Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi — Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsi 9 ünvanında yerləşən Mədəniyyət təşkilatı.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzi | |
---|---|
Növü | Mədəniyyət Mərkəzi |
Fəaliyyəti | mədəniyyət, elm, təhsil, turizm |
Yaranma tarixi | 27 sentyabr 2010-cu il |
Rəsmi dili | Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9 |
Sədr | Samir Abbasov (2013-2024) |
Mədəniyyət Mərkəzinin rəsmi saytı - azculture.uz |
2013-2024-cü illərdə Mədəniyyət Mərkəzinin direktoru Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət İşçisi” Samir Abbasov olub.
Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyır və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd şəhərində azərbaycanlıların kompakt yaşadığı Mirabad rayonunda Heydər Əliyev küçəsində yerləşir və Mərkəzin 3 mərtəbəli möhtəşəm, Azərbaycan milli koloritlərini özündə əks etdirən binası mövcuddur.[1]
Mədəniyyət Mərkəzində Heydər Əliyev Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalı, kitabxana, kurs və dərnəklər fəaliyyət göstərir.
Bu kurslar Özbəkistandakı azərbaycanlılar üçün bir məktəb funksiyasını da həyata keçirir. Burada Azərbaycan dili, Azərbaycan tarixi, milli rəqslər, rəsm, əl işləri, milli musiqi alətləri üzrə dərnəklər fəaliyyət göstərir.
Özbəkistanda yaşayan azərbaycanlılar üçün Mədəniyyət Mərkəzi müqəddəs bir ocaqdır və Azərbaycanla bağlı keçirilən bütün tədbirlər məhz, Mərkəzin qarşısındakı açıq havada ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət etməklə başlayır.
Mərkəz Özbəkistanda öz fəallığı ilə seçilir və dəfələrlə qardaş ölkədə “İlin ən fəal Mədəniyyət Mərkəzi” adına layiq görülmüşdür.[2]
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən bugünə kimi 100-dən adda Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatına dair nəşrlər Özbək dilinə tərcümə edilmiş və Daşkənddə çap edilmişdir.[3]
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2010-cu ildə 27 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Baş Naziri (indiki prezidenti) Şavkat Mirziyayev tərəfindən açılışı olmuşdur. [4] Prezident İlham Əliyev mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuşdur.
Bina ilə tanışlıq zamanı məlumat verildi ki, azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi[5], Azərbaycan və Özbəkistanın müştərək dostluq muzeyləri fəaliyyət göstərir.
Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev muzeyi[6] ilə tanış oldu. Burada ümummilli lider həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri toplanmışdır.
Azərbaycan tarixi və dövlətçiliyi muzeyi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə vaxtilə 400 min kvadratkilometr ərazisi olan respublikamızın xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verildi.
Azərbaycanın və Özbəkistanın dostluq muzeyində toplanmış eksponatlar isə ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrdən, habelə bu gün inkişaf edən münasibətlərimizdən söhbət açır.
Prezident İlham Əliyev Mərkəzin konfrans salonuna baxdı.
Məlumat verildi ki, Mədəniyyət Mərkəzində Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcəkdir. Bundan əlavə, burada Azərbaycan məktəbi və kitabxana da yaradılmışdır.
Mərkəzin açılışı münasibətilə soydaşlarımızı təbrik edən Prezident İlham Əliyev dedi:
Mən sizi ürəkdən salamlayıram. Bu gözəl mədəniyyət mərkəzinin əsaslı təmirdən sonra açılışı münasibətilə sizi təbrik edirəm. Altı il bundan əvvəl hörmətli Şavkat müəllimlə bərabər biz burada Azərbaycan mədəniyyət mərkəzinin açılışını qeyd edirdik. O vaxtkı bina o dövr üçün bəlkə də məqbul idisə, bugünkü dövr üçün, əlbəttə ki, bu bina daha uyğundur. Ona görə bu mədəniyyət mərkəzinin əsaslı təmiri haqqında qərar qəbul edildi və səfirliyin bilavasitə iştirakı, özbək hökumətinin böyük dəstəyi ilə çox gözəl, əzəmətli, yaraşıqlı mərkəz yaradılıbdır. Yəni onu demək istəyirəm ki, artıq bu mədəniyyət mərkəzinin altıillik tarixi vardır, ancaq bu gün onun yeni dövrü başlayır. Çünki əsaslı təmir çox yüksək keyfiyyətlə, zövqlə aparılıbdır.
