Azərbaycan Cinayət Məcəlləsi

Azərbaycanın cinayət hüququAzərbaycanda cinayət və cinayət məsuliyyətinin əsaslarını, cinayət hüququ sistemini, eyni zamanda cinayət məsuliyyətindən azad olunmanın qayda və şərtlərini müəyyən edən hüquq normalarının məcmusunu əks etdirir. Onun əsas vəzifəsi ictimai münasibətlərin müdafiəsi və cinayətlərin qarşısının alınmasıdır.

Lakin Azərbaycanın cinayət qanunvericiliyi eyni zamanda bəzi spesifik xüsusiyyətlərə malik idi. Hələ Sovet dövründə mövcud olan bir sıra cinayət tərkibləri patriarxal və feodal adətlərin qalığı idi. Məsələn, 1927-ci ildə erkən yaşda nikaha daxil olmağa; qadınların məktəbə, kluba və digər mədəni-maarif müəssələrinə getmələrinə mane olmağa görə cinayət məsuliyyəti müəyyən olunmuşdu. 1929-cu ildə gəlinə görə başlıq pulunun alınıb–verilməsinə və boşanmış ər-arvadın yenidən nikaha daxil olmalarına mane olmağa görə məsuliyyət müəyyən olunmuşdu.

Digər ittifaq respublikalarında olduğu kimi, 60-cı illərdə Azərbaycanın da hüquq sistemində ikinci məcəllələşdirmə aparılır. Bu islahat nəticəsində RSFSR-in müvafiq məcəllələrindən fərqlənməyən yeni CM, CPM, MM, MPM və bəzi digər məcəllələr qəbul olundu. Bu məcəllələr demək olar ki, bir sıra əlavə və dəyişikliklərlə müstəqil Azərbaycanda yeni məcəllələşmiş aktlar qəbul olunana qədər qüvvədə idi.

1960-cı il Azərbaycan SSR-nin CM-də cinayət –cinayət qanunu ilə nəzərdə tutulan, həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilən ictimai təhlükəli əməl kimi nəzərdə tutulurdu. Ümumi qayda üzrə cinayət məsuliyyəti 16 yaşdan, bəzi ağır cinayətlər üzrə isə 14 yaşdan yaranırdı. Məcəllədə dövlət əleyhinə və sosialist mülkiyyətinə qarşı cinayətlər xüsusi yer tuturdu. Məcəllənin ayrıca bir fəslini yerli adətlərin qalığı olan cinayətlər, məsələn, gəlinə görə başlıq pulunun verilməsi, barışıqdan boyun qaçırma, çoxarvadlılıq və s. təşkil edirdi. Hal-hazırda öz əhəmiyyətini itirən bəzi xüsusi fəaliyyət növləri də cinayət hesab olunurdu, məsələn, satın alma və yenidən alıb satma (möhtəkirlik), əmək fəaliyyətindən imtina etmə (müftəxorluq) və s. Azərbaycan SSR-nin CM əmək kollektivi qarşısında ictimai töhmətdən tutmuş istisna cəza növü olan ölüm cəzasına kimi cəza sistemini müəyyən etdi. Azadlıqdan məhrumetmənin yuxarı həddi 10 il, ağır cinayətlərin törədilməsinə görə isə 15 il müəyyən olunurdu.

Hal-hazırda Azərbaycan cinayət hüququnun əsas mənbəyi 30 dekabr 1999-cu ildə qəbul olunan Azərbaycan Respublikasının Cinayət Məcəlləsidir (bundan sonra – Azərbaycan CM). Azərbaycan CM-in hazırlanmasında 13 may 1995-ci ildə MDB-nin iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasının qətnaməsi ilə qəbul olunan Model Cinayət Məcəlləsindən istifadə olunmuşdur. Ona görə bu məcəllə öz strukturu və məzmununa görə postsovet ölkələrinin cinayət məcəllələrinə yaxındır.

Azərbaycan CM 12 bölmə, 35 fəsil və 353 maddədən ibarətdir. Bu məcəllə Azərbaycan ərazisində qüvvədə olan yeganə cinayət qanunudur. Məcəlləyə görə, qanunsuz hərəkətlər yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər.

