Aziyadé - fransız yazıçı Pyer Lotinin 1879-cu ildə nəşr olunan yarı-avtobioqrafik romanı.
Aziyade | |
---|---|
fr. Aziyadé | |
Müəllif | Pyer Loti |
Orijinal dili | fransız dili |
Nəşr ili | 1879 |
27 yaşındakı bir ingilis zabitinin 1876-cı ildə Selanik və İstanbulda vəzifədə olduğu bir zamanda Aziyade adlı 18 yaşlı bir Çərkəz qızı ilə yaşadığı gizli eşq hekayəsidir. Roman qəhrəmanı zabitin, dostları Plum-kett və Vilyam Brouna, və Yorkşirdə Brightbury qəsəbəsində yaşayan (adı qeyd edilməyən) bacısına xatirələrini yazdığı məktublar şəklində qələmə alınmışdır.
Dövrün siyasi hadisələri, romantik İstanbul siması, gündəlik həyata aid çoxlu məsələləri özündə əks etdirən roman[1], yazıçının bir fransız dəniz zabiti kimi Osmanlı Dövlətində işlədiyi bir vaxtda tutduğu gündəliyinə isnad edir. Romanda təsvir olunan eşqin həqiqətən yaşanıb-yaşanmadığı və roman qəhrəmanı Aziyadenin xəyali bir xarakter olub-olmadığı hələ də müzakirə məsələsidir. Aziyade, yazıçının ilk romanıdır. Roman beş fəsildən ibarətdir: Salonique (Selanik); Solitude (Yalnızlıq); Eyoub à deux (İkimiz Əyyubda); Mané, Thécel, Pharès (Sayıldı, Ölçüldü, Bölündü); Azraël (Əzrail).
Əsər, 1909-cu ildə İstanbulda Musavver Eşref dərgisinin dörd nömrəsində, hər fəsil ayrılıqda çap edildi. Aziyade, türk dilinə ilk dəfə kitab şəklində 1923-cü ildə Xandan Lütfi tərəfindən tərcümə olundu və İstanbulda İqbal Kitabxanası tərəfindən Azadə adı altında yayımlandı. Mahmud Bəy Mətbəəsində çapa verilən kitab, köhnə əlifba ilə 230 səhifə idi. Romanı latın əlifbasıyla ilk türkcə tərcüməsi Nahid Sırrı Örik tərəfindən edildi və 1940-cı ildə İstanbulda Hilmi Kitabevi yayınları arasında yer aldı. Kitab 1967-ci ildə eyni tərcüməçinin imzasıyla yenidən nəşr olundu. Kitabın son tərcüməsi də 1997-cil ildə İlxan Arda tərəfindən edilib [2].