Bu mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Bu mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan dostluğu muzeyi də fəaliyyət göstərir. Bu mərkəz ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir. Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu, həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi, Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar. |
Tədbir iştirakçıları xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür etdilər.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev Mədəniyyət Mərkəzinin sərgi salonunda Səmərqənddə yaşamış mərhum azərbaycanlı heykəltəraş Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxdı.
Heydər Əliyev Muzeyi müstəqil Azərbaycanın memarı, qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmişdir. [7]
Muzey bir ekspozisiya zalından, çoxsaylı 7 fotostentdən, 10 vitrindən, 77 ədəd fotoşəkildən, 52 kitabdan ibarətdir, habelə ulu öndər Heydər Əliyevin həyatı, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun digər dövlət rəhbərləri ilə görüşü haqqındakı foto sənədlər, məşhur şəxsiyyətlərin Heydər Əliyev haqqında rəyləri saxlanılır.
Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən fotoşəkillərdir. “Heydər Əliyev Mədəni İrsimizin keşiyində”, “Müstəqillik yollarında”, “Müstəqilliyimiz əbədidir”, “Təhsil millətin gələcəyidir” və.s kitabları muzeydə nümayiş etdirilir.
Muzeydə yaradılmış şərait əsasında burada çoxsaylı seminarlar, tədbirlər, təqdimatlar keçirilir. Təşkil olunmuş dəyirmi masa əsasında Heydər Əliyev Muzeyi 50-100 nəfərlik tədbirlər keçirmək imkanı yaranmışdır. Bu isə Heydər Əliyev Muzeyinin daha geniş təbliğinə, daimi işlək vəziyyətdə olmasına şərait yaratmışdır.
Ulu öndər Heydər Əliyevin irsinin təbliğinə növbəti töhfə olaraq 2018-ci ildə Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Heydər Əliyevin büstü hazırlanmışdır. Hazırlanmış büst Mədəniyyət Mərkəzinin Heydər Əliyev muzeyində daimi olaraq nümayiş etdirilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsində rolu əvəzsizdir. O, həm Sovetlər dövründə, həm də Azərbaycanın müstəqillik əldə etdikdən sonra həmişə Özbəkistanla münasibətlərə xüsusi önəm vermiş, onun Özbəkistana səfərləri, Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru mükafatına layiq görülməsi, Özbəkistanın birinci prezidenti İslam Kərimovla dostluq əlaqələri Özbəkistanda həmişə xatırlanır.
Mütəmadi olaraq Daşkənddəki təhsil ocaqlarında oxuyan tələbələr və məktəblilər muzeyi ziyarət edir və Muzeydə açıq dərslər keçirilir. Bundan başqa, Özbəkistanda yaşayan azərbaycanlılar, habelə Mədəniyyət Mərkəzinin rəsmi qonaqları da Muzeyin daimi ziyarətçiləridir.
“Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”nin açılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanın yenidən müstəqillik əldə etməsinin 27-ci ildönümünə həsr edilib.[8]
“Azərbaycan tarixi və dövlətçiliyi” muzeyində dünyada ən qədim insan yaşayış məskənlərindən olan Azıx mağarası, Qobustan – qədim insan yaşayış məskəni, Bakı şəhərində yerləşən İçərişəhər abidələr kompleksi, İrəvan şəhərindəki “Göy məscid”, Xudafərin körpüsü, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketləri yer alıb.