Cinayət hüququna görə məsuliyyət 16 yaşdan, lakin ağır xə xüsusilə ağır cinayətlərin törədilməsi zamanı isə 14 yaşdan yaranır. Məcəllədə uşaqlar, qadınlar, xüsusilə hamilə qadınlara münasibətdə daha humanist normalar nəzərdə tutulur.

Azərbaycan CM-ə uyğun olaraq əsas cəza növlərinə aşağıdakılar aiddir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; ictimai işlər; xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; islah işləri; hərbi xidmət üzrə məhdudlaşdırma; əmlak müsadirəsi; Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; azadlığın məhdudlaşdırılması; intizam xarakterli hərbi hissədə saxlama; müəyyən müddətə azadlıqdan məhrum etmə; ömürlük azadlıqdan məhrum etmə. 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə ölüm cəzası cəza növü kimi ləğv edilmişdir.

MDB ölkələrinin cinayət məcəllələrinin ümumi hissələri əksər hallarda oxşar olsa da, xüsusi hissələrdə bəzi spesifik cəhətlərə rast gəlinir. Məsələn, Rusiya Federasiyasının CM-dən fərqli olaraq Azərbaycan CM-in Xüsusi hissəsi özündə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar (m.101), beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə (m.102), soyqırım (m.103), soyqırımın törədilməsinə təhrik etmə (m.104), əhalini məhv etmə (m.105), köləlik (m.106), əhalini deportasiya etmə və ya məcburi köçürmə (m.107), irqi ayrı seçkilik (aparteid) (m.111), işgəncə (m.113) və s. cinayətləri nəzərdə tutan "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsi ilə başlayır. Beynəlxalq ictimaiyyətin cinayət məsuliyyətinə cəlb etmə müddəti şamil olunmayan beynəlxalq cinayətlərə münasibətdə tələbləri nəzərə alaraq 5 dekabr 2006-cı ildə "Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında" Konstitusiya Qanunun qəbul olundu. Bu Qanunun 1-ci maddəsinə görə Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.

Eyni zamanda Azərbaycan CM-də yeni cinayət əməlləri də nəzərə alınmışdır. Kompüter informasiyaları sahəsindəki cinayətlər, evtanaziya, qanunsuz süni mayalanma, insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə alqı-satqısına və s. görə cinayət məsuliyyəti müəyyən olunmuşdur.

2009-cu ildə cəza qismində tətbiq olunan və şərti maliyyə vahidi ilə müəyyən olunan cərimələrin həcmi konkret məbləğlə əvəz edildi. Hal-hazırda CM-in maddələrinin sanksiyalarında cərimə hissələrində konkret məbləğ milli məzənnə ilə göstərilir. Milli pul vahidinin inflyasiyası ilə maddələrin sanksiyalarındakı cərimələrin həcminin dəyişiləcəyini də hesab etmək olar.

Mübarizəsi kompleks tədbirlər tələb edən bəzi cinayət növləri xüsusi qanunlarla tənzimlənir. Məsələn, korrupsiya, insan alveri, çirkli pulların yuyulması kimi cinayətlərlə mübarizə ümummilli səviyyədə aparılır. Dövlət proqramları təsdiq olunub, xüsusi orqanlar (komitələr, idarələr) təsis olunub, ayrı-ayrı qanunlar qəbul olunub: 13 yanvar 2004-cü il "Korrupsiya ilə mübarizə haqqında", 28 iyun 2005-ci il "İnsan alverinə qarşı mübarizə haqqında", 10 fevral 2009-cu il "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında". Bu xüsusi qanunvericilik aktlarının icrası prezident və parlament nəzarəti altında olur. Məsələn, adı çəkilən qanunla insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirləri həyata keçirən koordinator tərəfindən Milli Məclisə illik hesabatların verilməsi nəzərdə tutulur.

2012-ci ilin əvvəlindən Azərbaycan ictimaiyyəti tərəfindən Diffamasiya və Yuvenal ədliyyə haqqında qanun layihələri müzakirə olunur. Hər hansı bir şəxs barəsində onun adına ləkə gətirən məlumatların yayılması ilə bağlı hərəkətlərin dekriminallaşdırılması KİV-ə əlavə azadlıq verəcək, uşaqlar tərəfindən törədilən xırda cinayətlərin dekriminallaşdırılması isə risk altında olan uşaqların yenidən tərbiyə olunmasına müsbət təsir göstərəcək.

