti yaxından kömək edirdi. Bolşevik-sovet ordu komandanılığının 26 dekabr 1917-ci il 136 saylı əmrinə əsasən erməni ordu korpusu təşkil edildi. Korpusun tərkibinə 1-ci və 2-ci piyada diviziyası və erməni könüllü dəstələri daxil idi. Komandiri antitürk məsləkli erməni generalı Andranik idi. 1918-ci ilin əvvəllərində erməni ordusu 17 minə çatdırılmışdı. Ona görə də ermənilər, mərkəzi İrəvan (Rəvan) olmaqla, Ərzurum, Qars, Van, Bitliş, Muş, Naxçıvan və Zəngəzur daxil olmaqla bölgədə bir erməni dövləti yaratmaq üçün öz birliklərini təşkil etməyə başladı. Qafqaz müsəlmanları, eləcə də Naxçıvanın əhalisi, erməni komitələrinin bölgədə müsəlmanlara qarşı həyata keçirdiyi vəhşiliyin qarşısını almaq üçün türk ordusunun vəziyyətə münasibət bildirməsini tələb edirdi. Bu arada, davam edən Brest-Litovski danışıqlarında bir nəticə alınmırdı. Digər tərəfdən, rus ordusunda baş alıb gedən nizamsızlıq regionda mürəkkəb vəziyyət yaratdı. Qafqaz regionunun müsəlman-türk əhalisi üçün yaranmış təhlükəli vəziyyətini nəzərə alan türk ordu komandanlığı bəzi tədbirlər gördü. Tərik Vəhip paşanın komandanlığı altında 3-cü türk ordusu yenidən təşkil edildi. Polkovnik Kazım Qarabəkir paşanın komandanlığı altında Türk Qafqaz Ordusu hərbi əməliyyatlara başladı. Aparılan hərbi əməliyat nəticəsində Ərzincan, Trabzon, Ərzurum, Batum işğaldan azad edildi. Kazım Qarabəkir paşa 1918-ci il aprelin 25-nə kimi erməni qüvvələrindən Qarsı boşaltmalarını tələb etdi. Qars aprelin 25 — də türk qüvvələrinə təslim oldu. Azərbaycan-türk ərazilərində erməni hərbi birləşmələrinin dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımı dayandırmaq üçün Türk 3-cü ordu komandanlığı, 1918-ci il may ayının 15-də Arpa çayının şərqində yerləşən Gümrünü ələ keçirmək əmrini aldı. Bu zaman Naxçıvanın cənubunda yerləşən ermənilər, ingilis və amerkanlardan yardım alaraq türk qüvvələrinə müqavimət göstərməyə çalışırdı. I Qafqaz Türk Ordu qrupu Kazım Qarabəkir paşanın rəhbərliyi altında Culfanın şimalından hərəkətə keçərək, erməniləri bu bölgədən çıxardı. Bununla da Araz çayının cənubu ermənilərdən təmizlənmiş oldu. 1918-ci il iyulun 14-də Andranik Naxçıvana gəlib, Azərbaycan kəndlərinə qarşı kütləvi qırğınlar törətməyə başladı. Türk Ordu komandanlığı tərəfindən Naxçıvanın ermənilərdən azad olunması tapşırığı II Qafqaz Türk Ordu qrupuna həvalə olundu. Naxçıvan 3000 piyada, 500–600-ə qədər erməni atlı silahlı dəstəsinin işğalı altında idi. 1918-ci il iyul ayının 19-da II Qafqaz Türk Ordu qrupu və 35-ci piyada alayı Naxçıvana doğru hərəkətə keçdi. Türk hərbi birləşmələri 1918-ci il iyulun 20-də Naxçıvana girdi. Andranikin dəstəsi darmadağın edildi. Beləliklə, Naxçıvan erməni işğalı və zülmündən azad oldu. Bundan sonra, Kazım Qarabəkir paşa, 1918-ci ilin avqustunda qərargahını Naxçıvana göçürdü. Brest-Litovski sülhünün şərtinə uyğun olaraq, 1918-ci il iyulun 14-də Qars, Ərdahan və Batum əhalisi plebistit (səsvermə) keçirdi. Əhali Osmanlı dövlətinə birləşmək qərarını verdi. 1918-ci il avqust ayının 15-də Sultan Vahidəddin Qars, Ərdahan və Batumun Osmanlıya birləşməsi haqqında fərman imzaladı.
