Məmməd bəy Sulkeviç

Süleyman bəy Sulkeviç (belar. Мацей Аляксандравіч Сулькевіч, həmçinin Məmməd bəy Sulkeviç, rus. Мамед бек Сулькевич; 20 iyun 186515 iyul 1920, Bakı)[1] — polyak[2] əsilli Rusiya-Azərbaycan hərbi xadimi, general-leytenant (1915), krım-tatar dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Ərkani-hərb (Baş qərargah) rəisi. Mənşəcə Belarus-Litva tatarlarındandır.

Məmməd bəy Sulkeviç
belar. Мацей Аляксандравіч Сулькевіч
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyun 1865(1865-06-20)
Vəfat tarixi 15 iyul 1920(1920-07-15) (55 yaşında)
Vəfat yeri
Təhsili
  • Nikolayev Baş Qərargah Akademiyası[d]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü Azərbaycan Silahlı Qüvvələri, Rusiya İmperator Ordusu
Döyüşlər
Rütbəsi general-leytenant

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Nəsil gerb.

Süleyman bəy Sulkeviç Voronejdə Mixaylovski kadet korpusunu və Peterburqda Mixaylovski artilleriya məktəbini bitirmiş, poruçik rütbəsində ikən 1888-ci ıl oktyabrın 3-də Rusiyanın Baş Qərargah Akademiyasına daxil olmuşdu. Sonradan qərargah zabiti kimi Odessa hərbi dairəsində xidmətini davam etdirmişdir.

1899-cu ildə Sulkeviç həm podpolkovnik rütbəsi, həm də Müqəddəs Stanislav ordeninə layiq görülmüş, Odessa hərbi dairəsi qərargahının baş yavəri vəzifəsinə təyin olunmuşdu. 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak etmiş, xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Anna və 4-cü dərəcəli Müqəddəs Vladimir ordenləri ilə təltif edilmişdi.

1910-cu ildə general-mayor rütbəsinə layiq görülərək İrkutsk hərbi dairəsinin general-kvartirmeysteri vəzifəsinə irəli çəkilmişdi. 1912-ci ildə ona 7-ci ordu korpusunun qərargah rəisi vəzifəsi həvalə olunmuşdu. 1915-ci il aprelin 26-da Süleyman bəyə növbəti general-leytenant rütbəsi verilmişdi. Birinci dünya müharibəsi illərində yaradılmış ilk Müsəlman korpusunun komandiri olmuşdur.

Çar hakimiyyətinin devrilməsindən sonra, 1918-ci ildə Sulkeviç Krıma gəlir və 25 iyun 1918-ci ildə burada yaradılan Krım diyar hökumətinin sədri, daxili və hərbi işlər naziri seçilir. Alman qoşunlarının Krımdan çəkilməsindən sonra 1918-ci ilin 15 noyabrında hakimiyyəti Solomon Krıma təhvil verdi.

Məmməd bəy Sulkeviçin Varşava şəhərinin Praqa rayonunda ucaldılmış abidəsi.

1919-cu ilin martında Sulkeviç Azərbaycana gəlir. Həmin vaxtdan o, Azərbaycanda Məmməd bəy Sulkeviç kimi tanınmışdır. Sulkeviçin 19 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi təyin edilməsi ilə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması sürətləndirildi, onların döyüş hazırlığı xeyli təkmilləşdirildi. Onun rəhbərliyi ilə hissə və birləşmələrdə çavuş məktəbləri yaradıldı, döyüş hazırlığının proqram və cədvəlləri tərtib edildi, qoşun və agentura kəşfiyyatı işinin təşkilinə diqqət artırıldı. Bakıdakı ingilis qüvvələrinin komandanlığı ilə razılaşma əsasında ingilis toplarının öyrənilməsi üçün 50–80 nəfərlik qrupun yaradılamasına nail olundu. Həmin qrupda dərsləri ingilis zabitləri aparırdı.

Qoşun hissələrinin atəş hazırlığının yüksəldilməsi üçün Sulkeviç 1919-cu ilin mayında Gəncə, Xankəndi, Şəki, Zaqatala, Qusar və Bakı qarnizonlarının rəisləri qarşısında atəş meydanlarının təchiz olunması məsələsini qoydu. Atəş hazırlığı üçün metodik göstərişlər və rəhbər sənədlər hazırlandı. Hərbi məktəblərin zabit və yunkerlərinin geyim forması, ölkədə səfərbərlik planının hazırlanması istiqamətində görülən işlər də Sulkeviçin rəhbərliyi ilə həyata keçirilirdi. Denikin təhlükəsi güclənərkən Bakı müdafiə sisteminin, Bakının dənizdən və qurudan müdafiəsinin, Abşeronun, Şimal sərhədinin müdafiə sistemlərinin qurulması da Sulkeviçin gördüyü əhəmiyyətli işlərdəndir. Bakı limanındakı bəzi ticarət və nəqliyyat gəmilərinin hərbiləşdirilərək, şəhərin müdafiəsinə cəlb edilməsi ideyası da ona məxsus olmuşdur.

Səfərbərlik elan ediləcəyi təqdirdə dəmir yolu xətlərinin qorunması haqqında təlimat, ErmənistanınKönüllü ordunun Azərbaycana təcavüzünün geniş miqyas alacağı halda qoşun hissələrinin yerləşdirilməsi, müharibə başlanarsa, Gəncədə arxa cəbhə komandanlığının yaradılması planları və digər mühüm sənədlər Sulkeviç tərəfindən hazırlanmışdı.

1920-ci ilin yanvarında Sulkeviç Qarabağda vəziyyətin sabitləşdirilməsi və qoşun hissələrinin möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirərək, erməni-daşnak silahlı dəstələrinin ləğv edilməsi üçün azərbaycanlı hərbi pilotların Gürcüstan təyyarələrində döyüşə cəlb edilməsi barədə təkliflər irəli sürmüşdü. 1920-ci il fevralın 17-də öz xahişi ilə ordu sıralarından tərxis edilən Sulkeviç az sonra Nazirlər Şurasının qərarı ilə, Bakıdan keçərək, Rusiyaya gedən Könüllü ordu qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri təyin olunmuşdu. 1920-ci il Aprel işğalından sonra Sulkeviç bolşeviklər tərəfindən həbs olunaraq, ölüm cəzasına məhkum edilmiş və 15 iyul 1920-ci ildə Bayıl həbsxanasında güllələnmişdir.

Məhəmməd Əmin Rəsulzadə öz kitabında Süleyman bəy Sulkeviçin həyatının son dəqiqələri haqqında belə yazır[3]:

" ...Onunla birlikdə olan Mehmet Əli bəy deyirdi: "Generala çekistlərin arxasınca getməyi əmr etdilər. Biz başa düşdük ki, onun ölüm anı çatıb. Biz onun gözlərinə baxmağa cürət etmirdik, lazımi söz tapa bilmirdik. General Sulkeviç özü bizi qabaqladı və sakit, amma inamlı səslə, heç vaxt yaddan çıxarmayacağım sözləri dedi: "Xoşbəxtəm ki, müsəlman ordusunun əsgəri kimi ölürəm. Əlvida!" "

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]