Azərbaycanda 3,5 mln. uşaq yaşayır, onların 300.000-i qaçqındır. 59 internatda 22.635 uşaq yaşayır. Bu uşaqların sosial təminatını dövlət bütövlüklə öz üzərinə götürür. Dövlət yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluğu icra orqanları vasitəsilə həyata keçirir. Hələ sovet dövründən rayon icra hakimiyyəti orqanlarının nəznində Yetkinlik yaşına çatmayanların işləri üzrə Komissiyalar fəaliyyət göstərirdi. 31 may 2002-ci il Azərbaycan Respublikasının Qanunu ilə bu komissiyalar haqqında yeni Əsasnamə təsdiq edildi. Komissiyaların əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsirin göstərilməsi, onların qanuni maraqlarının qorunmasıdır. Bu günə kimi Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində onlarla qanunvericilik aktı qəbul olunmuşdur. Onlardan başlıcası "Uşaq hüquqları haqqında" 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunudur.

Azərbaycan Respublikasının məcəllələşdirilmiş aktlarında (CPM, İXM, CİM) bu sosial təbəqənin zəif vəziyyətini nəzərə alaraq yetkinlik yaşına çatmayanların hüquqi vəziyyəti xüsusi qaydada nizama salınır. Lakin uşaqlar tərəfindən törədilən xırda cinayətlərin dekriminallaşdırılması hələlik nəzərdə tutulmamışdır.

"Yuvenal ədliyyə haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi işlək variantda Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində hazırlanır. Bu qanunun məqsədi qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanların, eyni zamanda yeniyetmə şahid və zərərçəkmişlərin hüquq və qanuni maraqlarının təmin edilməsi prosesində yaranan münasibətlərin tənzim edilməsidir. Qanun layihəsi norma-definisiyalarda bəzi anlayışları açıqlayır, məsələn, yuvenal ədliyyə, yuvenal ədliyyə sahəsində sosial işçi, yuvenal məhkəmə, ixtisaslaşdırılmış təlim-tərbiyə müəssisələri və s. Qanun layihəsində məhkəməyə qədər tərbiyəvi xarakterli vasitələr xüsusilə vurğulanmışdır.

Hal-hazırda formal olaraq cinayət kimi tanınan ayrı-ayrı fəaliyyət növlərinin dekriminallaşdırılması ilə yanaşı, digər bir məsələ də müzakirə olunur – psixoloji, iqtisadi zorakılıq kimi məişət zorakılığının cinayət qanunvericiliyinə daxil olunması.

22 iyun 2010-cu ildə "Məişət zorakılığı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Qanun 4 zorakılıq formasını nəzərdə tutur: fiziki, seksual, psixoloji və iqtisadi zorakılıq. Zorakılıq qurbanlarının müdafiəsi mexanizmi və müdafiə orderinin tətbiq etmə qaydası qanunla müəyyən olunur. Bu normativ akt eyni zamanda sosial xarakterlidir, belə ki, o reabilitasiya mərkəzlərinin fəaliyyət qaydasını, sosial xidmətlərin və ixtisaslaşdırılmış orqanların yaranmasını nəzərdə tutur. Qanuna uyğun olaraq, müdafiə orderi zorakılıq qurbanını 30 gündən 180 günədək qoruyur. Bu müddət ərzində zorakılıq qurbanı reabilitasiya mərkəzinə yerləşdirilir, zorakılıq törədənin ona yaxınlaşması qadağan olunur, bu məhdudiyyət pozulduğu zaman isə zorakılıq törədən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər.

Məişət zorakılığı ilə mübarizə kompleks şəkildə aparılır və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən koordinasiya edilir. Məişət zorakılığı ilə mübarizə üzrə Milli Strategiya hazırlanır, cinayət qanunvericiliyinin islahatı nəzərdə tutulur.

Cinayət qanunvericiliyi ilə bərabər Azərbaycanda cinayət-prosessual qanunvericilik də dinamik şəkildə inkişaf edirdi. Azərbaycan SSR-in 1960-cı il Cinayət-prosessual məcəlləsi 2000-ci il Azərbaycan Respublikasının Cinayət-prosessual məcəlləsi (bundan sonra – Azərbaycan CPM) ilə əvəz edildi.

