Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Hava Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış qoşun növü.[1]
Mudros barışığının (1918) şərtlərinə əsasən, 1918 ilin noyabrında Bakını zəbt etmiş ingilis qüvvələri Xəzər dənizindəki hərbi gəmiləri hidrotəyyarələrlə birlikdə öz nəzarətləri altına aldılar. Sonra isə Xəzərdəki Hərbi Dəniz Qüvvələri Denikinə təhvil verildi və bununla Azərbaycan mövcud olan az-çox aviasiya texnikasından da məhrum edildi.
Hərbi hava qüvvələrinin təşkilinin zəruriliyini nəzər alaraq, hərbi nazirlik bu işə ən əvvəl müvafiq kadrlar hazırlanmasından başladı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il yanvarın 22-də Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərova məktubla müraciət edərək, azərbaycanlıların Tiflisdəki Aviasiya məktəbinə göndərilməsinin mümkünlüyünü öyrənməsini xahiş etdi. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi (1919) bağlandıqdan sonra Azərbaycandan bir qrup əsgər və zabit Gürcüstana ezam olundu. Onlardan 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnməli idi. Kapitan Firidun Mirzə Qacar, praporşiklər Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, Həsənzadə və Qaraşarov həmin zabitlərdən idi.[1]
Milli ordunun hərbi-hava strukturunun formalaşdırılmasından əvvəl onun rəhbərliyi müəyyənləşdirildi. Hərbi nazirin 1919-cu il 19 avqust tarixli əmri ilə podporuçik Teymur xan Əfşar Aviasiya dəstəsinin rəis müavini təyin edildi. Dəstə birbaşa Baş ərkani-hərbə tabe idi. 1919-cu il sentyabrın 14-də Aviasiya dəstəsinin ştatı təsdiq olundu. Ştatda 5 zabit, 4 məmur, 54 nizami əsgər və 4 qeyri-nizami əsgər var idi.
Milli kadrlara olan ehtiyacın ödənilməsi üçün hərbi nazirlik 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbi açmağı qərara aldı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il noyabrın 27-də xarici işlər nazirliyinə məktub yazaraq, Aviasiya məktəbində tədrisin təşkili üçün İngiltərədən və İtaliyadan təcrübəli mütəxəssislərin dəvət olunması imkanlarının öyrənilməsini xahiş etdi. Lakin 1920-ci ilin əvvəlindən hərbi şəraitin mürəkkəbləş məsi və Aprel işğalı (1920) hərbi-hava qüvvələrinin möhkəmləndirilməsi sahəsindəki işləri yarımçıq qoydu.[1]