Azərbaycan Xalq Cümhuriyyətinin aksiz idarələri

Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyasıZaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi.

Bakı Aksiz İdarəsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi. 1918 il oktyabrın 21-də konyak, meyvədən araqçəkmə zavodlarında üzümdən, eləcə də digər meyvə və giləmeyvələrdən çəkilən spirtə görə aksiz təmiz spirtin hər vedrəsi üçün 50 manata, yüngül üzüm şərablarının hər vedrəsi üçün 10 manata və şampan şərabları üçün 20 manata çatdırılmışdı. 1919 il 6 mart tarixli qərarla həmin il yanvarın 1-dən etibarən içkilərdən və tütündən patent rüsumu 10 dəfə artırıldı

Bakı Quberniyasının Neft Rüsumları üzrə Aksiz İdarəsi

[redaktə | mənbəni redaktə et]

Bakı Quberniyasının Neft Rüsumları üzrə Aksiz İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə sistemini möhkəmləndirmək məqsədilə yaradılmışdır[1].1918-ci ilin oktyabrında fəaliyyətə başlamışdır. Vəzifəsi Bakı quberniyasında neft rüsumlanm toplamaqdan ibarət idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 20 yanvar tarixli qərarı ilə hər pud xam neftə 3, ağ neftə 5, benzin və sürtkü yağına 7 manat rüsum alınırdı. Hökumətin 1919-cu il 26 may tarixli sərəncamı ilə Neft Sənayeçiləri Şurası nəzdindəki büroya Batuma neft və neft məhsullarını güzəştli şərtlərlə göndərməyə icazə verilmişdi. Belə ki, Batuma ixrac olunan neft satılana qədər rüsumların alınması təxirə salınırdı[1].

Gəncə Aksiz İdarəsi

[redaktə | mənbəni redaktə et]

Gəncə quberniyasıZaqatala dairəsi üçün yaradılmış qurum. 1918 il oktyabrın 8-də təsis olunmuşdur. Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycan ərazisində mövcud olan və sonra ləğv edilmiş 3,5, 7-ci və qismən 4 və 6-cı aksiz dairələrini əvəz edən idarə məntəqələrə, məntəqələr isə rayonlara bölünmüşdü. Məntəqələrə nəzarət məntəqə müfəttişlərinə həvalə olunmuşdu

  1. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, "Lider Nəşriyyat", 2004, s. 226