Azərbaycan CPM-i çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə əsaslanır. Çəkişmənin məzmunu ibtidai istintaq mərhələsindən başlayaraq bərabər tərəflərin olması, cinayət təqibi funksiyalarının bölüşdürülməsi, ittiham, müdafiə tərəfləri və məhkəmə arasında müdafiənin olmasından ibarətdir. Cinayət prosesinin əsas məqsədi cinayət törətmiş şəxsin qanuni təqibi və cinayət məsuliyyətinə cəlb olunması, eyni zamanda şəxsi qanunsuz və əsassız ittihamlardan, hüquq və azadlıqların məhdudlaşdırmasından qorumaqdır.

Daha vacib cinayət-prosessual normalar əsas insan hüquqları kimi konstitusion səviyyədə müəyyən olunmuşdur. Bu məhkəmə-prosessual, eyni zamanda konstitusion hüquqlara aiddir: keyfiyyətli hüquqi yardım almaq hüququ, eyni zamanda tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ (m. 61), təqsirsizlik prezumpsiyası (m.63), qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına qadağa (m.63), bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi (m.64), çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması hüququ (m.65), qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi (m.66), dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ (m.68), məhkəmə icraatının çəkişmə prinsipi əsasında aparılması (m.127).

CPM-ə uyğun olaraq şübhəli və təqsirləndirilən şəxs barəsində tətbiq olunan bütün prosessual məcburiyyət tədbirləri məhkəmənin nəzarəti altındadır və bu tədbirlər yalnız məhkəmə qərarı əsasında həyata keçirilir. Hər bir tutulan və həbsə alınan şəxsə 48 saat ərzində ittiham elan olunmalı, əks halda o azadlığa buraxılmalıdır. Həbsə alınmış təqsirləndirilən şəxslər 1996-cı ildən bütövlüklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan penitensiar xidmətin təcridxanalarında saxlanılırlar.

CPM-ə uyğun olaraq cinayət prosesinin mərhələləri müəyyən olunur: cinayət işinin başlanması, ibtidai araşdırma (təhqiqat və ibtidai istintaq daxil olmaqla), məhkəmə baxışına hazırlıq, məhkəmə baxışı, apelyasiya icraatı, kassasiya icraatı, əlavə kassasiya, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat. Xüsusi icraatlara daxildir: yeni açılmış hallar üzrə icraat, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat, cinayət işlər üzrə hüquqi yardım göstərilməsi üzrə icraat, hüquq normalarının Konstitusiyaya uyğunluğunun yoxlanılması üzrə icraat (məhkəmənin Konstitusiya Məhkəməsinə müraciəti) və s.

Hüquqi dövlətin formalaşmasında ən vacib islahatlardan biri "Əməliyyat-axtarış fəaliyyəti haqqında" 28 oktyabr 1999-cu il Qanununun qəbul edilməsi idi. Bununla da, əvvəllər hüquq-mühafizə orqanlarının daxili aktları ilə tənzimlənən əməliyyat-axtarış tədbirlərinin (telefonlara qulaq asma, güdmə, götürmə, baxış və s.) keçirilməsi qanunvericilik səviyyəsində müəyyən olundu.

2012-ci ilin əvvəlində "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanun təqsirsizlik prezumpsiyasını, saxlanılan və həbsdə olan şəxslərin zəif vəziyyətini nəzərə alaraq təqsirləndirilən və ya şübhəli şəxsin məhkəmə araşdırmasına qədər saxlanılmasının şərtləri və qaydasını müəyyən edir.

Sözsüz, Azərbaycan CPM-i şübhəli və təqsirləndirilən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Məcəllədə hüquq və vəzifələr, saxlamanın və həbsin qaydası, şübhəli və təqsirləndirilən şəxsin saxlama müddətləri və s. müəyyən olunmuşdur. Lakin göstərilən Qanunun məqsədi məhkəmə araşdırmasına qədər həbsdə saxlanılan şəxslər üçün daha əlverişli şəraitin yaradılması, müdafiə və tibbi təminatın təmin edilməsidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]