Başqırdıstan teatrı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında olan sənət növlərindən biri.
Başqırdıstan ərazisindəki ilk teatr binası 1861-ci ildə Ufada, şəhər əhalisinin ianəsi hesabına tikilmişdir[1].
1885-ci ildə "Artistlərin və teatr sənətini sevənlərin Ufa yoldaşlıq cəmiyyəti" təsis edilmişdir[1].
İlk peşəkar teatr 1919-cu ildə Sterlitamakda 1-ci Başqırdıstan Dövlət Teatrı[2] kimi yaradılmışdır. Teatrın truppasına aktyor, rejissor, dramaturq və teatr xadimi V. Q. Murtazin-İmanski rəhbərlik edirdi. 1922-ci ildə həmin teatr Ufa şəhərinə köçürülmüş və Başqırdıstan Dram Teatrı adlandırılmış; 1971-ci ildən isə başqırd mütəfəkkiri Məjit Qafurinin adını daşıyır[1].
Başqırdıstanda teatrın inkişafında ilk başqırd rejissor və aktyorları R. Sırtlanov, B. Yusupova, Q. Uşanov, Q. Minqajev, Q. Karamışev, M. Maqadeyev, A. Zubairov və başqalarının böyük rolu olmuşdur[1].
1919-cu ildə Ufada Başqırdıstan Rus Dram Teatrı, 1932-ci ildə Kukla Teatrı, 1989-cu ildə Milli Gənclər Teatrı, 1991-ci ildə "Nur" tatar teatrı, 1938-ci ildə F. Qaskarov adına Dövlət Xalq Rəqs Ansamblı, 1992-ci ildə "Miras" xalq rəqs ansamblı; 1931-ci ildə Sibayda A. Mübarəkov adına Başqırdıstan Dram Teatrı, 1993-cü ildə "Sulpan" uşaq dram teatrı; 1946-cı ildə Sterlitamakda Rus Dram Teatrı, 1990-cı ildə Başqırdıstan Dram Teatrı, 1991-ci ildə Rəqs teatrı; 1933-cü ildə Salavat şəhərində dram teatrı, 1990-cı ildə Tuymazıda tatar dram teatrı fəaliyyət göstərir[1].
Sterlitamakda, Salavatda "Teatr baharı" festivalı, Ufada türkdilli teatrların beynəlxalq "Tuqanlıq" festivalı, həmçinin 1991-ci ildən F. Qaskarovun xatirəsinə rəqs kollektivlərinin, 1993-cü ildən R. Nureyevin xatirəsinə balet sənətinin respublika festivalları, baletmeysterlərin və xalq rəqs ansambllarının respublika baxış-müsabiqəsi keçirilir[1].