Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
Bədii dil — ədəbi əsərlərin (şeir, nəsr, dramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi.
Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir. Dilə yaradıcı münasibət təkcə bədii dildə deyil, başqa nitq növlərində də özünü göstərə bilər. Bununla belə, nitq yaradıcılığı, yalnız bədii dildə həlledici amilə çevrilir.
Nitq yaradıcılığında fikrin məntiq və dil qanunları baxımından uğurlu ifadəsinin, obrazlı ümumiləşdirmə ilə əlaqələndirilməsi və bunun obrazlı emosional təcəssümünün rolu mühümdür. Bütün bu amillərin qarşılıqlı əlaqəsi nəticəsində əsərdəki emosional funksiyalar estetik funksiyaya çevrilir. Estetik funksiya bu və ya digər dərəcədə başqa nitq üslublarına da məxsusdur. Lakin ümumxalq dilinin başqa nitq üslublarında dilin kommunikativ (əlaqə, ünsiyyət) və təfəkkür (düşüncə) funksiyası başlıca rol oynadığı halda, bədii nitqdə estetik qayə ön plana keçir. Söz sənətinin estetik keyfiyyəti ilk növbədə nitqin quruluşu ilə məzmunu arasında harmonik uyğunluq, nitqin obrazlı və emosional ifadə forması, sözlərin müxtəlif məna çalarları və sosial boyalarından bədii məqsədlərlə istifadə edilməsi, nitqin poetik və ritmik səslənməsi kimi amillərin qarşılıqlı əlaqəsindən yaranır. Bədii dilin estetik təsviri poetik əsərlərdə daha aydın surətdə nəzərə çarpır. Poetik əsərlərdə dil vasitələri şeirin bitkin sisteminə daxil olaraq, onun poetik intonasiya tərzinə uyğunlaşır, hər bir söz, ibarə ritmin tələbi ilə başqa söz və ifadələrlə assosiativ əlaqələrə girərək, yeni məna və üslub çalarları kəsb edir, daha aydın və ahəngdar səslənir. Məsələn:
Ovçuluğa meyil saldım,
Gecə-gündüz çöldə qaldım.
Dağ başından enib düzə,
Bir ox kimi süzə-süzə
Neçə ceyran nişan aldım,
Bir səs gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən!
(Səməd Vurğun. “Şair nə tez qocaldın sən!”)
Göründüyü kimi, burada hər bir sətir (misra) başqa nitq növlərində olmayan xüsusi bir melodik intonasiya ilə tələffüz edilir və belə intonasiya, həmçinin poetik ritm, obrazlı və emosional ifadə vasitələri sayəsində gerçəklikdə olduğundan daha gözəl və estetik şəkil alır.
Bütün xalqların tarixində bədii dil ədəbi dildən əvvəl meydana gəlmiş və onun formalaşmasında həlledici rol oynamışdır. Ədəbi dil yarandıqdan sonra isə şair və yazıçılar öz yaradıcılıqlarında ilk növbədə onun sabitləşmiş normalarına əsaslanmışlar. Ancaq yeni dövr ədəbiyyatı müxtəlif dövrlərin və ayrı-ayrı sosial təbəqələrə mənsub bədii surətlərin sosioloji xarakterini, fərdi xüsusiyyətlərini təcəssüm etdirərkən öz dilində nəinki başq nitq növlərindən, həmçinin ayrı-ayrı dialekt və şivələrdən, köhnəlmiş söz və ifadələrdən də yaradıcı surətdə istifadə edir. Məsələn, barbarizmlər, vulqarizmlər, dialektizmlər. Belə ki, bədii surətlərin fərdi xüsusiyyətləri xeyli dərəcədə onların nitqində öz əksini tapır. Bu cəhətdən surətlərin nitqi müəllif dilindən tamamilə fərqlənə bilər. Əsərin müəllif dili ilə verilən hissələri ədəbi dil normalarına əsaslandığı halda, surətlərin nitqi danışıq dilinin xüsusiyyətlərinə yaxın olur.