Bağlayıcılar

Bağlayıcı — sözləri, cümlələri, mətinləri, abzasları bir-birinə bağlayan, onlar arasında qramatik əlaqə yaradan köməkçi nitq hissəsi. Bağlayıcılar sintaktik funksiyasına görə 2 yerə bölünür: Tabelilik bağlayıcısı və tabesizlik bağlayıcısı. Tabesizlik bağlayıcıları həmcins üzvləri və mürəkkəb tabesiz cümlələrin tərkib hissələrini bir-birinə bağlayır, tabelilik bağlayıcılar isə yalnız tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birinə bağlayır.

Tabesizlik bağlayıcıları

[redaktə | mənbəni redaktə et]

Tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və həmcins sözləri bir-birinə bağlayır.

Mənaca növləri

  1. Birləşdirmə bağlayıcıları: və, ilə,(-la²). Və, ilə bağlayıcıları vergüllə işlədilmir. Və həm tabesiz cümləni, həm də həmcins sözləridə bir-birinə bağlayır. Məsələn: O gəldi və yemək hazırladı.(tabesiz cümlə). O qələm və dəftər aldı.(həmcins sözləri bağladı), lakin ilə isə yalnız həmcins sözləri bir-birinə bağlayır. Məsələn:O qələm ilə dəftər aldı. Həsən və Akif kəndə gedəcəklər. Onun getməyi ilə qayıtmağı bir oldu. Vergül işlənmir
  2. Qarşılaşdırma bağlayıcıları: amma ancaq, lakin halbuki isə, fəqət. Mən danışırdım, o isə qulaq asmırdı. Məlik bunu bildi, amma özünü bilməməzliyə vurdu.
  3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, və yaxud, yaxud da, gah, gah da, gah da ki, istər, istərsə də. Gah danışır, gah gülür. İstər bəstəkar ol, istər rəssam ol.
  4. İştirak bağlayıcıları:həm, həm də, həm də ki, o cümlədən, o sıradan, nəinki, hətta, habelə, həmçinin, -da², eləcə. Meşələrdə ağcaqayın ağacları da əkmişdilər. Hamı, hətta Cahan xala da məclisə gəlmişdi.
  5. İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Nə yardan doyur, nə əldən qoyur. İnkar bağlayıcıları feilləri bir-birinə bağlayanda -ma² inkar şəkilçisini, başqa nitq hissələrini bağlayarkən deyil, yox sözlərini əvəz edir. İnkarlıq bağlayıcılarının işləndiyi cümlədə xəbər, əsasən, təsdiqdə olur.
  6. Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn. Bunların bizə, yəni Alim oğullarına heç bir aidiyyəti yoxdur. Burada xeyli ziyalı, məsələn: H. Zərdabi, M. F. Axundzadə, N. Vəzirov cəmlənmişdi.

Tabelilik bağlayıcıları

[redaktə | mənbəni redaktə et]

Tabelilik bağlayıcıları isə tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir.

  1. Aydınlaşdırma bağlayıcıları: ki, belə ki və s. Məs.: Evə gəlib çatmışdıq ki, işıqlar söndü. Hamı narazı idi belə ki, müdirlə dil tapa bilmirdilər.
  2. Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki və s. Məs.: Oxumadım, çünki vaxtım yox idi. Ondan ötrü getdim ki, bunları gözləmirdim.
  3. Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki və s. Məs.: Hərçənd dünyanı qadınlar idarə edirlər, lakin tarixçilər ancaq kişilərin adını bilirlər (H. Heyne).
  4. Şərt bağlayıcıları: əgər, hərgah, madam ki, indi ki, yoxsa, bir halda ki və s. Məs.: Əgər sinəmizlə cəbhə yarmasaq… Madam ki gəlmir, demək bizi saymır. Tez getməliyik, yoxsa gecikərik.
  5. Müqayisə bağlayıcıları: guya, sanki və s. Məs.: Elə həvəslə danışırdı ki, guya bunları heç kəs bilmirdi. Səs-səmir gəlmirdi, sanki bütün kənd yatmışdı.

İlə köməkçi nitq hissəsi

[redaktə | mənbəni redaktə et]

İlə sözü həm qoşma, həm də bağlayıcı kimi işlənə bilər. Onları bir-birindən fərqləndirmək üçün bunları bilmək lazımdır.

  1. İlə köməkçi sözü bağlayıcı kimi işləndikdə onu "vergül işarəsi" ilə, yaxud "və" bağlayıcısı ilə əvəz etmək olur; Məs.: Akif ilə Malik qonşudur — Akif, Malik qonşudur — Akif və Malik qonşudur.
  2. İlə köməkçi sözü qoşma kimi işlənərkən, qoşulduğu sözlərlə birlikdə bir suala cavab verir və bir cümlə üzvü olur; Məs.: Akif ilə (kim ilə?) gedirəm, amma ilə köməkçi sözü bağlayıcı kimi işləndikdə bu xüsusiyyətə malik olmur.

Bağlayıcıların quruluşu

[redaktə | mənbəni redaktə et]

Bağlayıcılar quruluşca sadə və mürəkkəb olur.

  1. Sadə bağlayıcılar bir tərkib hissədən ibarət olur: amma, yəni, məsələn, ilə, əgər, hərçənd, məgər və s.
  2. Mürəkkəb bağlayıcılar iki və ya üç müxtəlif nitq hissəsinə aid sözlərdən yaranır və bitişik yazılır: hərgah, halbuki, habelə, nəinki. Bəzən tərkibi bağlayıcılar da fərqləndirilir. Bu bağlayıcılar ayrı yazılan tərkib hissələrindən ibarət olur: yəni ki, belə ki, həm də və s.

Bağlayıcılarda vergülün işlənməsi qaydaları

[redaktə | mənbəni redaktə et]
  1. Və, ilə bağlayıcıları vergüllə işlədilmir.
  2. Amma, ancaq, lakin, hətta, fəqət, halbuki, ona görə ki, ondan ötrü ki, həmçinin, habelə, o cümlədən, məsələn, yəni və s. bu kimi tək işlənən bağlayıcılarından əvvəl vergül qoyulur. Məs.: Mən istəyirdim, amma onlar razı qalmadılar. Mən gələnləri, yəni təzə tələbələri tanımırdım. Məhəmməd demədi, ona görə ki buna ehtiyac duymadı.
  3. Ki, belə ki bağlayıcılarından sonra vergül qoyulur. Məs.: Evə çatdırdım ki, Akif məni səslədi. O da bizə aydındır ki, əhali bunu bilməli idi.
  4. Təkrarlanan -da² bağlayıcısından sonra (sonuncusundan başqa) vergül qoyulur, lakin -da² bağlayıcısı tək işləndikdə ondan əvvəl və sonra vergül qoyulmur. Lalə də, Gülnar da dərsə gəlmədi.
  5. Gah, həm, nə, ya, istər bağlayıcılarında birincidən başqa, qalanlarından əvvəl vergül qoyulur. Məs.: Gah yağış yağırdı, gah külək əsirdi. Nə yardan doyur, nə əldən qoyur.

[[Kateqoriya:Dilçilik qaralamaları|Bağlayıcı]]