Başqırd işləri üzrə komissiya — 1735-1740-cı illərdə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Rusiyada formalaşdırılmış dövlət qurumu.[1]
1735-ci ildə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Başqırd işləri üzrə komissiya yaradılır. Qraf, rus diplomatı, general-mayor A.İ.Rumyantsev komissiyanın başçısı təyin edilir və abeçiliyinə üç ordu hissəsi, 500 rus kazakı və 3000 kalmık muzdlusu verilir. Cəza dəstələrinin ümumi sayı 20 000 nəfərə çatır.[2]
Komissiyaya sonradan 1736-1737-ci illərdə M.Xruşov, 1737-1742-ci illərdə isə L.Soymonov rəhbərlik edib.[3] Komissiyanın baş qərargahı isə Menzelinsk şəhərində yerləşirdi. Mərkəzi Ufada yerləşən Orenburq komissiyası[4] ilə Başqırd komissiyası fövqəladə hadisələrdə koalisyon hökumət rolunu oynamalı idilər. Bundan başqa komissiya inzibati, diplomatik, hərbi və maliyyə-siyasi funksiyaları da yerinə yetirməli idi. 11 fevral 1736-cı ildə verilmiş qərara əsasən bölgənin rus əhalisinin siyahıyaalınması baş tutub. Həmçinin başqırd əhalisini də siyahıyaalmağa cəhd göstərirdilər.14 iyul 1737-ci ildə Başqırd komissiyası ilə Orenburq ekspedisiyasının ortaq iclasında Başqırdıstanın idarəetməsi ilə bağlı islahatların keçirilməsi qərarı verildi. İslahlatlara əhali tərəfindən seçilən başqırd ağsaqqalların Ufa hökuməti tərəfindən təyin edilənlərlə əvəz olunması və yığınların (başqırdların xalq məclisi) qadağası aid idi. Bundan başqa dəmirçiliklə məşğul olmaq və silah hazırlamaq da qadağan edilirdi. Bölgədə yaşayan və başqırd olmayan əhaliyə, yerli sakin olan başqırdlara odlu və ya digər silahların da satılması qadağan edilir. Başqırdıstanda ödənişlər və məhkəmələr artıq yalnız Ufada yox, Menzelinsk, Krasnoufimsk, Osa və Çebarkulsk qalalarında da keçirilirdi. 1737-ci ildə Orenburq ekspedisiyasını təchiz etmək və çörəklə təmin etmək üçün Zaural bölgəsində İsetsk əyaləti yaradıldı. Üsyanı yatırdıqdan sonra Başqırd komissiyası üsyançı başqırdların kütləvi edamının təşkili ilə məşğul olur. 1742-ci ildə Çar adminsitrasiyası Başqırd komissiyasının fəaliyyətinin dayandırılması və onun funksiyalarının Orenburq komissiyasına verilməsi haqqında qərar qəbul edir.[1]
1735-ci il yanvarın 19-da Aleksey İvanoviç Tevkelevin rəhbərlik etdiyi rus cəza dəstəsi Höyəntöz kəndini mühasirəyə alır. Kənd sakinlərinin bir neçəsinə Tevkelev işgəncə verir. Kişilərin, qadınların və uşaqların bir-birinin gözü qarşısında işgəncələri 5 gün davam edir. Yanvarın 24-də rus cəza dəstəsinə Tevkelev kəndləri yer üzündən silmək əmri verir. Soyqırımın iştirakçısı olan rus alimi, coğrafiyaçı və tarixçi P.İ.Rıçkov yazırdı: “min nəfərədək kənd əhalisi arvad və uşaqları ilə birgə güllələndi, draqunların süngülərinə keçirildi, bizə sadiq olan başqırd və meşarlar tərəfindən nizə ilə öldürüldü. Yüz beş nəfəri anbara salıb yandırdıq… Beləliklə, sakinləri, arvadları və balaca uşaqları ilə birgə, bir gecənin içində Seyantus kəndi alov və silahla məhv edildi, onların bütün evləri külə döndü…”[2]
Daha sonra Tevkelevin və polkovnik Martınovun cəza dəstələri Balıqçı, Onlar, Kır-Tanıp mahallarının (hal-hazırda Başqırdıstanın Aski, Baltaçı və Qaraidel rayonları) daha 51 kəndi yandıraraq 2000 nəfər dinc əhalini məhv etdilər. Ümumilikdə, İ.Kirilovun, mayor B.Ostankovun və A.Rumyantsevin cəza dəstələri tərəfindən 1735-1736-cı illərdə 500 kənd yandırılmış və 3000 nəfər öldürlümüşdü. İ.Kirilov şəxsən Peterburqa fəxrlə yazırdı ki, “müsəlmanların əsas yığıncağ yeri olan Qazi məscidini yandırmaq barədə əmr verdim”. 1737-ci ildə general L.Soymonovun rəhbərliyi altında 30 iri kənd məhv edilmiş, 900 başqırd öldürülmüşdü. Onun cəza dəstəsi 1740-cı ilin iyun-avqustunda 725 başqırd kəndini yer üzündən sildi.[2]
P.Rıçkovun hesabatına görə, knyaz V.A.Urusov 1740-cı ilin payızında ələ keçmiş əsirlərə divan tutmağa başladı: “Qarasaqqalın 7 nəfər hərbi başçısını qabırğasından qarmaqla, 85 üsyançını boğazından iplə asdı, 21 nəfərin başı kəsilərək görk olsun deyə Orenburq yolu üstə nizələrə taxıldı. Orenburqa göndərilmiş yaralı Allahəzizqul Kutluq yolda aclıq elan etdi və su da içmirdi, ona görə də öldü, onun meyitindən başı kəsildi və Orenburqun mərkəzində nizəyə keçirilib görkə qoyuldu. Sentyabrın 17-də isə, Sakmarskda başqırd üsyançılarının 120 nəfərinin başı kəsildi, 50 nəfəri asıldı, 300-ə qədərinin qulaq və burunları kəsilərək sürgün edildilər”.[2]
Ümumilikdə 1738-1739-cu illərdə knyaz V.A.Urusovun dövründə 10880 nəfər edam olunmuş 6705 nəfər qadın və uşaq rus mülkədarlara qul kimi paylanmış 1584 nəfər isə sürgün edilmişdir. Onun dövründə əməliyyatlar zamanı öldürülmüş insanların sayı haqqında, talanmış və yandırılmış kəndlərin sayı haqqında isə rəsmi heç bir məlumat yoxdur.[5]
ABŞ tarixçisi Alton Stüart Donnelliyə görə, 1735-1740-ci illərdə rusların apardığı planlı qırğınlar nəticəsində başqırdların hər 4 nəfərindən biri məhv edilib. Bu saya təkcə soyqırım və döyüşlərdə, əsirlikdə öldürülmüşlər daxil deyil, həmçinin, ruslar tərəfindən əsir götürülmüş və Rusiyanın içərilərində rus mülkədarlara qul kimi paylanmış minlərlə başqırd qadın və uşaqlar, sürgünə göndərilmiş 60 000 nəfər də daxildirlər. Rus soyqırımından qazax çöllərinə qaçmış başqırd el və kəndlərinin əhalisinin sayı isə, naməlumdur.[2]