Muzeydə “Ənənəvi Azərbaycan kəndlisinin evi” adlı guşədə hər gün istifadə edilmiş əşyalar, əmək və məişət alətləri, çoxsaylı eksponatlar və kompozisiyalar təqdim edilib.
Bundan başqa, ən qədim dövrlərdən müasir dövrə qədər Azərbaycan dövlətləri - Manna, Midiya, Azərbaycan tarixinin şanlı səhifəsi - Səfəvilər imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycana aid tarixi xəritələr, bölmələr, habelə müstəqillik əldə etdikdən sonra ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə dair guşələr yaradılmış, qədim və müasir pul əskinazlarımız Muzeydə yaradılan xüsusi guşələrdə sərgilənir.
Qeyd edək ki, muzeydə yaradılmış stendlərdə “Azərbaycanın milli musiqi alətləri”, “misgərlik sənətinə aid qədimi qablar”, “dövlət rəmzlərimiz” nümayiş etdirilir.
Muzeydə dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının özünün qədim tarixi, maddi-mədəniyyət abidələri, zəngin ənənələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə bağlı maraqlı eksponatlar və kompozisiyalar nümayiş etdirilir.
Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dünyanın ən nəhəng layihələrindən olan - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı – Tbilisi – Kars dəmiryolu layihəsi və s. haqqında muzeydə xüsusi bölmə yaradılıb.
“Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”nə Daşkənddəki ali və orta məktəblərin tələbələri üçün mütəmadi olaraq ekskursiyaların təşkili və burada milli mədəniyyətimizə, tariximizə dair tədbirlər keçirilir.
2023-cü ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi olub.[9]
Dostluq Muzeyində dövlət başçılarımız İlham Əliyevin və Şavkat Mirziyoyevin görüşləri, onların ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq, xalqlarımızın yaxınlığı ilə bağlı fikir və şüarları, 2020-ci ildə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən torpaqlarımızı erməni işğalçılarından azad edilməsinə dair fotostendlər yerləşdirilib.
Muzeyin mərkəzi hissəsində Azərbaycan və Özbək xalqlarını birləşdirən dəyərlərə dair Azərbaycan rəssamları tərəfindən çəkilmiş unikal rəsm, habelə xalqlarımızın yaxınlığını göstərən ortaq dəyərimiz olan dilimiz, dinimiz, milli bayramımız olan Novruz, muğam və makom sənəti, aşıq və baxşıçılıq sənəti, hər iki ölkədə keçirilən beynəlxalq musiqi festivallarına dair stendlər, guşələr, maketlər, geyimlər, milli musiqi alətlərimiz və çox sayda eksponatlar sərgilənir.
Muzeyin “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı bölməsində qardaş Özbəkistanın ictimai, mədəni həyatında fəal iştirak etmiş Seyid Rza Əlizadə, şairlər Məqsud Şeyxzadə, İxtiyar Rza, dövlət xadimi Aydın Əzimbəyov, heykəltəraş Eynulla Əliyev, rəssam Yusif Hüseynovun büstləri, onların əsərləri və şəxsi əşyaları təqdim olunur.[10]
“Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi, daimi sərgi zalında Azərbaycanın 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirilir.[11]
Sərgi zalında nümayiş etdirilən Azərbaycan xalqının yaratdığı Şirvan, Qarabağ, İrəvan, Dərbənt, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar sərgilənir. Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 30-a yaxın qədim və unikal xalçalar nümayiş etdirilir və Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah sərgilənir.
Divarboyu quraşdırılmış stendlərdə Azərbaycanın müxtəlif regionlarında hazırlanmış xalçaların daimi sərgilənir və xalçaların xüsusi işıqlandırılması, onlar haqqında 3 dildə (özbək, rus və ingilis) yazılı məlumat tablosu yerləşdirilib.
Azərbaycan xalq sənətlərinin ən geniş yayılmış növü olan xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş edirir və qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçiləri yazıblar.
