Azərbaycan–Gürcüstan hərbi müdafiə sazişi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı iki respublika arasında qarşılıqlı müdafiə haqqında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış sənəd.[1][2]
Sazişi Azərbaycan tərəfdən xaric işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərərgah rəisi general-leytenant Süleyman bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Yevgeni Gegeçkori, hərbi nazir Noy Ramişvili, hərbi nazirin müavini general-mayor Aleksandr Gedevanov və general İlya Odişelidze 3 il müddətinə imzalamışdılar. Müqavilənin şərtləri belə idi:[2]
- Saziş əqd edən hökumətlər borclu olurlar ki, iki tərəfdən birinin və ya ikisinin istiqlaliyyətini və ya tamamiyyətimülkiyyəsini [torpaq bütünlüyünü] təhdid edən hər cür hücum və təcavüz əleyhinə müttəhidən [birgə] bütün müsəlləh qüvvələri və hərbiyyə vəsaili [silahlı qüvvǝlǝri vǝ hərbi vasitələri] ilə çıxsınlar. Qeyd: Bu maddə, Zaqafqaziya cümhuriyyətləri arasanda təyin edilib qurtarmamış sərhəd məsələsi üzərində qalxa biləcək ixtilaflı sərhəd məsələlərinə şamil deyildir.
- Hərgah qonşu hökumətlərdən birisi birinci maddə mövcibincə [birinci maddǝyǝ ǝsasǝn] hərəkati-hərbiyyə açdığı zaman silah gücü ilə sərhəd mübahisəsini həll etmək qəsdi ilə bir və ya müttəfiq cümhuriyyət üzərinə hücum etsə, o zaman həmin hökumət müharib [savaşan] tərəf ədd [hesab] ediləcəkdir.
- Həmin saziş müdafiə xasiyyətini haizdir [xüsusiyyətini daşıyır]. Hərgah iki tərəfdən birisi öz təşəbbüsatı ilə qabaqcadan, saziş olmadan müharibə elan edib hərəkati-hərbiyyə başlarsa, digər tərəf bu müharibə hərəkatında iştirak etməyə borclu deyildir.
- Hər iki tərəf borclu olurlar ki, onların aralarında çıxa biləcək sərhəd mübahisəsini saziş və ya həkəm [arbitr] vasitəsilə həll etsinlər. Burada çıxarılan qərar hər iki tərəf üçün qəti və məcburi ədd edilməlidir.
- Həmin saziş üç ilin müddətinə əqd edilir. Bu müddət qurtarana bir il qalmış hər iki tərəfə vagüzar edilir [tapşırılır, öhdǝsinǝ qoyulur] ki, saziş müddətinin təzədən imtidad etdirilməsi [uzadılması] arzusunda olduğunu və ya sazişdən imtina etmək istədiyini izhar etməyə haqqı olsun. Sazişdən imtina edildiyi təqdirdə həmin saziş ancaq təyin edilən müddət qurtardıqdan sonra qüvvəsini itirmiş olur.
- Hər iki hökumətin haqqı və istiqlaliyyəti mühafizəsi yolunda hər iki tərəf siyasi müzakiratı müttəhidən aparmağa borclu olur.
- Birinci vǝ ikinci maddədə göstərilən şərait başlandığı zaman hər iki tərəf borcludur ki, təklikdə sülh əqd etməsin.
- Hər iki tərəf borcludur ki, müttəfiqinin razılığı olmadan başqa hökumətlərlə hərbi ittifaq əqd etməsin.
- Hərgah 5-ci maddədə göstərilən müddət qurtarana qədər heyəti daxilində olan bütün hökumətlərin tamamiyyətini və istiqlaliyyətini təmin edən Cəmiyyəti-Əqvam [Millətlər Cəmiyyəti] vücuda gəlsə, hər iki cümhuriyyət Cəmiyyəti Əqvama daxil olan zamandan həmin saziş öz qüvvəsini itirir.
- Zaqafqaziya cümhuriyyətlərindən üçüncüsü Ermənistana ixtiyar verilir ki, həmin saziş rəsmi surətdə elan edilən gündən iki həftə müddətinə qədər özünün bu sazişə yapışmaq [qoşulmaq] arzusunda olduğunu bildirsin.
- Həmin saziş imza edilən gündən iki həftənin müddətinə qədər təsdiq edilmiş nüsxələr Bakıda mübadilə ediləcəkdir.[3]
Sənədə əlavə olaraq, hərbi-texniki sazişin də imzalanması iki respublika arasında hərbi-texniki əməkdaşlığı genişləndirdi. Qonşu respublikadan mümkün olan hərbi texnikanın, vəsaitlərin, ərzağın alınması üçün hərbi nazirin əmri ilə xüsusi komissiya yaradıldı və ona rəhbərlik general-mayor Murad Gəray bəy Tlexasa həvalə olundu. Komissiyanın fəaliyyəti nəticəsində qısa müddətdə Gürcüstandan 12 ədəd dağ topu, dağ topları üçün 10 qutu partladıcı maddə, 3000 ədəd tüfəng, toplar və tüfənglər üçün xeyli sayda ehtiyat hissələr, 8 ədəd yüngül top, həmin toplar üçün 16 qutu partladıcı maddə, 4 min pud qənd, 12885 manat dəyərində dərman və tibb ləvazimatı, topoqrafiya əşyaları alınaraq Azərbaycana gətirildi. Qarşılıqlı əməkdaşlığın genişlənməsi ilə gürcüstanlı hərbi mütəxəsislər şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sistemlərinin yaradılmasına cəlb edildilər. Azərbaycan-Gürcüstan hərb müdafiə sazişinin yerinə yetirilməsini həmin sazişə əsasən yaradılmış hərbi şura təmin edirdi.[4]
Lakin bolşevik qoşunları Azərbaycanı işğal edərkən, Gürcüstan bolşeviklərlə separata danışığa gedərək, müqaviləylə öhtəsinə götürdüyü öhtəlikləri yerinə yetirmədi.[2]