Bağçılıq — əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclardan qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir.
Azərbaycanda bağçılığın qədim tarixi vardır. Torpaq örtüyünün müxtəlifliyi, əlverişli iqlim şəraiti bu ərazidə tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olmuşdur. Azərbaycan ərazisində təbii halda bitən alma, armud, heyva, əzgil, qaragilə, yemişan, zoğal, alça, gavalı, göyəm, gilas, gilənar (albalı), nar, əncir, qoz, fındıq, şabalıd, püstə, badam, üzüm, iydə, innab, tut, moruq, böyürtkən, çiyələk və başqa cır meyvə və giləmeyvə bitkilərinə rast gəlirik. Maraqlıdır ki, Azərbaycan meşələrinin qədimlərdən başlamış müasir dövrə qədər özünün bol cır meyvəsi olmuş və bu meyvələrdən əhali geniş istifadə etmişdir.
Zaman keçdikcə yabanı meyvələrdən mədəni meyvə yetişdirməyə başlamışlar. Azərbaycanda yabanı meyvələrin, mədəni hala keçirilməsi üçün hər cür şərait olmuşdur. Ona görə də "Cənubi Qafqaz dünyada bir sıra bitkilər, xüsusilə meyvələrin (üzüm, alma, armud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşməsinin vətənidir".
Azərbaycanın Böyük Qafqaz dağları ətəklərində bağçıhq əsrlər boyu daha geniş şəkildə inkişaf etmiş, bütöv bir ərazini bürümüşdür.
Bağçılıqda ən mühüm dövr payız fəslidir. Bu zaman (oktyabr, noyabr və dekabr aylarında) torpaq şumlanıb peyin qatılır, ağacların qol-budağı kəsilib formaya salınır, qurumuş ağaclar isə yeniləri ilə əvəz edilir. Təzə bağlar salınır və ziyanvericilərə qarşı mübarizə tədbirləri görülür.
Nizami Gəncəvinin əsərlərində nar, badam, püstə, xurma, əncir, portağal və bir sıra meyvə növlərinin tərifı orta əsrlərdə Azərbaycanda meyvəçiliyin geniş intişar tapdığını və meyvə məhsullarının əhalinin məişətində xüsusi yer tutduğunu deməyə əsas verir.
Elə ki, yetirir bağçalar barı.
Kəndlilər unudar onda talvarı.
Meyvələr çoxalır, bağlar varlanır,
Belə bir bolluqdan yer vüqarlanır.
Sevincdən nəşəylə püstə gülərkən,
Gizli busə istər xurma püstədən.
Ləl ilə bəzənmiş bir tac kimi nar,
Uzaqdan çıraq tək alışıb yanar.
Göz vurub qızarmış alma edər naz,
Boynunu uzadar turunc işvəbaz.
Tənəklər şərabdan nəşələnərək,
Tutmuş meyvələri sərxoş gözəl tək.
Bağda budaqlarda o qədər nar var,
Sanki gözəllərdi məmələri nar.
Əncir yeyən quşlar oğru tək pünhan,
Asılar ağacın budaqlarından.
Badam sevən torpaq yağ almaq üçün
Soyur qabığını badamın bütün.
Şirin, al dodaqlı innab hər səhər
Ağılsız fındıqdan alar busələr.
Ağaclar şənliklə qaldıraraq bağ,
İnnabdan, fırıdıqdan verərlər şabaş.
Qarapapaq üzüm sərxoşluğundan,
Dolar barmağına saçını pünhan.
Qabaq sazlamışdır şadlıqçün rudu,
Heyva boğazından tutmuş armudu.