Xalçaçılıq Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirir və ən çətin əl işlərindən biri hesab olunur.
Mədəniyyət Mərkəzinin “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalında mütəmadi olaraq Daşkənddəki ali məktəblərin tələbələri, orta məktəblərin şagirdləri üçün ekskursiyalar təşkil olunur, habelə Mərkəzi ziyarət edən bütün qonaqlara Muzeyin eksponatları nümayiş etdirilir. Muzeydə Azərbaycan xalçaları, xalçaçılıq sənətinə aid çoxsaylı nəşrlərdən ibarət xüsusi daimi kitab sərgisi fəaliyyət göstərir.[12]
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Mərkəzin həyətində yeni bağ salınmış və bağda Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksinin yaradılmışdır.[13]
“Şəhidlər bağı” adlanan ərazi tamamilə yenidən qurulmuş, çoxsaylı ağaclar və gül kolları əkilmiş, ərazi abadlaşdırılmış və yaşıllaşdırma, dizayn işləri aparılmışdır.
Bağın yaradılmasının əsas məqsədi Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək, Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edən hər kəsin onlar haqqında məlumatlandırmaq, gənc nəsildə, yerli azərbaycanlılarda Vətənə məhəbbət, qəhrəmanlıq hislərini aşılamaqdır.
Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə 2016-cı ildə Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olmuşdur.[14]
Layihə çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Dövlət Konservatoriyasında yerləşən "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin zalı müasir səviyyədə qurulmuş, tərtibat işləri aparılmışdır.
Mərkəzdə həmçinin Özbəkistanın "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin məşqlərinin də həyata keçirir.
Mərkəzə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan xalq çalğı alətləri üçün əsərlər, ölkəmizdə çap olunan musiqisi nəşrləri, disklər hədiyyə olunmuş, Azərbaycan və Özbək musiqişünaslarının, bəstəkarlarının portretləri vurulmuş, ölkəmizin mədəniyyətini əks etdirən guşə yaradılmışdır.
2017-ci ildə Səmərqənd Dövlət Universitetində Özbəkistanda tanınmış azərbaycanlı maarifçi, pedaqoq, naşir Seyid Rza Əlizadənin adını daşıyan Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin açılışı olub.[15]
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan Mərkəzdə fəaliyyət göstərəcək kiçik kitabxanada ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, Ulu öndər Heydər Əliyevin irsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, xəritələr, video materiallar, habelə Azərbaycanın çoxsaylı bədii filmləri Universitet tələbələrin istifadəsinə verilib.
Yaradılan Mərkəzdə Azərbaycanın tanınmış şair və yazıçılarının, dünya şöhrətli musiqiçilərinin portretləri, habelə Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlılar, onların irsləri haqqında ayrıca guşə təşkil edilib. Azərbaycan mədəniyyətinə, ədəbiyyatında dair yaradılan xüsusi bölmədə isə milli mədəniyyətimizə dair suvenirlər, tarixi abidələrin maketləri, xalçalarımız, milli musiqi alətlərimiz nümayiş etdirilir.
Mərkəzdə kitabxana, sənədli və bədii filmlərin nümayiş olunur, görüşlər, ədəbiyyat gecələri, hər iki ölkənin elm, mədəniyyət, təhsil sahəsinə dair tədbirlərin keçirilir.
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan Mərkəzə ölkəmizə dair çoxsaylı kitablar, sənədli və bədii filmlər, əyani vasitələr hədiyyə edilib.
2018-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin adını daşıyan Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılışı olub.[16]
Yaradılan zal ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, incəsənətinə dair çoxsaylı kitablar, disklər, not nəşrləri, bədii filmlər, milli geyimlər və milli musiqi alətlərimiz hədiyyə edilib.
Azərbaycan mədəniyədinə dair suvenirlər, rəsmlər, habelə tanınmış musiqiçilərimizin portretləri, dahi bəstəkar Qara Qarayevin yaradıcılığına dair banerlər zalda yerləşdirilib.
