Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi

Murad Gəray bəy Tlexas

Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsiAzərbaycan ordusunun topçu hissə və bölmələrinin formalaşdırılması və təlim-tərbiyəsinə, həmçinin atıcı və topşu ehtiyat əmlakının yaradılması, qorunması və qoşun hissələrinə çatdırılması işinə rəhbərlik edən hərbi qurum.[1]

Türk hərbi qüvvələri Azərbaycanda olarkən bu vəzifələr Qafqaz İslam Ordusunun müvafiq strukturları tərəfindən həyata keçirilirdi. Hərbi nazirlik bərpa edildikdən sonra 1918-ci il, noyabrın 15-də Azərbaycan ordusu ümumi qərərgahınınn tərkibində topçu şöbəsi yaradıldı və general-mayor Murad Gəray bəy Tlexas həmin şöbənin rəisi təyin olundu.[2]

Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac artırdı. Hərbi nazirin 1918-ci il, 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş Topçu idarəsi yaradıldı. Yeni qurum Ümumi Qərərgahın tərkibindən çıxarılaraq birbaşa hərbi nazirə tabe edildi. Baş Topşu İdarəsinin rəisi əlahiddə Azərbaycan Korpusunun tərkibinə daxil olmayan bütün topçu hissələrinin, müəssisələrinin rəisi idi. Korpusun topçu hissələri üçün isə o, müfəttiş funksiyasını yerinə yetirirdi. İdarə rəisi həmin hissələrdə təlim-tərbiyə işlərini nəzarət altında saxlamaqla, vaxtaşırı hərbi nazirə bu barədə məlumat verməli idi. Baş Topşu İdarəsi iki bölmədən ibarət idi:[1]

  • I bölmə texniki
  • II bölmə müfəttiş bölməsi

Bölmələrə rəisin texniki və müfəttiş bölmələri üzrə müavinləri rəhbərlik edirdilər. Texniki bölmə Azərbaycan ordusunun bütün nizami hissələrini topçu texnikası, sursat və lavazimatla təchiz edir, topçu əmlakının mühafizəsini həyata keçirirdi. Müfəttiş bölməsi isə topçu hissə və bölmələrinin döyüş hazırlığına cavabdeh idi. Baş Topçu idarəsinin tabeliyində iki topçu anbarı var idi. Mərkəzi anbar Ləki stansiyasında, digəri isə Kürdəmirdə yerləşirdi. 1919-cu il, dekabrın 1-dən general-mayor Murad Gəray bəy Tlexas Bakı İstehkamçılar hissəsinin rəisi vəzifəsini icra etdiyindən, onun yerinə I Topçu alayının komandiri general-mayor Məhəmməd Mirzə Qacar təyin olundu. 1920-ci ilin, martında ordunun təchizat və təminat strukturlarında Azərbaycan ordusunun topçu təchizatı idarəsi adı ilə ordunun təchizat rəisinin tabeliyinə verildi. General-mayor Məhəmməd Mirzə Qacar Azərbaycan ordusunun təchizat rəisi təyin edildiyindən polkovnik Əlibəyov topçu təchizatı idarəsinin rəisi təyin olundu.[2]

  1. 1 2 Azərbaycan tarixi 7 cilddə, 5 cild, Bakı, 2001
  2. 1 2 Manaf Süleymanov, Azərbaycan ordusu (1918–1920), Bakı, 1998