Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası — Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı üçün 2011-ci ildə yaradılmış qurum.
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası ASMEİF | |
---|---|
Növü | İdman federasiyası |
Fəaliyyəti | Səmti müəyyənetmə |
Yaranma tarixi | 2011 |
Mərkəzi | Bakı |
Prezident | Mirəli Kazımov |
Rəsmi veb saytı |
Mənzil-qərargahı Bakı şəhərində yerləşən[1] idman federasiyası, 2012-ci ildən etibarən respublika üzrə keçirilən səmti müəyyənetmə çempionatlarının əsas təşkilatçısı, beynəlxalq yarışların isə Azərbaycan üzrə ilk və tək iştirakçısıdır.[2][3][4][5][6] Federasiyaya hazırda Mirəli Kazımov rəhbərlik edir.[7]
Əsası Finlandiyada qoyulan və 1977-ci ildən bəri Beynəlxalq Olimpiya Kommitəsi tərəfindən tanınan orienterinq, Azərbaycanda əsasən səmti müəyyənetmə adı ilə bilinir. Sözügedən idman növünün ölkədə inkişafı və geniş vüsət alması 1960-ci illərə təsadüf edir. Belə ki, 1963-cü ildə SSRİ-də keçirilən çempionatda azərbaycanlı atletlər də iştirak etmişdir.[8] Müstəqillik dönəmində ilk ölkə çempionatı 1995-ci ildə keçirimişdir. 2011-ci ildə isə Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı, o cümlədən bu idman sahəsinə dair fəaliyyətlərin yerli və beynəlxalq miqyasda koordinasiyası məqsədilə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası (ASMEİF) təsis olunmuşdur.[8]
Federasiya fəaliyyətə başladıqdan qısa müddət sonra, 2012-ci ilin oktyabrında Nabranda Azərbaycanda ilk dəfə səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku uğrunda yarış keçirdi. Yarış zamanı, Azərbaycan tarixində ilk dəfə olaraq, müasir kompüter sistemlərinin tətbiqi ilə hər iştirakçının distant elektron qeydiyyatı baş tutmuşdur.[2]
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası, Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasının təşkilatçılığı ilə 2013-cü ilin iyulunda Finlandiyada keçirilən səmti müəyyənetmə idman növü üzrə dünya çempionatında iştirakı ilə qlobal miqyasda intensiv fəaliyyətə başladı. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq, azərbaycanlı atletlər Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası tərəfindən dünya çempionatından iştirak üçün dəvət almış və milli yığma 4 idmançı, 1 məşqçidən ibarət heyətlə sözügedən tədbirdə iştirak etmişdir.[9]
2014-cü ildə, federasiya rəsmiləri Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası və İtaliya Səmti Müəyyənetmə Federasiyası tərəfindən fəal inkişafa istiqamətləndirilmiş seminar və praktik məşğələlərdə və ardınca da İsveçrədə məşqçilik, xəritəçilik və yarış təşkilatçılığı üzrə keçirilən tədris kurslarında iştirak etmişlər.[10] Həmin ilin aprelində Portuqaliyada Avropa Çempionatında, iyulunda isə İtaliyanın Lavarone şəhərində keçirilən səmti müəyyənetmə üzrə dünya çempionatında Azərbaycanı ASMEİF-in atletləri uğurla təmsil etmişlər.[11]
ASMEİF 2012-ci ildən etibarən, Azərbaycanda keçirilən səmti müəyyənetmə üzrə yarışların əsas təşkilatçısıdır. Çoxkateqoriyalı yarışlar əksərən Şabran rayonunun Qalaaltı və Xaçmaz Rayonunun şimal hissəndəki meşə zolaqlarında, zaman-zaman İçərişəhərdə və Binəqədi Rayonu ərazisində keçirilib.[3][4][5][6] 2016-cı ilin iyulunda isə məxsusi olaraq, azyaşlılar üçün Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində kiçik bir turnir təşkil edilmiş, həmçinin izahedici dərs və praktiki təlim də keçirilmişdir.[12]
2019-cu ildə, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışlarına start verilmiş və qeyd edilər yarışlarda nəticələrin qiymətləndirilməsində Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri də iştirak etmişdir.[13]
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası, 2013-cü ildən Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasının üzvüdür.[14] Bundan əlavə, 2019-cu ildə ASMEİF ilə Türkiyə Səmti Müəyyənetmə Federasiyası arasında təhsil, məşğələ, düşərgə və yarış kimi maddi-texniki məsələlərdə birgə fəaliyyət barədə müqavilə imzalanmışdır.[15]