Osmanlı hökuməti, 1918-ci il sentyabr ayının 14-də Batumi və Qars vilayətlərinin təşkili haqqında qərar verdi. Naxçıvan Qars nahiyyəsinə daxil oldu. I Dünya müharibəsinin Osmanlı dövlətinin məğlubiyyəti ilə nəticələnəcəyini hiss edən İttifaq və Tərəqqi Partiyası istefa vermək məcburiyyətində qaldı. Əhməd İzzət Paşa kabineti, Türk Ordusunun Qafqaz ərazilərini 1918-ci il dekabr ayının 3-ə kimi tərk etməsi qərarını imzaladı. Bu birbaşa (30 oktyabr 1918) Mudros barışığı ilə bağlı idi. Türk ordusu Naxçıvanı da tərk etməli idi. 1918-ci il oktyabr ayının 21-də Baş nazir Əhməd İzzət paşa Gümrü, İğdır və Naxçıvan qəzalarında olan hərbçilərin həmin ərazilərdən çəkilməsini istədi. Bu addım regionun müsəlman-türk əhalisini dəhşətli təhlükə, erməni işğalı ilə üz-üzə qoydu. Belə olan halda Naxçıvan əhalisi 9-cu Ordu komandanı Yaqub Sevgi paşaya müraciət etdi. Müraciətdə aşağıdakı istəklər irəli sürüldü. 1. Osmanlı ordusu geri çəkilməsin; 2. Əgər əsgərlərin geri çəkilməsi zəruri isə, onda əhalinin mühafizəsi üçün hər qəzada bir qisim əsgər qalsın; 3. Qəzalara gələcək xristianlar tərəfindən müsəlmanların məhv edilməsinin qarşısı alınsın. Müsəlman-türk əhalisinin narazılığını haqlı hesab edən Yaqub Sevgi Paşa, durumu İstanbula bildirməyi lən-gitmədi. Lakin İstanbuldan müsbət cavab alınmadı. Erməni silahlı birləşmələri, yaranmış vəziyyətdən istfadə edərək 27 dekabr 1918-ci il tarixdə Yaponun nəzarətində olan dəstə ilə Naxçıvanın qərbindəki Auş kəndinə hücum edərək 2000 nəfər dinc əhalini öldürdü. Qarsın güneyindən Ordubada qədər olan bölgə ermənilərin təhdidi altında idi. Müsəlman-türk əhalisi özünü erməni təcavüzündən qorumaq üçün Naxçıvan başda olmaqla, Şərur, Eçmiəzdin, Sürməli və İrəvanın cənubunda yaşayan müsəlman-türklər Qəmərli kəndinə toplaşdılar. Qızğın müzakirələrdən sonra, mərkəzi İğdır olmaqla sədr və 6 üzvdən ibarət olan bir hökumət qurdular. Hökumətin sədri Əmir bəy Əkbərzadə, Hərbi nazir – Qarslı Cahangirzadə İbrahim, Maliyyə naziri- Qəmbər Əli bəy Bənanyarlı, Mülkiyyət naziri –Bakir bəy Rizazadə, Xarici işlər naziri Həsənağa Səfazadə, Ədliyyə naziri Məhəmməd Bəyzadə idi. Araz Türk hökuməti əhalinin təhlükəsizliyini təmin etmək məqsədiilə ciddi tədbirlər gördü. 9-cu Ordu komandanı Yaqub Sevgi paşanın yardımı ilə 20 tabur təşkil edildi. Könüllü olaraq bu bölgədə qalan türk əsgər və zabitləri də bu taburlara daxil oldular. Ermənilərin törətdikləri qətliam, işgəncə və zülmlərin qarşısını mərdliklə alan Araz Türk hökuməti, erməni silahlı dəstələrini Naxçıvandan çıxarmağa müvəffəq oldu. 1918-ci il noyabr ayının 30-da Qars şəhərində böyük bir konqres toplandı. Ordubad, Naxçıvan, Sərdərabad, İğdır, Qəmərli, Ahiska, Ahılkelek bölgələrindən millət vəkili sifəti ilə 70 nəfər nümayəndə konqresə qatılmışdı. Konqresin qəbul etdiyi qərara görə, mərkəzi Qars şəhəri olmaqla Batumdan Ordubada, Ağrı dağından Qara dəniz sahillərinə kimi uzanan müsəlman türk ərazilərində Milli Şura hökuməti yarandı. Ahıska hökuməti və Araz Türk hökuməti Milli Şura hökumətinə birləşdi. 