Mərkəz Azərbaycan mədəniyyətini, musiqi sənətini geniş təbliğ edəcək və xalqlarımız arasında dostluq körpüsü rolunu oynayır. Mərkəzdə mədəniyyətin müxtəlif sahələrinə dair açıq dərslər keçiriləcək, tələbələr üçün Azərbaycan bədii filmləri, milli mədəniyyətimiz, musiqimizə dair görüşlər və tədbirlər keçirilir.
2019-cu ildə Özbəkistanın nüfuzlu ali məktəblərindən olan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılmışdır.[17]
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılan Azərbaycan ocağında xüsusi tərtibat və dizayn işləri həyata keçirilmiş, Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədi ilə ölkəmizə dair nəşrlər, əyani vasitələr hədiyyə edilmişdir.
Azərbaycan ocağında xalqlar arasında dostluq, mədəni-ədəbi əlaqələrə dair guşələr, habelə dövlət atributlarımız və milli mədəniyyətimizə dair xüsusi stendlər yaradılıb, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin portretləri, habelə dahi Füzulinin həyat və yaradıcılığı, əsərləri, əsərlərindən miniaturlar yerləşdirilib.
2021–cu ildə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Turon” Kitabxana-İnformasiya Mərkəzində “Qarabağ Azərbaycan Mədəniyyətinin İncisidir” adlı guşənin açılış mərasimi keçirilmisdir.[18]
Kitabxanada yaradılan Qarabağ guşəsində Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ diyarının mədəni irsi, abidələrinin maketi, milli xalçaları, tanınmış Qarabağlılar, hər iki ölkənin xəritələri, suvenirlər, Qarabağa dair çoxsaylı nəşrlər, milli musiqi alətləri, fotolar nümayiş etdirilir.
Guşədə tanınmış qarabağlıların fotoları, Azərbaycan Mədəniyyət Mərkəzinin əl işləri dərnəyinin uşaqlarının hazırladığı “Xarı Bülbül” ikonası iştirakçılara təqdim olunub.
2021-ci ildə Özbəkistanın Qarakalpaqstan Respublikasındakı Acıniyaz adına Nukus Dövlət Pedaqoji İnstitutunda Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı olub.[19]
Azərbaycan Mərkəzində nəşrlər arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən kitablar var. Kolleksiyada Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlər də yer alıb. Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən” əsəri, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”i, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda kitablar da hədiyyə olunan nəşrlər arasındadır.
Otaqda Azərbaycan bayrağı, yazıçılarımızın portretləri, Qarabağin milli qadın və kişi geyimləri, xalçalarımız, suvenirlərimiz də nümayiş etdirilir. Azərbaycan ocağı kompüter və televizorla da təmin edilib.
2022-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Termiz Dövlət Universitetində Xurşidbanu Natəvan adına Azərbaycan Ocağının açılışı olub.[20]
Azərbaycan Ocağında Xurşidbanu Natəvanın böyük portreti, şairənin həyat və yaradıcılığı haqqında məlumat lövhəsi, habelə Şuşa və Qarabağa aid banerlər, rəsm və fotolar yerləşdirilmişdir.
Ocaqda Azərbaycanın və Özbəkistanın dövlət bayraqları, ölkələrimizin siyasi xəritələri, Şuşanın simvolu Xarıbülbül, Qarabağın milli qadın və kişi geyimləri bəzəyir. Burada nümayiş etdirilən nəşrlər arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər var. Kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitabalr, Qarabağ münaqişəsinə dair çap məhsulları da yer alıb.
Ocaqda Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi nəşrlər, Mədəniyyət Nazirliyinin hədiyyə etdiyi kitab kolleksiyası, şair və yazıçılarımızın portretləri, milli suvenirlər nümayiş etdirilir.
