| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Azərbaycan Respublikasının Hesablama Palatası — Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanı. Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı.
Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradılmış və 2001-ci il dekabrın 7-dən fəaliyyətə başlamışdır.
2013-cü il 22 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Tapdıq oğlu Gülməmmədovdur.
Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirir:
- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy vermək, onların büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət etmək;
- dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy vermək;
- dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayıb Milli Məclisə təqdim etmək;
- dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirmək;
- Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirmək;
- dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edib Milli Məclisə məlumat vermək;
- dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasını Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alıb təhlil etmək və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər vermək;
- dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq.
Hesablama Palatası sədrinin, sədr müavininin və auditorlarının səlahiyyət müddəti 7 ildir. Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunurlar və vəzifələrindən azad olunurlar.
Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri və Mərkəzi Bankının sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər.
Hesablama Palatasının sədri, onun müavini və Hesablama Palatasının auditorlarına qarşı cinayət işi yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər.
Hesablama Palatasına rəhbərlik etmiş şəxslər aşağıdakılardır:
- Namiq Nəsrullayev (2001-2007)
- Heydər Əsədov (2007-2013)
- Vüqar Gülməmmədov (2013-h/h)