Bədii təxəyyül

Bədii təxəyyül – yaşanmış duyğu, hiss və qavrayışların, təsəvvür və təəssüratların xəyalda canlandırılması və yenidən yaşanması əsasında bədii obrazlar yaratmaq prosesi və onun nəticəsi. B.t. yaradıcılıq prosesinin bütün mərhələləri (gerçəkliyin qavranılması, mövzu və ideya, məzmun və forma, xarakter və obrazlar, əsər üzərində iş və s.) üçün səciyyəvidir. B.t. sənətkarın fərdi-psixoloji tipindən, estetik zövqündən, şəxsi və ictimai təcrübəsindən, dünyagörüşü və yaradıcılıq metodundan, bilik və intuisiyasından asılıdır. Belə ki, romantik sənətkarla realist sənətkarın B.t-ü bir-birindən fərqlənir: M.Ə. Sabir və C. Məmmədquluzadənin B.t.-ü H. Cavid və M.Hadi təxəyülündən seçilir.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 545. ISBN 978-9952-441-07-9.