2023-cü ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Xarəzm Vilayətinin Urgənc şəhərində Urgənc Dövlət Universitetində Azərbaycanın tanınmış ədəbi və ictimai xadimi Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışı olub.[21]
Urgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid kitablar, nəşrlər, disklər, dərs vəsaitləri, milli suvenirlər, guşələr, ölkə başçılarının görüşlərinə dair portretlər, xəritələr, Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin portretləri, dövlət atributları yerləşdirilib, habelə, lazımi avadanlıq, kitab şkafları və ofis mebeli ilə təchiz edilib.
Sözügedən Mərkəzə Azərbaycan Mədəniyyət Mərkəzinin də nəşrləri daxil olmaqla Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyətinə aid çap məhsullarından ibarət zəngin kitab kolleksiyası hədiyyə edilib.
Yeni yaradılmış Mərkəzdə Azərbaycana dair mini kitabxana, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, iki ölkə dostluğuna dair tədbirlər, mühazirə və seminarların keçirilməsi nəzərdə tutulub.
2023-cü ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın nüfuzlu ali təhsil ocaqlarından olan Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qurulmuş Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub. [22]
Universitetin Türkologiya fakültəsində təşkil olunmuş Azərbaycanşünaslıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü qoyulmuş, onun dövlətçiliyimiz, Ana dili - Azərbaycan dili ilə bağlı sitatları, Azərbaycan-Özbəkistan dostluğuna dair guşələr təşkil edilmiş, tariximiz, dövlətçiliyimiz, mədəniyyətimizə dair mini kitabxana yaradılmışdır.
2023-cü ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq muzeyində Azərbaycanın əl sənətinə aid daimi stendin açılışı olub.[23]
Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyində yaradılan Azərbaycan stendində Azərbaycan xalçası, kəlağayılar, tikmə sənətinə aid işlər, ağac üzərində oyma ilə hazırlanmış əl işləri sərgilənir.
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən stendə yaşı 130 il olan Azərbaycanın Qarabağ xalçası, xalqımıza məxsus ən qədim tikmə növü olan təkəlduz, ipəkdən hazırlanmış, qadın baş geyimi – kəlağayılar, ağac üzərində oyma ilə hazırlanmış - tarixi İçərişəhərin və Şuşa qalasının görüntülərini əks etdirən tablolar, Azərbaycan bayrağının əks olunduğu xəritəmiz, milli geyimdə kuklalar, milli naxışlarla bəzədilmiş və xalqımızın çay mədəniyyətini əks etdirən eksponatlar, xüsusi dizayn ilə misdən hazırlanmış qədim çırağın maketi və başqa eksponatlar hədiyyə olunub.
Bundan başqa, milli stendimizdə ulu öndər Heydər Əliyevin ağac üzərində rəsmi və imzası, Azərbaycan milli musiqi alətləri və rəqsləri, xalq oyunları-pəhləvanlıq sənəti, xalça toxuyan Azərbaycan qadını, muğam ifa edən üçlüyü əks etdirən ağac və plastikdən hazırlanmış xüsusi maketlər nümayiş etdirilir.
Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda özbək dilinə tərcümə olunmuş klassiklərimizin – Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və s. əsərləri də təqdim olunur.
Özbəkistandakı Heydır Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursu 2013-ci ilin may ayından fəaliyyət göstərir və bu fəaliyyət istiqaməti genişdir.[24]
Kursun təşkilində əsas məqsəd – xarici vətəndaşların və soydaşlarımızın Azərbaycan dilinə yiyələnməsinə şərait yaradılması və burada azərbaycan xalqının mədəniyyəti, dili, adət-ənənələrinin öyrədilməsi istiqamətində iş aparılır.
Dərslər interaktiv və praktik formada, şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir.
Rəqs kursu - Heydər Əliyev adına Mədəniyyət Azərbaycan Mərkəzində fəaliyyət göstərən ilk kursdur.[25]
Mərkəzdə kurslarda iştirak edən qabaqcıl uşaqlardan təşkil olunmuş “Azərbaycan” rəqs ansamblı təşkil edilmişdir.