12 nazirdən ibarət olan hökumətin başçısı İbrahim bəy Cihangiroğlu idi. 1918-ci il noyabr ayının 11-d ə Almaniyanın təslim olması ilə I Dünya müharibəsində hərbi əməliyyatlar dövrü başa çatdı. Bundan sonrakı mərhələdə Naxçıvan daha mürəkkəb vəziyyət ilə üz-üzə qaldı. Erməni komitələri, ingilis, amerikan və bolşevik yardımı sayəsində Naxçıvan torpaqlarını ələ keçirmək istədi. Lakin qəhrəman Naxçıvan əhalisi, mərdliklə vuruşaraq öz torpaqlarını erməni işğalından qurtara bildi. Birinci Dünya müharibəsi nəticəsində Osmanlı dövlətinin ərazisinin Avropa dövlətləri tərəfindən bölüşdürülməsi, dünya neftinin 66%-nə malik olan Yaxın Şərqin Avropa dövlətləri tərəfindən zəbt olunmasıdır. Bu müharibə Rusiya və Avropa üçün də itkisiz ötüşmədi.
Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə Rusiya və Almaniya arasında bağlanan Brest-Litovski sülhünün şərtlərinə uyğun olaraq Rusiyanın əlindən 3 mln km² ərazi, 62 milyonluq əhali çıxdı. Rusiyanın sərhədləri paytaxt şəhəri Sankt-Peterburqa yaxınlaşdığı üçün paytaxt Moskva şəhərin ə köçürüldü. Birinci Dünya müharibəsinin ən önəmli sonuclarından biri Avropanın XVIII əsrdən bəri uzun sürən uzunmüddətli dəniz və ticarət üstünlüyü təhlükəyə düşdü. Dünya iqtisadiyyatında "Avropa üstünlüyü dönəmi" sona çatdı. Avropa ABŞ-dən asılı vəziyyətə düşdü. Birinci Dünya müharibəsi Avropaya 350 milyard dollar həcmində zərər vurdu. Avropada 10 milyon insan öldü, 20 milyon yaralanaraq şikəst oldu. Təkcə Fransada 20–32 yaş həddində əhalinin yarısı müharibənin qurbanı oldu. Bütövlükdə Birinci Dünya müharibəsinin sonunda formalaşan Versal sistemi dünyaya sülh gətirə bilmədi.
Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:
1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.
2019-cu ilə kimi araşdırmalarda Cənubi Azərbaycan və Qafqaz müsəlmanlarından Çanaqqala döyüşlərində iştirak edən və şəhid düşən 19 nəfərin adı təsbit olundu. Sonrakı tədqiqatlarda bu rəqəm arta bilər. Osmanlı ordusu tərkibində vuruşan Qafqaz könüllüləri Osmanlı və Almaniya hökumətlərinin Qafqaz siyasətinə müvafiq surətdə əsas etibarilə Şərq cəbhəsində vuruşublar. Osmanlı ordusu tərkibində könüllü surətdə vuruşan azərbaycanlılar haqqında onu qeyd etmək mümkündür ki, Birinci Dünya müharibəsi dövründə, xüsusilə 1915-ci ildən başlayaraq Qafqaz müsəlmanlarından və Cənubi Azərbaycan əhalisindən olan könüllülərdən ibarət taburlar təşkil edilmişdir. Bu taburlara daxil olan könüllülər Qafqaz və Cənubi Azərbaycandan olduqları və bölgəni yaxşı tanıdıqları üçün onlardan Qafqaz cəbhəsində istifadə etmək haqqında qərar qəbul edilmiş və bu könüllü taburlar Çanaqqala cəbhəsinə göndərilməmişdir. Bu könüllü taburlar Ərzurum, Mosul və Vandakı hərbi qərargahlardan idarə olunub, buradakı Osmanlı ordu kamandanlıqlarına tabe olublar. Bununla belə, müxtəlif orduların tərkibində Qərb cəbhəsinə sövq edilən Azərbaycan könüllüləri Çanaqqala döyüşlərində də iştirak etmiş və bir çox qəhrəmanlıqlar göstərmişlər. Osmanlı ərazilərində təşkil edilən və Qafqaz cəbhəsində Osmanlı orduları ilə çiyin-çiyinə Rusiyaya qarşı vuruşan, eyni zamanda İstanbul hökumətinə qarşı qalxmış qiyamları yatırmaq kimi vəzifələri yerinə yetirən Azərbaycan könüllü taburlarından aşağıdakıları qeyd edə bilərik:
Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı xüsusi xidmət orqanlarında Qafqaz, Kırım, Kazan və Orta Asiyada xidmət edən təxminən 70 könüllü mövcud idi. 1915-ci ilin yayında Qafqaz əsilli Ömər Nacinin rəhbərliyi altında 500 nəfərlik, alman zabiti Şoybnerin rəhbərliyi altında 130 nəfərlik könüllü atlı birliklər təşkil edildi. Az sonra Şoybnerin 130 nəfərdən ibarət birliyi də Ömər Nacinin sərəncamına verildi. Ömər Nacinin taburu əsasən Osmanlı dövlətinə qarşı qalxmış qiyamları yatırmaqla məşğul olub. Ruşəni bəyin təşkil etdiyi 300 könüllüdən ibarət mütəşəkkil müfrəzə də Ömər Naci taburunun İran səfərinə yardımcı olub. Daha sonra Şeyx Şamilin nəslindən Kamil Paşa xəlifənin cihad çağırışına müsbət reaksiya verir, mücahidlərə qoşulur və o, 300 nəfər Qafqaz könüllülərindən mütəşəkkil Dağıstan alayına komandir təyin edilir. Əslən qafqazlı olan Şeyx Şərafəddinin rəhbərliyi altında da 300 nəfər könüllüdən ibarət tabur təşkil edilir və o, Şeyx Şamil nəslindən olan Kamil Paşa və Təşkilati-Məxsusə nəzarətində fəaliyyət göstərir.
1915-ci ildə Gəncədən Ərzuruma gəlmiş Əmir Aslan xan Xoyski 1916-cı ildə Mosulda təşkil edilən könüllü süvari alayına komandir təyin olunur. 1916-cı ildə Cənubi Azərbaycan ərazisində Əmir Həşmətin rəhbərliyi altında 7000 nəfərlik könüllü birlik təşkil edilir və bu ordu Cənubi Azərbaycan ərazisində, ələlxüsus da Urmiyada rus ordusu ilə vuruşur.
1874-cü ildə Gümrüdə anadan olan İbrahim bəy Cahangirzadə Dünya müharibəsi dövründə könüllü olaraq IX ordu sıralarına qatılır və "Mücahidin Süvari Alayı"na komandir təyin olunur. Mudros razılaşmasından sonrakı dövrdə qardaşı Həsən bəy və digər dörd nəfər qafqazlı həmvətəni ilə birlikdə Qarsda milli təşkilatlanma işləri ilə məşğul olur. Daha sonra Qarsın ilk bələdiyyə rəisi seçilir.
Bundan başqa, "Kafkas Gönüllü Kıtası" adı ilə bilinən hərbi birlik vardı. Bu könüllü birlik Balkan müharibələri dövründə azərbaycanlı və dağıstanlı könüllülərindən təşkil edilib. Müharibədən sonra yaşlılar tərxis olunub, gənclər isə hərbi məktəblərdə təhsil alıblar. Birinci Dünya müharibəsi dövründə eyni adla yenidən təşkil edilən birlik Çanaqqala, Qutüləmmarə və Bəsrə cəbhələrində döyüşüb. Bəsrə cəbhəsindəki Qurna qəsəbəsi yaxınlığında baş verən döyüşdə bir xeyli itki verən hərbi birlik, İrana tərəf geri çəkilməyə məcbur olur. Ordu komandiri Bahadur Hüseynzadə də bu vuruşmada həlak olur.[1]
Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə (XIX–XXI əsrin əvvəli). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2010, səh. 221–249 Arxivləşdirilib 2018-07-12 at the Wayback Machine