Azərbaycan Xalq Cümhuriyyətinin Hacıqabul əməliyyatı — Qafqaz İslam Ordusu ilə Bakı Xalq Komissarları Soveti qoşunları arasında Hacıqabul ərazisində baş vermiş döyüş.[1]
Cəbhədəki məğlubiyyətlərdən sonra Sovet Rusiyasından göndərilən silah və sursatın həcmi artmışdı. İyulun 19-da Q.Petrovun dəstəsi Rusiyadan Bakıya gəldi və dərhal cəbhəyə göndərildi. Q.Petrov Bakı rayonunun hərbi komissarı təyin edildi. Q.Petrovun dəstəsi Sovet hakimiyyətinə sadiq olan kazaklar və matroslardan təşkil edilmişdi və cəbhədə sabitliyin yaradılmasında əsas rol oynamalı idi. İyulun 22-də Biçeraxov komandanlıqdan imtina etdi, vuruşan qoşunların komandanı erməni Avetisov təyin edildi. Biçeraxov cəbhədə qalaraq Bakının müdafiəsində iştirak edəcəyini bildirdi. Müxtəlif vasitələrlə ordunu döyüşkən vəziyyətə gətirməyə çalışan bolşeviklər iyulun 24 -də fəhlələrə və qırmızı qvardiyaçılara müraciət edərək onları "vəhşi Türkiyəyə", "nifrətamiz türk zülmünə" qarşı vuruşmağa çağırdılar. Həmin gün Q.Petrovun S.Şaumyan və Q.Korqanova göndərdiyi məktubu göstərdi ki, dəstə коmandirlərinin özləri vahimə içindədir və heç bir müraciət onları xilas etməyəcək. Əsasən də Petrov erməni komandirləri Amazasp, Vartanov və Əmirovun cəbhəni tərk etmək istəmələrindən gileylənirdi.[2]
Bakıdan QİO tərəfə qaçmağa nail olan azərbaycanlıların və kəşfiyyatın məlumatlarına əsaslanan Nuru paşa iyulun 24-də Mürsəl bəyə teleqram göndərərək əməliyyatm iyulun 26-na planlaşdırılmasını tələb etdi.
İyulun 26-da Cənub qrupu irəliləyərək 3 kəndi və Qarasu stansiyasını azad etdi. İyulun 27-də qrupun qərargahı bura köçürüldü. Qrup həmçinin Kür çayı boyunca mövqe tutmuş Əhməd Həmdi bəyin qüvvələri ilə əlaqə yaratdı. Cənub qrupu və Əhməd Həmdi bəyin dəstələri üzbəüz irəliləməyə başladıqda gözlənilmədən Hacıqabulda cəmləşmiş sovet qoşunları mühasirə təhlükəsi ilə üzləşdi. Hücumun qarşısını almaq üçün kifayət qədər qüvvələri olmayan sovet komandanlığı bundan ehtiyat edərək Hacıqabulu tərk etməyi əmr etdi. V.İ.Leninə göndərdiyi teleqramda S.Şaumyan göstərirdi ki, Q.Korqanov məcburiyyət qarşısında Hacıqabulu tərk etmək əmrini verdi, çünki Kür çayı istiqamətindən irəliləyən süvarilər az qala sovetləri mühasirəyə salacaqdırlar. Məktubda qeyd edilirdi ki, infrastruktur dağıdılıb, yollar və körpülər partladılıb. İrəliləyən Cənub qrupu Müsüslüdən Bakıya qədər 22 körpünün partladılmasını qeyd etmişdi. Hacıqabulun özündə stansiya tikililəri, neft, benzin, ağ neft çənləri partladılmış və ətraf ərazi viran qoyulmuşdu
Cənub qrupu qarşısında olan düşmən Pirsaat stansiyası ətrafında, Şimal qrupu qarşısında olan düşmən isə Cəngi ətrafında mövqe tutmuşdu. Cənub qrupunun irəliləməsi üçün ona istehkam bölüyü verildi və bölük körpüləri yararlı vəziyyətə gətirməyə başladı. Əks tərəfdə düşmən qüvvələrinin çox olması nəzərə alınaraq Cənub qrupundan bir tabor (38-ci alayın 2-ci taboru) və Gəncədə yerləşən bir tabor (38-ci alayın 3-cü taboru) Şimal qrupuna tabe edildi. İyulun 28-də verilmiş əmrə əsasən Cənub qrupu yayındırıcı döyüşlər apararkən Şimal qrupu hücuma keçməli və düşmənin Cəngi ətrafındakı mövqelərini tutmalı idi.[3]
İyulun 29-da türk-Azərbaycan hissələrinin hücumu davam etdirildi. Qruplar qarşılarında dayanan qüvvələri məğlub edərək geri çəkilməyə məcbur etdi. Cəngi və Pirsaat stansiyası azad edildi.
Cənub qrupu düşməni Heybət stansiyasınadək qovdu, burada sovetləri bir zirehli qatar dəstəkləyirdi. Vəziyyətin kəskinləşməsini, bolşeviklərin öz məğlubiyyətlərini onun üzərinə yıxmasını görən, şəhərin müdafiə olunacağına inamını itirən Lazar Biçeraxov öz dəstəsi və bir zirehli qatarla cəbhəni tərk edib Biləcəri stansiyası ilə dəniz arasında mövqe tutdu. Lazar Biçeraxovun özü ilə İrandan gətirdiyi qüvvələrdən cəmi300 nəfər sağ qalmışdı, onun dəstəsinin əksər yeni döyüşçüləri Bakı və ətrafların rus kəndlərindən toplananlar idi.
Beləliklə də, Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri Hacıqabul döyüşündə də daşnak-bolşevik qüvvələri məğlub edərək, Bakıya hücuma hazırlaşmağa başladılar.[3]