“Azərbaycan” xoreoqrafik ansablı kiçik və böyük məktəbyaşlı uşaqlardan təşkil olunmuşdur. Bundan başqa, litsey və kollec tələbələri də burada iştirak edirlər. Kurslarda kiçik yaşlı uşaqlar xoreoqrafiyanın əsaslarını öyrənirlər. Bu qrupdan başlayaraq milli rəqslərin sadə, sonra isə daha mürəkkəb kompozisiyaları öyrədilir.
Kursun əsas məqsədi – Azərbaycan uşaqlarını orijinal milli mədəniyyətə cəlb etmək və Özbəkistanda Azərbaycan rəqslərini təbliğ etməkdir. Tədris proqramında əsas yer folklor rəqs ənənəsinə verilir və müasir xoreoqrafiya öyrədilir. Təlimin teoretik hissəsinə girişdə uşaqlar milli rəqslərin elementləri olan videoyazılara baxırlar.
Kurs iştirakçıları Azərbaycan Respublikasının ən yaxşı kolleltivlərinin çıxışlari, Azərbaycan bəstəkarlarının, muğənnilərinin və rəqqaslarının fəaliyyəti ilə tanış olurlar. Sonradan Azərbaycan Respublikası incəsənət ustalarının musiqi və mahnıları əsasında rəqslər qoyulur.
Ansamblın kollektivi müxtəlif respublika, şəhər və vilayətində təşkil olunan festivallarda və müsabiqələrdə fəal iştirak edirlər.
Ansambl üç dəfə “Özbəkistan – bizim evimiz“ və “Mexricon” festivallarının laureatları olmuşlar.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində rəsm sahəsi üzrə kurslar fəaliyyətə göstərir.[26]
30-dən çox uşaq və yeniyetmə kurslarda iştirak edir. Kurslarda boya üsulu ilə rəsmlərin çəkilməsi, Azərbaycan və Özbəkistana aid olan rəssamlıq sənəti və onun sirləri tədris olunur. Kursları Özbəkistanın Respublika İxtisaslaşmış İncəsənət Məktəbinin tələbəsi, azərbaycanlı rəssam Məmməd Əhmədov aparır. Kursların ilk günlərində mövzu Azərbaycan, onun zəngin mədəniyyəti, abidələri, görməli və maraqlı yerləri və Azərbaycan tarixi olmuşdur.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanası 2010-cu il 27 sentyabr tarixində sözügedən Mərkəzin açılışı zamanı fəaliyyətə başlamışdır.[27]
Kitabxana Mədəniyyət Mərkəzinin birinci mərtəbəsində yerləşir.
Mədəniyyət Mərkəzinin kitabxanası əsasən Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi, Özbəkistandan və Azərbaycandan verilən hədiyyə kitablar vasitəsi ilə komplektləşdirilir.
Kitabxananın fondunda 3 minə nüsxəyə yaxın azərbaycan, özbək, rus, ingilis dillərində kitablar, jurnallar mövcuddur.
Mərkəzin kitabxanası habelə müxtəlif tədbirlərin (dövlət tədbirləri, anım günləri, Azərbaycan mədəniyyətinin təbliği) keçirilməsi üçün banerlər, plakatlar, bukletlər və elektron nəşrlərlə təmin olunmuşdur. Hazırda Mərkəzin elektron nəşrlər (film, musiqi) fondu formalaşdırılmaqdadır.
Kitabxanamızda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş daimi sərgi təşkil edilmişdir.
“Kitabxanamızın Qızıl Fondu”nda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev haqqında, mədəniyyət, milli siyasət, habelə Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, musiqisi, mətbəxi, iqtisadiyyatı, islami dəyərlər və digər sahələrə dair kitablar, ensiklopediyalar və s. məlumat nəşrləri saxlanılır. Oxucular Mərkəzin kitabxanasında Azərbaycan Milli Ensiklopediyasının xüsusi nəşrindən də yararlana bilərlər.