Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Planlanan 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının Azərbaycana dair xüsusi cildi.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan | |
---|---|
| |
Müəllif | Kollektiv |
Janr | Ensiklopediya |
Orijinalın dili | Azərbaycanca |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2007 |
Seriya | Azərbaycan Milli Ensiklopediyası |
Nəşriyyat | Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi |
Səhifə | 884 |
Tiraj | 50 000 |
ISBN | ISBN 978-9952-441-01-7 |
Bu cild Azərbaycanın təbiətini, əhalisini, iqlisadiyyatını, tarixini, elmini, incəsənətini və digər mühüm aspektlərini səciyyələndirən nəşrdir. Cildin hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və dövlət xadimləri iştirak etmişlər.
“Azərbaycan” xüsusi cildi 2007-ci ildə xüsusi tərtibatla Almaniyanın "Sigloch" nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilib.
İlk nəşr funksionallıq və dizayn səviyyəsinə görə adi ensiklopediyadan fərqlənir. Bu nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı əks olunmuş, başqa ölkələrlə əlaqələrinə diqqət yetirilmiş, təbii və antropogen obyektlər ekoloji prinsip əsasında göstərilib. Ensiklopedik əsərdə Azərbaycan zəngin keçmişə malik, eyni zamanda möhtəşəm gələcəyini özü qurmağa qadir bir dövlət kimi təqdim olunur. Cəmiyyətin mənəvi-mədəni inkişaf tarixinin bir səhifəsi kimi, milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən elmi əsər rus dilinə tərcümə edilərək rusdilli oxuculara da çatdırılmışdır.
Azərbaycan Milli Ensiklopediyasının (AME) “Azərbaycan” (Azərbaycan və rus dillərində) xüsusi cildi (tirajı 25 min nüsxə olmaqla) kitabxana variantı nəşr edilmiş və təmənnasız olaraq respublikanın nazirlik, komitələrinin və digər təşkilatların kitabxanalarına, tədris müəssisələrinə paylanmışdır.
AME-nin abunə variantının “Azərbaycan” cildi 2007-ci ildə nəşr edilib.
Nəşrin orijinal maketi “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin kompüter mərkəzində hazırlanmışdır. Cilddə 155 məqalə, 591 şəkil, 17 sxem, 69 xəritə-sxem, 89 cədvəl, 55 xəritə verilmişdir. Müəlliflərin sayı 230, məsləhətçilərin sayı isə 68 nəfərdir. Fiziki-coğrafi xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində hazırlanmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, AME Elmi Mərkəzi arxivinin foto, illustrasiya və xəritələrindən istifadə olunmuşdur.
“Azərbaycan” xüsusi cildinin Azərbaycan və rus dillərindəki nüsxələri 2013-cü ildə Moskvada “Bolşaya Rossiyskaya Ensiklopediya” elmi nəşriyyatının keçirdiyi “Müasir ensiklopediyaşünaslıq: təkliflər və perspektivlər” elmi-praktik konfransına təqdim olunub.[1]